Uşaqlarda aqressiyanın səbəbləri nələrdir? - PSİXOLOQ AÇIQLADI

Uşaqlarda aqressiyanın səbəbləri nələrdir? - PSİXOLOQ AÇIQLADI

“Aqressiya insanın öz narazıçılığını kobud formada ifadə etmə şəklidir. Adətən aqressiya özünü müxtəlif şəkillərdə büruzə verir ki, bunlar verbal, qeyri-verbal, jestlərlə, mimikalarla və səssiz qalma halı ilə özünü göstərə bilir. Hazırkı dövrdə aqressiv davranış forması və aqressiya halları uşaqlarda da geniş şəkildə yayılıb”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zərrin Təhməzli qeyd edib.

Onun sözlərinə görə, aqressiv davranış və aqressiya halını yaradan ilkin səbəblər qeyd etdiyimiz kimi genetik faktor, ətraf mühit, tərbiyə üsulu və ailə mühiti ola bilər: “Ailə mühiti dediyimizdə ilk növbədə uşağın dünyaya gəldiyi ailə və o ailənin tərbiyə üsulu, uşağı böyütmə üsulu nəzərdə tutulur. Körpəlik dövründə əgər tərbiyyə üsulu düzgün seçilmirsə artıq uşaqda aqressiv davranış formalaşmağa başlayır. Ailə daxilində, valideynlər arasında olan münaqişələr, aqressivliklər uşağın gözü qarşısında olarsa bu uşağın emosional gərilməsinə səbəb olur. Xüsusilə həmin dövrlər uşaqların təqlidetmə dövrləri olduğu üçün uşaqlar bu halları görüb yamsılamağa başlayırlar. Həm əsəbilik, həm aqressivlik yaradır, həm də təqlid etdiyinə görə bu davranışı vərdiş halına çevirir.

Digər bir amil isə tərbiyə üsuludur. İstər ailə içərisində, istər bağçada, istərsə də məktəbdə tərbiyə üsulu düzgün seçilməlidir. Uşağa uyğun şəkildə, onun fərdi bacarığına uyğun şəkildə seçilməlidir. Əksi olduğu təqdirdə yenə də bu uşaqlarda aqressiv davranışa səbəb olur. Müəyyən qaydalar və qanunların tətbiq olunması vacibdir və tərbiyə üsulunda mühüm rol oynayır. Əgər bunlar tətbiq olunmadan uşaq tərbiyə olunursa, ərköyünlük adlandırılan düşüncə çərçivəsində uşaq böyüdülürsə bu zaman uşaqda nəinki, aqressivləşmə həmçinin davranış pozğunluğu, emosional gərilmə və emosional pozğunluq yaranır. Belə olduqda artıq öz bacarıqlarını, öz düşüncə tərzini, fikirlərini idarə edə bilmir. Ona görə də uşağı həm pedaqoji baxımdan, həm də psixoloji baxımdan düzgün yönləndirmək lazımdır. Onunla ciddi məşğul olmaq lazımdır.

Başqa bir amil isə genetik faktordur. Genetik faktor da öz növbəsində aqresiyyanı ötürən bir amildir. Əsasən nəsildən-nəsilə ötürülən xüsusiyyətlər var və bu xüsusiyyətlər birbaşa sinir sistemi vasitəsilə ötürülür. Əgər həmin irsin, genotipin sinir sistemində müəyyən mənada qıcıqlanmaya yüksək meyillilik, hərəkətlilik, yəni aqressiyaya meyillənmə halı varsa bu da təbii ki, uşağa ötürülmüş olur. Artıq həmin uşağın sinir sisteminin yüksək qıcıqlanma səviyyəsində olması ən cüzi hadisələrdən belə əsəbləşməsinə səbəb ola bilir. Yəni aqressiyasını tətikləyir. Aqressiv davranışlar dediyim kimi müxtəlif şəkillərdə özünü göstərə bilirlər. Əsasən uşaqlarda aqressiv davranışlar körpəlik dövrlərdən yaranır, daha sonra uşaqlıq dövründə, məktəbə qədərki dövrdə də davam edir. Xüsusilə vurma şəklində, xəsarət yetirmə şəklində, itaət göstərməmək, tapşırılanları qəbul etməmək və yalan danışma kimi halların artmasına səbəb olur. Bu tip uşaqlar əsasən ünsiyyətdən qaçırlar, başqaları ilə əlaqə qurmaq istəmirlər. Ümumiyyətlə uşaqlarda bu hallara rast gəliriksə demək ki, bu uşaqlarda aqressiya yüksəkdir və davranışlarında müəyyən pozğunluqlar var".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə