Ankarada “Zəfər media” mükafatının təqdimetmə mərasimi keçirilib - FOTOLAR

Türkiyənin paytaxtı Ankara şəhərində İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təsis etdiyi “Zəfər” media mükafatının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, İSBAM və AnkaDer (Anka-Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi) tərəfindən birgə təşkil olunan təqdimetmə mərasimi bir dəqiqəlik sükut, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra İSBAM-ın rəhbəri, politoloq Samir Adıgözəlli və Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Aygün Qocayeva çıxış ediblər.

Çıxışlarda Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən danışılıb. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi prosesinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı parlaq qələbənin real nəticələrinin dünya birliyinə düzgün çatdırılmasında medianın rolu əvəzsiz olub. Azərbaycanın haqq işini müdafiə edən KİV nümayəndələrinin “Zəfər” media mükafatı ilə təltif edilməsi onların haqq işinə verilən yüksək dəyərdir.

Qeyd edək ki, İSBAM “Zəfər media” mükafatının təqdimetmə mərasimini bundan əvvəl cari ilin mart ayında İstanbul şəhərində keçirib. Həmin tədbir “Azərçay” və “Sirab” şirkətlərinin dəstəyi ilə reallaşıb.

Mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC-ın Türkiyə bürosu da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə