İnsanlar saat alarkən keyfiyyətə yoxsa madiyyata üstünlük verməlidir? - FOTOREPORTAJ
Qədim dövlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur. İlk Günəş saatını düzəltmək qədim misirlilərin ağlına gəlib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər.
Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Zaman keçdikcə, illər əsrlər dövr etdikcə saat da inkişaf yolu keçmişdir. Bugünkü günümüzdə isə qol saatları insanların həyatında xüsusi bir önəm kəsb edir. Qol saatları da öz növbəsində təkamül edir. Əvvəl yalnız mexaniki qol saatlarından istifadə edirdilərsə, indi isə elektron qol saatları daha çox diqqət çəkir.

Bu mövzuda daha ətraflı məlumat əldə etmək üçün həm saat satışı, həm də təmiri ilə məşğul olan "Saat store" mağazasına yaxınlaşdıq.
Mağaza meneceri Zahid Abbasov: “Bizim mağazada saatların qiyməti 30 manatdan başlayır 1500 manata qədər davam edir. Ən bahalı saat kateqoriyası isə “Tissot”a məxsusdur. Bu saatların həm özü, həm də tərkib hissələrinin hər biri İsveçrə məhsuldur. Eyni zamanda Çin istehsalı zavod məhsulları da var. Hazırda mexaniki saatlar üstünlük təşkil edir və iki növü mövcuddur. Mexaniki və avtomat saatlar. Bunlardan əlavə mağazamızda son zamanlarda dəb olan elektron saatların satışı da həyata keçirilir. Təbii olaraq batereya ilə işləyən saatlar daha dəqiq saatlar hesab olunur. Mexaniki saatlar isə hədiyyə almaq üçün daha uyğundur. Daha çox tələbat isə kvart saatlaradır. Ən çox satış diapazonu 200-300 azn arasındadır. Pandemiya dövründə isə hər yerdə olduğu kimi bizdə də satış zəifləmişdi. Lakin mağaza yenidən açıldıqdan sonra qapanmalardan öncəki aktivliyinə qayıdıb. Çünki müştərilər daha çox canlı şəkildə görüb bəyəndiyi məhsulu alır. Çox az hallarda saatlarımızda problem yaranır, lakin 2 il qızıl zəmanət verdiyimiz üçün müştərilər də ürək rahatlığı ilə problem yaşandıqda bizə yaxınlaşa bilirlər. Ən çox problemlərdən biri də saatın müştərinin əlindən düşərək zədələnməsi ilə bağlı olur. Saatların satışı isə daha çox dekabr və fevral aylarında olur. Bunun səbəbi isə insanların hədiyyə olaraq saata üstünlük verməsidir”.
Eyni zamanda mağazanın saatsazı ilə də danışdıq.

Mağazanın saatsızı Elçin Məmmədov: “Mağazada işim saatın problemini aşkar edib, problemli hissələrini bərpa etmək və onların qiyməti barədə müştəriyə məlumat verməkdən ibarətdir. Servisimizdə peşəkar işlər görmək üçün aparatlar mövcuddur. Ümumiyyətlə tez-tez rastlaşdığımız problem buxarlanma problemdir. Bu problemin aradan qaldırılması üçün germetikliyi yoxlayan aparat, eyni zamanda bir çox başqa problemlərin aradan qaldırılmasında istifadə olunan aparatlar mövcuddur. Ümumiyyətlə son zamanlar müştərilərin zövqünü oxşayan İsveç istehsalı saatlar Azərbaycanda çoxluq təşkil edir. Bu da bizim sahəyə olan marağı artırıb. Həmçinin şüşələrin qırılması, saatların qolunun kiçildilməsi, kəmər dəyişimi, mexaniki saatların vaxtaşırı qulluğu kvart mexanizm saatlarının batereya dəyişimidir. Bizdə orijinal İsveç və Çin istehsalı batereyalar mövcuddur. Xüsusilə də saatların cilalanması prosesi də müştərilərə tez-tez göstərdiyimiz xidmətlər sırasındadır. Saatların təmir qiymətlərində isə edilən işlə bərabər saatın qiyməti də mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə bu sənətdə belə bir şey var ki, saatın qiymətinə uyğun olaraq təmirin də qiyməti müəyyənləşdirilir. Bunun səbəbi isə hər bir modelin istər şüşəsi, istərsə də digər tərkib hissələrinin fərqli olmasıdır. Bu sənət isə mənə ailədən keçib. Atam 40 ilə yaxın saatsaz işləyib mən isə artıq 10 ildir bu sənətdəyəm. Müştərilərin çox ya da azlığı isə ilk növbədə sənətkarın işini görməkdən keçir. Yəni birinci müraciət edirlər bəyənərlərsə, davamlı şəkildə müarciət olunur. Əvəllər insanlar daha çox ucuz saatlardan istifadə edirdilər. Amma indi daha orjinal və bahalı saatlara üstünlük verdikləri üçün onları bir dəfəlik dəyişməyə yox təmirə verirlər. Eyni zamanda nəsildən yadigar qalan və dəyəri böyük olan saatlar da var ki, onları dəyişib yenisini almaq düzgün deyil. Bu tip saatların təmiri daha məqsədə uyğundur.
SİA mövzu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:
Şəhər sakini Babək Ələkbərov: “Elektron saatlardan çox istifadə etmirəm. Ümumiyyətlə saat taxmağı sevmirəm. Amma saat kolleksiyası yığmağı çox bəyənirəm. Saatlarda problem yarandıqda və dəyəri böyük olduqda həmin saatları təmir elətdirməyə çalışıram. Amma elə saatlar da olur ki, təmirindənsə yenisini almağı üstün tuturam”.
Şəhər sakini Könül Əhmədova: “Mən elektron saatlardan istifadə etməyi bəyənmirəm. Çünki digər saatların daha yaxşı olduğunu düşünürəm. Amma razıyam ki, elektron saatlar günümüzün tələblərinə daha yaxşı cavab verir. Eyni zamanda çeşidləri də çoxluq təşkil edir. Saatlardan xüsusilə doğum günlərimdə hədiyyə edilənlər mənim üçün daha dəyərlidir. Mənəvi dəyəri ilə yanaşı maddi dəyərinin çox olması keyfiyyətinin yaxşı olmasına dəlalət edir. Saatlarda yaranmış problem zamanı da mənəvi dəyərini nəzərə alaraq dəyişdirməkdənsə saatsaza göstərməyə üstünlük verirəm. Amma yaxşı usta tapmaq da çətindi”.
Şəhər sakini Emin Tağızadə: “İndiki dövrümüzdə yenilənmiş ağıllı satlara üstünlük verirəm. Daimi olaraq onlardan istifadə edirəm. Çünki həm daha rahat, həm də daha funksionaldırlar. Bu saatlar vasitəsilə ürək döyüntüsünün belə necə olduğunu anlamaq olur. Atdığımız addım sayını da göstərir. Bu saatları smartfonlara bağlamaq da rahatdır. Digər saatlardan isə gənc olanda daha çox istifadə etmişəm”.
Şəhər sakini Şəhanə Əliyeva: “Qol saatlarından hər zaman istifadə edirəm. Orjinal olub-olmaması fərq etmir. Amma bahalı olub çox gözəl olan saatlar da var ki, istifadə etmək itsəsək də bəzən alınmır. Yenə də hər zaman çalışıram ki, keyfiyyətli saatlardan istifadə edim”.
Şəhər sakini Nəsimi Hüseynov: “Mexaniki saatlardan istifadə etmək mənim üçün daha rahatdır. Adətən köhnə saatlara üstünlük verirəm. Rus istehsalı olan köhnə saatlar daha çox diqqətimi çəkir. Hər zaman istifadə etdiyim qızıl saat var ki, onu da vaxtaşırı öz ustama təmizləməsi üçün aparıram. Amma məndən fərqli olaraq uşaqlarım və nəvələrim elektron saatlardan istifadə edirlər".
Şəhər sakini Fəridə Cəbrayılzadə: “Əslində elektron saatların üstün cəhətləri yetərli qədər çoxdur. Mən də çalışıram ki, onlardan daha çox istifadə edim. Eyni zamanda bu cür saatların orjinal olması daha məsləhətlidir. Çünki keyfiyyət baxımından daha yaxşı olurlar. Saatda hər hansı problem yaranan zaman isə təmirdən daha çox yeni saat almağa çalışıram”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB