Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Rasim Quliyevin vəkili Ədalət Mövlayev çıxış edib.
Vəkil prosesdə iştirak edən dövlət ittihamçısının Rasim Quliyevə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməsi ilə razılaşmadığını bildirib və müdafiə etdiyi şəxsə bəraət verilməsini çıxışında faktlarla əsaslandırıb.
Vəkil çıxışına davam edərək bildirib:
- İttihamın məzmunundan görünür ki, Rasim Quliyev Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalayıb, həmin sərəncam əsasında qeyd edilən pozuntularla ofis və yaşayış bilalarının həmin ərazidə tikintisinə dair "FF-2011" MTK-ya icazə verməklə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə şəhərsalma sahəsində görülən ardıcıl tədbirlərin tərkib hissəsi kimi qəbul edilən hüquqi sənədlərə məhəl qoymayaraq dövlətin bu sahədə qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyətlərindən sui-istifadə etmiş, qanunla müəyyən edilmiş qaydaları vahid niyyətlə pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməsi ağır nəticələrə səbəb olmuşdur.
Konstitusiya Məhkəməsinin 13.07.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin məzmununa görə vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur.
Konstitusiya Məhkəməsinin 13.07.2013-cü il tarixli qərarına əsasən Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Xüsusi səlahiyyətləri buna hüququ olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər. Vəsatətim təmin edilərək Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 14.06.2018-ci il tarixli, 2/569 saylı məktubunda da göstərildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqa icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərdən birinin həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır.
Hətta Məhkəmədə tədqiq olunan həmin cinayət işinin başlanmasına əsas olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri cənab Samir Nuriyevin Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış 10.10.2018-ci il tarixli 05/05-2409 nömrəli məktubunda, sədr müavini Dövlətxan Dövlətxanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış 28.09.2018-ci il tarixli 05/05-2198 nömrəli məktubunda da göstərilmişdir ki, "FF-2011" MTK tərəfindən tikintinin aparılmasına dair sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 2.6, 2.7-ci və 4.11.11.5-ci bəndindəki səlahiyətli şəxslər tərəfindən imzalanmamışdır.Belə olan halda Məhkəmədə tədqiq olunan “Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Aparatın rəhbəri Rasim Vaqif oğlu Quliyevə həvalə edilməsi və sərəncamın icrasna nəzarəti öz üzərində saxlamasına" dair Bakı şəhər İcra Hakimiyyətinin sabiq Başçısı Hacıbala Abutalıbovun 20.09.2017-ci il tarixli, 430 №-li sərəncamı "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin tələblərinə zidd olaraq çıxarıldığı üçün qanuni əsası yoxdur. Rasim Quliyev Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını imzalayarkən buna qanuni səlahiyyəti olmamışdır.
Həmçinin məhkəmədə tədqiq olunan sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 01.08.2012-ci il tarixli, 335 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə 0.7237 hektar sahə ticarət mərkəzi, ofis və yaşayış binasının tikintisinin layihələndirilməsi və sərhədlərin dəqiqləşdirilməsi üçün “FF-2011" MTK-nın istifadəsinə verilmiş, Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktlarının qeydiyyat kitabında qeydiyyata alınaraq Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna təqdim edilmişdir. “FF-2011" MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ticarət mərkəzi, ofis və yaşayış binasının tikintisinə icazə Bakı şəhər İcra Hakimiyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 01.08.2012-ci il tarixli, 335 saylı, 21.10.2015-ci il tarixli, 438 saylı sərəncamları, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması haqqında Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin məktubu və 18504 saylı rəyi, Bakı şəhər İcra Hakimiyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tikinti işlərinə başlanılması üçün əsas olan 126 №-li xüsusi nişanı əsasında verilmişdir. "FF-2011" MTK tərəfindən 318-ci məhəllədə 2015-ci ildən aparılan tikinti Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 3.11.5-ci bəndinə zidd olaraq tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməli olduğu halda məhkəmə qərarı olmadan tikinti qeyri-qanuni olaraq 2 dəfə dayandırılmışdır. “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə əsasən Məhkəmə qərarı olmadan qeyri-qanuni dayandırılmış tikinti ilə bağlı qanuni səlahiyyətə malik olmayan Rasim Quliyev tərəfindən imzalanmış 3-cü sərəncam hansı hüquqi qüvvəyə malik ola bilərdi? Qeyd olunan 3-cü sərəncamın imzalanmasına kimi verilmiş ayrıcı aktda, xüsusi nişanda, ərazinin sıxlığı və ara məsafəsinə hər hansı bir dəyişiklik baş verməmişdir. Sabiq başçı Hacıbala Abutalıbovun Məhkəmədə tədqiq olunan “FF-2011” MTK-ya ünvanlanan 13.01.2017-ci il tarixli 7-94/17 saylı məktubunda isə qeyd olunan ünvandakı Dilarə Əliyeva küçəsindəki yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan 145 saylı bina (məktubda göstərilir ki, bura 141 saylı ünvan da daxildir) və ətraf ərazidəki söküntü işlərinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılması göstərilmişdir. Əsasən də, Bakı şəhər İcra Hakimiyətinin sabiq başçısı Hacıbala Abutalıbov tərəfindən Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamənin" tələblərinə zidd olaraq Prezident Adminstrasiyasının rəhbərliyi ilə rəsmi razılaşdırma olmadan Bakı şəhər İcra Hakimiyyətində tikinti işləri üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyəti qurumlara ünvanlanmış məktubların imzalanması üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin müvəqqəti icrası Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri Rasim Quliyevə ötürüldükdən sonra sonuncu "FF-2011" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə tikintiyə icazə verilməsi haqqında 31 may 2018-ci il tarixli 346 nömrəli üçüncü sərəncamı imzalamışdır. Bununla bağlı Məhkəmədə tədqiq olunan cənab Abutalıbovun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı məktubunda Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin müvəqqəti icrasının Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri Rasim Quliyevə ötürülməsini Prezident Administrasiyasının rəhbərliyi ilə razılaşdırılaraq 20 sentyabr 2017-ci il tarixli 430 nömrəli sərəncamı ilə həvalə etdiyini vurğulamışdır.
Azərbaycan Respublikası Baş Nazirinin sabiq Müavini Hacıbala Abutalıbovun "25.06.2018-ci il tarixli, 7-262/2g saylı məktubda qaldırılan məsələnin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevlə şifahi olaraq razılaşdırılmasına" dair Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı 06.07.2018-ci il tarixli, 07/07/13 saylı məktub tədqiq edilərək elan edilmişdir. Məhkəmə qarşısında qaldırdığım vəsatət təmin edilərək Azərbaycan Respublikası Baş Nazirinin sabiq Müavini Hacıbala Abutalıbovun "Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Aparatın rəhbəri Rasim Vaqif oğlu Quliyevə həvalə edilərkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq almadığına görə təssüf hissi keçirməklə üzürxahlığını bildirməsi və Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Aparatın rəhbəri Rasim Vaqif oğlu Quliyevə həvalə edilməsinə razılıq verilməsi üçün xahiş etməsinə" dair 25.06.2018-ci il tarixli, 071-10 nömrəli məktubu məhkəmə istintaqı zamanı tədqiq edilmişdir.
Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyətinin başçısı vəzifəsindən azad edilib, Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsinə təyin edildikdən sonra da "FF-2011" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə tikintinin davam etdirilməsinə dair Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinə 13 mart 2019-cu il tarixli məktublar göndərərək tikintinin qanuni qaydalara uyğun olmasını vurğalayıb davam etdirilməsini Baş Nazirin müavini kimi tələb etmişdir. Rasim Quliyevə elan edilmiş ittihamın təkzib edilməsinin əsas məzmununu təşkil edən yuxarıda qeyd olunan halların aydınlaşdırılması üçün son dərəcə zəruri olmasına baxmayaraq ibtidai istintaq zamanı dindirilməsi təmin edilməmiş Bakı şəhər İcra Hakimiyətinin sabiq başçısı Hacıbala Abutalıbovun əlavə şahid kimi dindirilməsinə dair qaldırdığım vəsatət Məhkəmə tərəfindən də təmin edilməmişdir.
Məhkəmə istintaqı zamanı Rasim Quliyev ifadəsində həmin tikinti sahəsinin ayrılması, ərazinin sıxlığı, ara məsafəsi, orada söküntü işlərinin aparılması, işçi layihənin, şəhərsalma əsaslandırılmasının təsdiq edilməsinin onun tərəfindən imzalanmış tikintiyə icazə verilməsi haqqında 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncama qədər müvfiq sənədlərlə öz təsdiqini tapdığına görə qeyd olunan sərəncamı imzalaması ilə tikintinin və ətraf ərazilərin hüquqi statusunda heç bir dəyişiklik baş vermədiyini göstərməsinə baxmayaraq həmin xüsusatlar ibitdai istintaq zamanı birtərfli olaraq araşdırılmamış, hadisə yerinə baxış keçirilməmiş və bununla bağlı digər zəruri istintaq hərəkətlərinin keçirilməsi təmin edilməmişdir.
Bununla bağlı “Səs" İnternet Televizyasının jurnalisti Kəmalə Nəsibovanın jurnalist araşdırması zamanı əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədəki söküntünün 2017-ci ilin oktyabrına qədər aparılmasını təsdiq edən həmin ünvanda yaşayan sakinlərdən Bakı şəhəri Yasamal rayonu, S.Əsgərova küçəsi 87, mənzil 38-də yaşayan məşhur aktyor, xalq artsti Mahmudbəyov Şeyx Əbdül Əlisa oğlu (Şeyx Əbdül), Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 141, mənzil 19-da yaşayan Nəhavəndiyan Rəhilə Xanəhməd qızı, mənzil 12-də yaşayan Həsənova Bikə Faiq qızı, mənzil 15-də yaşayan Hacıyeva İradə Tofiq qızı, ev 137-də yaşayan Hacıyev Ədalət Ədalət oğlunun yazıılı məlumatları, video müsahibələri, 14.10.2017-ci il tarixdə sosial şəbəklərdə yayılmış və bina sakinlərinin qeydə aldıqları D.Əliyeva küçəsindəki 141 saylı ünvanda yerləşən binanın yan divarlarının uçma anını əks etdirən video görüntülər, Föqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun baş konstruktoru Emil Əsədullayev, texiki şöbənin mühəndisi Vüqar Bağırov, Baş Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Samir Musayevin D.Əliyeva küçəsindəki 141 saylı ünvanda yerləşən 2 mərtəbəli binanın bünövrə çalası tərəfdəki kəllə divarının uçması, binanın uçmuş divarından təqribən 8-10 metr məsafədə yerləşən mərtəbə örtüyü konstruksiyasında, yükdaşıyan divarlarında əyilmə və deformasiyaların müşahidə olunmasına dair tərtib etdikləri və DLİ-nin direktoru Elçin Quliyev tərfindən təsdiq edilmiş 14.10.2017-ci il tarixli aktın surətləri, Nəsimi rayon 48 saylı MKİS-nin rəisi Q.Abbasov, mühəndis Ə.Qurbanov, sahə nəzarətçisi N.Ağayev, 3 saylı icra nümayəndəliyinin müavini V.Zeynalov, 21 saylı Polis bölməsinin sahə inspektoru S.Balakişiyevin həmin ünvandakı binanın uçma təhlükəsi ilə bağlı tərtib etdikləri 11.10.2017-ci il tarixli akt və orada yaşayan sakinlərə ünvanlanan xəbərdarlıqların surətləri tədqiq edilməsi üçün məhkəmə istintaqı zamanı tərəfimdən yazılı vəsatətlə təqdim edilmiş, vəsatətə baxılması məhkəmə tərəfindən təxirə salındıqdan sonra qeyd olunan dəlillərin tədqiq edilməsi təmin edilməsə də, video müsahibələr, 14.10.2017-ci il tarixdə sosial şəbəklərdə yayılmış və bina sakinlərinin qeydə aldıqları D.Əliyeva küçəsindəki 141 saylı ünvanda yerləşən binanın yan divarlarının uçma anını əks etdirən video görüntülər qəbul edilərək vəsatət qismən təmin edilmişdir. Həmçinin Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin sabiq aparıcı mütəxəssisi Rizayev Feyzi Kərəm oğlu ibtidai istintaq zamanı verdiyi ifadəyə zidd olaraq Dilarə Əliyeva küçəsindəki 141 saylı ünvanda yerləşən yerli əhəmiyətli tarix və mədəniyyət abidəsi siyahısına daxil olmuş binanın sökülməməsini, həmin 2 mərtəbəli binanın bünövrə çalası tərəfdəki kəllə divarının aşınma nəticəsində uçmasını təsdiq etmişdir.
Maraqlıdır ki, Rasim Quliyevə elan edilmiş itihamın əsasını təşkil edən Dilarə Əliyeva küçəsindəki 141 saylı ünvanda yerləşən yerli əhəmiyətli tarix və mədəniyyət abidəsi kimi göstərilən binanın kəllə divarının aşınma nəticəsində uçmasının müəyyən edilməsinə baxmayaraq söküntü kimi göstərilərək qeyd olunan 318-ci məhəllədə yerləşən tarix və mədəniyyət abidəsi siyahısına daxil olmuş 145 saylı binanın sabiq Bakı şəhər İcra Başçısı Hacıbala Abutalıbovun sərəncamı ilə tamamilə sökülərək yerində aparılan tikintinin 5 mərtəbə ucaldılmasına baxmayaraq ibtidai istintaq zamanı bu əhəmiyyətli hal araşdırılmadan və hüquqi qiymət verilmədən üzərəindən yan keçilmiş, Məhkəmə istintaqı zamanı isə bununla bağlı sübutlar tədqiq edilməmişdir.
Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş "FF-2011" MTK-nın təsisçisi İbrahimova Tamella İslam qızı ifadəsində Dilarə Əliyeva küçəsindəki 41 saylı ünvanda yerləşən binanın yerli əhəmiyətli tarix və mədəniyyət abidəsi siyahısına daxil olması barədə məlumatı olmamasını, həmin 2 mərtəbəli binanın bünövrə çalası tərəfdəki kəllə divarının aşınma nəticəsində 2017-ci ilin oktyabr ayına kimi uçmasını, sabiq Bakı şəhər İcra Başçısı Hacıbala Abutalıbovun sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədəki söküntü və tikinti işlərinin 2015-ci ildən başlayaraq davam etməsini, tikintinin dayandırılması haqqında məhkəmə qərarı olmadığından Rasim Quliyevin tikintinin davam etdirilməsinə dair imzaladığı sərəncamın hər hansı bir hüquqi qüvvəsinin olmadığını, bununla bağlı Rasim Quliyevlə hər hansı əlaqə və münasibətinin olmamasını, tikintiyə dair Rasim Quliyevin imzaladığı sərəncam 2018-ci ilin sentyabrında ləğv edildikdən sonra da tikintinin davam etdirilməsini göstərmişdir. Bakı şəhər İcra Hakimiyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2012-ci ildən də əvvəl uzun illər ərzində rəis əvəzi işləmiş Abdullayev Akif Hacı oğlu Məhkəmədə şahid qismində dindirilərkən tikinti sahəsinin ayrılması, ərazinin sıxlığı, ara məsafəsi, orada söküntü işlərinin aparılması, işçi layihəsi, şəhərsalma əsaslandırılması ilə bağlı yol verilmiş qanun pozuntuları ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə 0.7237 hektar sahəsinin ticarət mərkəzi, ofis və yaşayış binasının tikintisinin layihələndirilməsi və sərhədlərin dəqiqləşdirilməsi üçün "FF-2011" MTK-nın istifadəsinə verilməsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktlarının qeydiyyat kitabında 13/26 sayla 25.02.2013-cü il tarixdə qeydiyyata alınmasına, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması haqqında Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15.12.2015-ci il tarixli, 18/04-516 saylı məktubuna, Bakı şəhər İcra Hakimiyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tikinti işlərinə başlanılması üçün əsas olan 22.12.2015-ci il tarixli 126 №-li xüsusi nişanına dair müdafiəçilərin suallarına dindirildiyi birinci məhkəmə iclasında açıq-aydın cavab verməkdən yayınaraq yuxarıda qeyd olunan dəlil və sənədləri xatırlamadığını, ikinci məhkəmə iclasında isə əksinə aktivlik göstərərək müdafiəçilərin suallarına sualla cavab verərək və ya aqressiv-əsəbi qaydada bu və ya digər formada cavablar verməkdən yayınmışdır.
Məhkəmədə tədqiq olunan yuxarıda qeyd olunan bu qədər çoxsaylı sübutlardan sonra hörmətli dövlət ittihamçısının 318-ci məhəllədəki söküntü işlərinin məhz Rasim Quliyevin təqsiri ucbatından aparılmasına dair ittihamda qeyd olunanların Məhkəmə istintaqında təsdiq olunmasını çıxışında göstərməsi tamamilə absurddur və qəbul edilməzdir.
Bundan başqa, Rasim Quliyevə Azərbaycan Respublikası CM-nin 308.2 və 314-2.3-cü maddələri ilə elan edilmiş ittihamda onun dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyətlərindən sui-istifadə etməsi, qanunla müəyyən edilmiş qaydaları vahid niyyətlə pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməsinin ağır nəticələrə səbəb olması göstərilsə də, mühüm zərəri müəyyən etmək üçün zərərçəkmiş müəssisə, idarə və ya təşkilatın, vətəndaşların adları, sayları, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, müəssisə, idarə və ya təşkilatın normal fəaliyyətinə mənfi təsir dərəcəsi, onlara vurulan maddi ziyanın ölçü və xarakteri müəyyən edilməmişdir. İttihamda bina sakinlərinin köçürülmədən tikintinin aparılması nəticəsində həmin sakinlərə ziyan vurulması göstərilsə də, həmin sakinlərin şəxsiyyəti, vurulmuş ziyanın vaxtı, növü və həcmi müəyyən edilməmişdir.
Həmin xüsusatlara Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-nin 102.6.3-cü maddəsinə istinad edilərək izahatları alınmış Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş şəxs qismində tanınaraq həmin dövlət qurumlarının etibarnamələri nəzərə alınmaqla Ələkbərov Maşallah Əli oğlu və Muradov Rüfət Yaşar oğlu zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri kimi tanınsalar da, qeyd olunan şəxslərin qısa izahatları dinlənilməklə göstərilən xüsusatlara aydınlıq gətirilməmişdir.Cinayət işi üzrə hüquqi şəxslərin müvəkkil edilmiş nümayəndələri Ələkbərov Maşallah Əli oğlu və Muradov Rüfət Yaşar oğlunun ittihamda aydın olmayan formada göstərilən ağır nəticələrə səbəb olmun ziyana aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 87.3 və 87.7.2-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmələri, əks təqdirdə Məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-nin 87.3 və 102.6.3-cü maddələri arasında ziddiyyətlərlə bağlı şərh verilməsi üçün Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair Məhkəmə qarşısında qaldırdığım vəsatət təmin edilməmişdir.
Belə olduqda Rasim Quliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair" 13.07.2013-cü il tarixli qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən ona xüsusi səlahiyyət verilmədən 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamı imzalaması, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 3.11.5-ci bəndinə zidd olaraq tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməli olduğu halda məhkəmə qərarı olmadan tikinti qeyri-qanuni olaraq dayandırıldıqdan sonra qanuni səlahiyyətə malik olmayan Rasim Quliyev tərəfindən imzalanmış 3-cü sərəncamın hüquqi qüvvəyə malik olmaması, qeyd olunan 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamın imzalanmasına kimi verilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədəki tikintiyə dair ayrıcı aktda, xüsusi nişanda, ərazinin sıxlığı və ara məsafəsində, işçi layihəsi, şəhərsalma əsaslandırılmasında, tikintinin və ətraf ərazilərin hüquqi statusunda heç bir dəyişiklik baş verməməsi, mühüm zərəri müəyyən etmək üçün zərərçəkmiş müəssisə, idarə və ya təşkilatın, vətəndaşların adları, sayları, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, müəssisə, idarə və ya təşkilatın normal fəaliyyətinə mənfi təsir dərəcəsi, onlara vurulan maddi ziyanın ölçü və xarakterinin müəyyən edilməməsi nəzərə alınmaqla Rasim Quliyevin Azərbaycan Respublikası CM-nin 308.2 və 314-2.3-cü maddələri ilə ittiham olunması absurddur və o, həmin cinayət əməllərini törətməmişdir.
Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-nin 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o zaman qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir.
Məhkəmə hökmünün əsaslığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslığının digər şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməsində təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi).Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyəti yaradır.İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145.3-cü maddəsi). Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır.
Azərbaycan Respublikası CPM-nin 340-cı maddəsinin və yuxarıda şərh olunan qanunvericiliyin tələblərini nəzərə alaraq, hazırkı başa çatmış məhkəmə istintaqının nəticəsinə uyğun olaraq xahiş edirəm ki müdafiəsində iştirak etdiyim Quliyev Rasim Vaqif oğluna Azərbaycan Respublikası CM-nin 308.2 və 314-2.3-cü maddələri ilə bəraət hökmü çıxarılsın, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından azadlığa buraxılması təmin edilsin.
Vəkilin çıxışından sonra məhkəməyə sədrlik edən hakim daha iki vəkilin əlavə çıxış edəcəkləri iclasın dekabrın 20-də saat 12:00-da keçiriləcəyini elan etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB