Fal ümumi mənada müxtəlif üsullardan istifadə edərək, gələcəyə dair hadisələr, qeyb aləminə aid məlumatlar barədə xəbər verməkdir. Başqa cür desək, insanın öz taleyi haqqında məlumat əldə etmək arzusunun bir nəticəsidir. Fala baxan şəxs qüvvətli hissiyyata malik olduğunu və fövqəltəbii güclərlə əlaqəyə girdiyini irəli sürür. Hətta bunu bəzən rituallar halında həyata keçirir.
İnsan tarix boyu istər özü, istərsə də ətrafı ilə əlaqədar bilmədiklərini anlayıb kəşf etməyə, gələcəyin nələr gətirəcəyini əvvəlcədən öyrənməyə və beləliklə, öz həyatına hökm etməyə çalışıb. İnsan bilmədiklərini və sirli olanı öyrənmək üçün müxtəlif metodlardan istifadə edir. Zaman keçdikcə insanların bu tələbatını təmin etmək məqsədilə bu işi ixtisas halına gətirən və cəmiyyətdə böyük etibar qazanan şəxslər ortaya çıxıb. Özünü kahin, sehrbaz, cadugər, falçı, baxıcı kimi adlandıran bu şəxslər görünməyən məxluqlarla əlaqə qurduqlarını və yaxud təbiətdəki bəzi varlıqların, əşyaların vəziyyətini və davranışlarını yozduqlarını iddia edirlər. Fal inancı insanın gələcəyə dair sonsuz marağının mühüm bir göstəricisi kimi hər cəmiyyətdə görülən fəaliyyət sahəsidir.
Bəs fal inancı nə vaxt və harada yaranıb?
Bəşəriyyətin tarixi qədər qədim olan fala inancın kökü təxminən eramızdan əvvəl IV minilliyədək uzanır. Xüsusilə, Misirdə, Çində, Babildə və Akkadlar dövründə inkişaf edən falçılıq düşüncəsi daha sonra digər ərazilərə də yayılıb. Həmin dövrdə ən çox istifadə olunan fal növü daxili orqanların yoxlanılması idi. Məsələn, hititlər fala heyvanların daxili orqanlarından, qədim çinlilər isə heyvan sümüklərindən istifadə etməklə baxırdılar.
Qədim Yunanıstan və Romada fal həyatın hər sahəsində geniş yayılmışdı. Kahin adı verilən şəxslər quşların davranışlarını müşahidə etməklə, heyvanların orqanlarına və ya ulduzlara baxmaqla gələcək haqqında məlumatlar verirdilər. Türk xalqları arasında isə müsəlman olmazdan əvvəlki dövrlərdə fal şamanizm inancıyla eyniləşmiş, heyvan sümüyü, ox və yay ilə fala baxılıb. Zaman keçdikcə falda istifadə olunan metod və üsullarla əlaqədar ulduz falı, kart falı, su falı və s. fal növləri ortaya çıxdı.
Yəhudilərdə də gələcəyi kəşf etmək, bilinməyəni anlamaq tələbatı ilə bu işi görən şəxslər və metodlar mövcuddur. Lakin yəhudilərin müqəddəs kitabında hər cür kəhanət və fal qadağan edilib.
Yəhudilərdəki qədər olmasa da, fal və kəhanət xristianların həyatında da mühüm ənənə olub. Xristianlarda falçılığın əsasları Yunan-Roma və yəhudi ənənəsindən qaynaqlanır.
Müxtəlif dövlətlər cəmiyyətdə mənfi meyillərin artmasına və dələduzluq yolu ilə insanların aldadılmasına səbəb olduğu üçün falçılığı qadağan etməyə məcbur olublar. Məsələn, ABŞ-ın bəzi ştatlarında falçılığın qadağan olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki, bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb edir. Elə qanunlar da var ki, ümumiyyətlə, bu fəaliyyət növünü qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayət hesab olunur və bu işlə məşğul olduğu aşkarlanan şəxs yüksək məbləğdə cərimə edilir.
Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində isə falçılıq, ümumiyyətlə, qadağandır və bu əməl ölüm və yaxud ömürlük həbslə cəzalandırılır.
Bütün bunlara baxmayaraq, dünyada və ölkəmizdə falçılıqla cadugərlik fərqli yollarla müxtəlif ad və ünvanlarla cəmiyyətə təqdim edilir. İnsanlar bilməlidirlər ki, falçılıq insanların həyatı ilə oynamaq, insanları psixoloji cəhətdən özündən asılı etmək, bu asılılıq bahasına qazanc məqsədi daşıyan dələduzluq fəaliyyətindən başqa bir şey deyildir.
Günümüzdə artıq sosial şəbəkələrdə də falçı, kahin, ekstrasens adı altında dələduzluq edənlər kütləvi şəkildə çoxalıb. Həmin şəxslər “instagram”, “facebook” kimi sosial şəbəkələrdə onlara inanan insanları aldadırlar. Zəif insanlar falçıların toruna asan düşür və sonradan onlarda sosial və psixoloji asılılıq yaranır.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dələduzluq, xüsusilə,. külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər şəxsə kiçik pul məbləğində zərər vurulursa, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə tətbiq edilir. Həmin maddəyə görə, şəxs üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Sözügedən maddə ilə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması da nəzərdə tutulur.
Mövzu ilə bağlı SİA sosioloq Rəşad Əsgərovun fikirlərini öyrənməyə çalışıb: “Fırıldaqçılar insanların sadəliyindən, saflığından, avamlığından istifadə edərək onların əlində olan cüzi vəsaitləri də müxtəlif yollarla qopartmağa çalışırlar. Bu yollardan biri də falçılıqdır. Falçılıq ilə məşğul olan daha çox insanları iki istiqamətdə bu sahəyə yönləndirirlər. Burada əsas məqsəd asan yolla pul qazanmaqdır. Onlar insanları müxtəlif rituallar vasitəsilə kömək edəcəyini inandırırlar”.
Sosioloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ikinci bir məqam isə xüsusilə də müəyyən yaşa dolan, evlənməyən qızların və yaxud da dul qadınların nə zamansa ailə quracağına inandırırlar: “Artıq bir neçə dəfə falçıya müraciət edənlər falçıdan sanki asılı vəziyyətə düşürlər. Həyatındakı cüzi bir dəyişiklik olan kimi falçıya müraciət edirlər. Son zamanların tendensiyası ondan ibarətdir ki, artıqonlar sosial şəbəkələr vasitəsilər öz əhatə dairəsini, “xidmət sferasını” daha da genişləndirir. Bunun da müqabilində onlar daha çox qazanc əldə etmək istəyirlər. Bunun nəticəsində də onlar insanları aldadaraq, öz kart hesab nömrələrini göndərək onlardan pul qopartmağa çalışırlar. İnsanlar özünü ekstrasens, kahin, falçı adlandıran şəxslərə inanmalı, bu kimi halların qarşısını almaq üçün isə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.
Mövzu ilə bağlı SİA-ya açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, təkcə sosial şəbəkələrdə deyil, başqa-başqa platformalarda insanları aldadanlar var: "Həmin şəxslər insanları sanki psixoloji cəhətdən manipulyasiya edərək inam hissini yaradırlar. Təbii ki, bu insanlar psixoloji cəhətdən təsir altına düşməyə meyilli insanlardır. Dələduzlar var ki, konkret olaraq insanalrın qarşısına tələblər qoyur ki, sənə cadu olunub filan məğləb qarşılığında biz bunu çıxartmalıyıq. Psixoloji olaraq insan nəyə inanırsa, o inandığının ya neqatif, ya da pozitif tərəfini görür. Bütün bunlar yəni falçılara, dələduzlaraq inanıb-inanmamaq insan psixologiyasındakı insanın psixi xüsusiyyətindən asılıdır".
Deputat Fazil Mustafa mövzu ilə bağlı SİA-ya bildirib ki, insanlar, ümumiyyətlə, təkcə sosial şəbəkələrdə yox, həyatda da aldanırlar: "Qısa yoldan nəyisə əldə etmək istəyən insanların çoxu daxilində dələduzluq simptomlarını daşıdığına görə, bu kimi dələduzlara tez bir zamanda inanırlar. Sosial şəbəkələrə nəzər yetirsək, görərik ki, ən çox izləyicisi olanlar özünü falçı, ektrasens adlandıranlardır. Əslində bütün sahələrdə bu belədir. Öz içində dələduzluğa meyili olan şəxslər həmişə digər dələduzlara maraq göstərirlər. İnsanlar tanımadıqları, güvənmədikləri insanlarla xüsusilə də sosial şəbəkədə fəaliyyət göstərən şəxslərə inanmamalıdır".
SİA məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərinə öyrənməyə çalışıb:
Paytaxt sakini Mələk Əfəndiyeva: “Falçıya heç vaxt müraciət etməmişəm. Elə falçılar var ki, sosial şəbəkələrdə insanlara özləri yazırlar. Düşünürəm ki, onların məqsədi insanları aldatmaq, onların pulunu qopartmaqdan başqa bir şey deyil”.
Paytaxt sakini Okyanus Rzayev: “Düşünürəm ki, falçılara ən çox qızlar müraciət edir. Heç vaxt falçıya müraciət etməmişəm. Ehtiyac da olmayıb. Amma qızların da müraciət etməsi doğru deyil. Çünki onların 90%-i insanları aldadır, dələduzluq edirlər”.
Paytaxt sakini Əsmər Məmmədova: “Heç vaxt falçıya müraciət etməmişəm. Hətta bir neçə dəfə sosial şəbəkədən narahat edənlər oldu. Düşünürəm ki, hüquq-mühafizə orqanları bu kimi insanların fəaliyyətini yaxından izləməlidir”.
Paytax sakini Nüşabə Nəciməddinova: “Mən falçılara inanmıram. Həmçinin ailəm də. Çünki hər şey Allahın əlindədir və heç kim bunu dəyişdirə bilməz”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB