Vəkilləri Rasim Quliyevə növbəti dəfə bəraət istədilər

Vəkilləri Rasim Quliyevə növbəti dəfə bəraət istədilər

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən təqsirləndirilən şəxs Rasim Quliyevin vəkilləri Rəsul Yusifbəyli və Fuad Quliyev çıxış etdilər.

F.Quliyev bildirib ki, hüquqlarını müdafiə etdiyim şəxsin barəsində qaldırılan ittiham əsassızdır: "Məhkəmə istintaqı dövründə heç bir maddi və digər ziyanların olması barədə sənədlər olmadığından və şahidlər də ittihamı təsdiq etmədiklərinə görə, ittiham öz qüvvəsini itirilmiş hesab edilməlidir. "FF-2011" MTK-ya tikintinin başlanması haqqında verilmiş bütün sənədləşmələr 2012-2017-ci ilə qədər olduğundan və R.Quliyevin imzaladığı məlum sərəncama qədər və sonra söküntü, tikinti davam etdiyindən bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Mən də həmkarlarımın çıxışlarına əlavə olaraq bildirirəm ki, Rasim Quliyevə bəraət hökmü verilməlidir".

R.Yusifbəyli isə bildirib: "Əsas şahidlər ittihamla bağlı heç bir təsdiqedici ifadələr vermədiklərindən və adıçəkilən söküntü və tikinti Rasim Quliyevin imzaladığı sənədə qədər bütün instansiyalardan keçdiyindən qaldırılan ittiham əsassızdır.".

Vəkil Ədalət Mövlayev isə replika hüququndan istifadə edərək qeyd edib: "H.Abutalıbovun Rasim Quliyevə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin müvəqqəti həvalə olunması barədə verdiyi sərəncam "Yerli icra hakimiyyətləri haqqında" əsasnamənin 2.5 bəndinə zidd olduğuna görə, kobud qanun pozuntusu hesab edilməlidir və məhkəmədə sənədlərin sübutu siyahısından çıxarılmalıdır. Ona səlahiyyətlər düzgün ötürülməyib və səlahiyyəti olmayan şəxsə bu maddələrlə ittiham vermək hüquqaziddir ".

Vəkillər R.Quliyevə bəraət və məhkəmə zalından dərhal azadlığa buraxılmasını istəyiblər.

Daha sonra məhkəmə təqsirləndirilən şəxsə son söz verib. R.Quliyev son sözə hazır olmadığını deyib və məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Buna baxmayaraq R.Quliyev istintaqın ilk günündə olduğu kimi indi də ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etməyib, günahsız olduğunu bildirib.

Məhkəmənin növbəti iclası dekabrın 23-də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə