İnsanlar niyə sosial mediadan asılıdır? - MARAQLI FAKTLAR - MEDİA EKSPERTİ AÇIQLADI

İnsanlar niyə sosial mediadan asılıdır? - MARAQLI FAKTLAR - MEDİA EKSPERTİ AÇIQLADI

“Sosial media günümüzün reallığıdır. Artıq ondan qurtuluş yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.
Onun sözlərinə görə, üstəlik də təəssüflə qeyd etməliyik ki, bu, insanlar arasında aslılığa çevrilib: “Əslində isə bu asılılıq da təsadüfi deyil. Çünki insanlar bir qayda olaraq informasiya, əyləncə axtarırlar. Xüsusilə boş vaxtı bol olanlar başlarını qatmaq üçün nəyəsə ehtiyac duyurlar. Nəticə olaraq isə özlərini təbii ki, sosial medianın içində tapırlar. Sosial media olmadıqda isə əksəriyyət həmin boş vaxtı dəyərləndirib məsəl üçün roman oxuyardı, cürbəcür ədəbiyyatla maraqlanardı. Amma indi sosial media var deyə, o ədəbiyyat, o romanlar və s. arxa plana keçib. İnsanlar daha tez informasiya əldə etmək, bir-birləri ilə tez bir zamanda əlaqə yaratmaq və fikir mübadiləsi aparmağa çalışırlar. Bunun üçün də yenə də müraciət etdikləri ilk yer sosial media olur. Düzdür müsbət tərəfləri də var. Məsələn, operativ şəkildə informasiya əldə etmək olur, eyni zamanda əylənmək olur. Mənfi tərəfi isə odur ki, buradan istənilən insanlar istifadə edə bilir. Təbii olaraq hər kəs də sosial mediadan düzgün məqsədlər üçün istifadə etmir. Kimin ürəyi hansı formada, necə istəyirsə fikirlərini də o formada bildirir. Bu isə bəzən qeyri-etik ifadələrlə rastlaşmağımıza səbəb olur. Ona görə də sosial mediadan peşəkar istifadəyə üstünlük vermək lazımdır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, təsadüfi, yanıltıcı paylaşımlar edən insanlarla isə dostluq dayandırılmalıdır: “Bu cür insanlardan uzaq durmaq və bizdən istifadə etməklərinin qarşısını almağa çalışmalıyıq. Bu bir çıxış yoludur. “Amma ümumilikdə qurtuluş varmı?” Bu çox çətin sualdır. Hər halda düşünürəm ki, insanlarımız sosial medianın o qədər də ciddi bir vasitə olmadığını ağıllarında saxlamalıdırlar”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə