Ailədə qadına, yoxsa kişiyə təhsil vacibdir? - SORĞU

Ailədə qadına, yoxsa kişiyə təhsil vacibdir? - SORĞU

Cəmiyyətdə şəxsin düzgün şəkildə formalaşması, inkişaf etməsində ailə mühüm rol oynayır. Əgər ailədə ana və ata təhsillidirsə, onların yetişdirdiyi övlad cəmiyyətə bir o qədər yararlı olar. Ümumiyyətlə, təhsil bilik və bacarıqların qazanılmasının asanlaşdırılması prosesidir. Günümüzdə hər bir fərdin inkişafı üçün təhsil çox vacibdir. Bəs, ailədə ən çox kişiyə, yoxsa qadına təhsil vacibdir? Mövzu ilə bağlı SİA paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Paytaxt sakini Füruzə Süleymanova: “Məncə, ailədə həm qadına, həm də kişiyə ali təhsil vacibdir. Çünki sağlam düşüncəli, savadlı nəslin yetişməsi üçün bu, çox önəmlidir. Ailədə ana və ata əgər savadlıdırsa, onların böyüdüb boya-başa çatdırdığı uşaq da bir o qədər savadlı olar”.

Paytaxt sakini Vasif Bayramov: “Ailədə həm kişiyə, həm də qadına təhsil çox vacibdir. İndiki xanımlar da ailə qurarkən savadlı, ali təhsilli insanla ailə qurmağa daha çox üstünlük verirlər”.

Paytaxt sakini Hicran Səlimova: “Yaxşı olardı ki, həm qadın, həm də kişi ali təhsilli olsun. Çünki təhsil insanın normal işlə təmin olunması, normal məvacib alması üçün vacibdir. Amma qadının ali təhsilli olması daha vacibdir. Çünki qadın uşağının böyüyüb, boya-başa çatmasında, tərbiyəsində, bir şəxsiyyət kimi formalaşmasında yaxından iştirak edir”.

Paytaxt sakini Çingiz Mahmudov: “Fikrimcə, hər ikisinə də ailə təhsil lazımdır. Çünki indiki dövrdə cəmiyyətdə normal düşüncənin formalaşması üçün hər bir insana ali təhsil çox vacibdir. Digər tərəfdən də bildiyimiz kimi, hal-hazırda ali təhsili olmayana, əlində bir sənət olmayana heç kim hörmət qoymur və saymır. Məhz bu baxımdan da düşünürəm ki, ali təhsil bu ölkədəki hər fərd üçün çox vacibdir”.

Paytaxt sakini Fəridə Məmmədova: “Ailədə həm qadın, həm də kişi təhsilli olmalıdır. Amma təhsil xüsusilə qadın üçün çox vacibdir. Çünki uşaqların tərbiyəsində, təhsilində ana yaxından iştirak edir. Gələcək nəslin inkişafı üçün qadının ali təhsilli olması çox vacibdir”.

Paytaxt sakini Təranə Cəfərova: “Əlbəttə ki, bir ailədə həm qadın, həm də kişinin ali təhsilli olması çox vacibdir. Çünki müasir dövr artıq bunu tələb edir. Azərbaycan gəncliyinin sağlam, bilikli və dünyagörüşlü olması üçün təhsil çox vacib bir amildir”.

Paytaxt sakini Əfsun Günəşli: “Məncə ailədə həm kişi, həm də qadın ali təhsilli olmalıdır. Çünki təhsil almaq hər bir insanın haqqıdır. Yəni bu mövzuda ayrı-seçkilik olmamalıdır. Həm kişi, həm də qadın ali təhsilli olmalıdır”.

Paytaxt sakini Gülay Salmanzadə: “Bildiyimiz kimi, ailədə uşaq ilə yaxından maraqlanan, ona tərbiyə, bilik verən anadır. Ona görə də ailədə qadının ali təhsilli olması çox vacibdir”.

Paytaxt sakini Günay Kubuşova: “Məncə ailədə, xüsusilə, qadına təhsil vacibdir. Çünki ailədə kişi təhsilli olsa, təhsil olar, qadın təhsilli olsa, savadlı övladlar yetişər”.

Paytaxt sakini Bahar Rzayeva: “Günü-gündən hər şey inkişaf edir. Texnika daha da irəliləyir. Artıq uşaqlar belə smartfonlardan, planşetlərdən, kompüterlərdən rahatlıqla istifadə edirlər. Bütün bunların fonunda bu gün hər bir vətəndaş ali təhsil almalıdır. Gələcək nəslin, inkişaf etməsi, bilikli və savadlı olması üçün bu gün ailədə hər iki fərdin ali təhsilli olması çox vacibdir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə