Azərbaycanda dönər dəhşəti: yeyək, yoxsa yox - FOTOREPORTAJ

Azərbaycanda dönər dəhşəti: yeyək, yoxsa yox - FOTOREPORTAJ

Dünyanın bütün yerində tez-bazar hazırlanan qidalardan geniş şəkildə istifadə olunduğu kimi, Azərbaycanda da bu kimi hallara az rast gəlinmir. Bunlara nümunə kimi dönər, şaurma və s. qidaların adını çəkmək olar. Belə qidalar insanların sağlamlığına, eyni zamanda, maddi cəhətdən də ziyan verir. Bildiyimiz kimi, paytaxt Bakıda iki gün bundan öncə dönərdən zəhərlənmə hadisəsi baş verib. Bu vəziyyətlə daha da yaxından tanış olmaq üçün SƏS İnformasiya Agentliyi olaraq paytax Bakının müxtəlif yerlərində fəaliyyət göstərən dönərxanalarda sorğu keçirdik.

İlk olaraq "Sahil" metrosunun yaxınlığında yerləşən "Boğaziçi" restoranına yaxınlaşdıq. Restoranın müdiri Asim Aslanovun bizə verdiyi açıqlamaya əsasən, burada hər bir şey xüsusilə də ət məhsulları tam gigiyenik şəkildə hazırlanır: "Ətlər "Halal Nemət Min Bərəkət" şirkətindən alınır. Qiymətlər isə bütün insanların cibini düşünərək hazırlanıb".

Daha sonra "İstanbul" adlı dönərxanaya yaxınlaşdıq. Dönərxananın müdiri Qəmbər Kaplanın fikirlərini öyrənib, burada satılan dönərlər haqqında məlumat aldıq. Onun fikirlərinə görə, toyuq ətindən hazırlanmış dönər zəhərlənmək riskini daha çox artırır: "Çünki toyuq əti köhnəldikdə mayonezlə tez reaksiyaya girir. Dönərlərimiz 2 manatdır. 1 porsiyonda 80 qram ətdən istifadə olunur. Qiymətlərimizin münasib olmasına baxmayaraq çox insan narazılıq bildirir. Düşünürəm ki, zəhərlənmənin əsas səbəblərindən biri də köhnəlmiş və mənşəyi bilinməyən ətlərdən istifadə olunmasıdır. Ondan əlavə o bildirib ki, bu gün 1 manata dönər satılırsa və qiymətin bu qədər aşağı olmasına rəğmən üstündə də ayran və yaxud mərci supu verilirsə, əlbəttə ki, zəhərlənmə hadisəsi olacaq".

Sonra isə "Ocaq" adlı dönərxanaya üz tutduq. Burada dönər satan Abdulla Beyazitoğlundan açıqlama aldıq. Onun dediklərinə görə o, 10 ilə yaxındır ki, burada fəaliyyət göstərir. Burada hər şeyin gigiyenik olduğunu və bütün müştərilərin 100% onlardan razı qaldığını bildirib. Hər zaman dönər hazırlayarkən birinci özüm yeyirəm daha sonra müştərilərə verirəm deyən satıcı ətlərin müəyyən firmalardan aldığını bildirsə də, bu barədə sertifikatları yox idi.

Azad İstehlakçılar Birliyinin sədri, Qida Təhlükəsizliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov bu haqda SİA-ya öz fikirlərini bildirib: “Azərbaycanda dönərxanalar uzun illərdir ki, vətəndaşların, xüsusilə də, gənclərdə zəhərlənməyə, mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. Ölkədə 15 mindən çox dönərxana fəaliyyət göstərir. Azad İstismar Cəmiyyəti də bu biznesin sağlamlaşdırılması ilə bağlı müəyyən tədbirlər görsə də, heçnə əldə edə bilməmişdi. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi dəfələrlə ölkənin müxtəlif yerlərində kəsilən at və eşşək ətlərinin Bakıya daşınması barədə məlumatlar yayıb, ifşa ediblər. Ötən gün baş vermiş zəhərlənmə halı da təsadüfi deyildi. Çünki bu hadisə illərdir ki, davam edir. Biz dönərxanalara getsək, görərik ki, onların çoxunun sertifikatı yoxdur və yaxud olan sertifikatlarda bişirilən dönərin ət ilə əlaqəli deyil. Ölkə də qanuni yollarla dönər hazırlayan iki müəssisə mövcuddur. Bunlardan biri "Az protein food" digəri isə "Səhliyalı" şirkətidir. Həmin şirkətlərdə müəyyən apartlar var ki, hansı ki, dönər ətlərini mənfi 40 dərəcədən keçirərək şişə taxır. Bunun nəticəsində də ətdə olan bütün mikroblar ölür və həmin ətdən hazırlanan dönər insanlar üçün tam təhlükəsiz olur.

Dönərxanalarda bu cür şirkətlərdən bir dəfə ət alaraq, sertifikat əldə edirlər. Daha sonra isə həmin müəssisələrdən ət almırlar və yenidən murdar ətlərdən istifadə edirlər. Buna görə də biz sertifikatları elə hazırlamalıyıq ki, alınan sertifikat o bişən dönərə aid olsun. Qida təhlükəsizlik agentliyinin yeni planlarından biri də, ondan ibarətdir, dönərxanaların qarşısında qaynar xətt telefonları olsun. Alıcı da dönər alarkən şüpələndiyi məqamları zəng edib bildirsin”.

Mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrəndik:

Şəhər sakini Samirə Əzimova: "Müəyyən restoranlar var ki, onlar dönər mövzusunda bir nömrədir. Məhz mən də elə restoranlardan dönər alıb yeyirəm".

Şəhər sakini Faiq Yusifov: "Gündəlik həyatımda dönərdən çox istifadə edirəm. Mənə görə əsas dönərin keyfiyyətidir. Şəhərdə bir çox yerlər var ki, onların dönərlərini həddsiz dərəcədə çox bəyənirəm".

Şəhər sakini Fidan Zeynallı: "Çox az hallarda dönər yeyirəm. Ötən günlərdə baş vermiş hadisədən sonra nə yalan deyim dönər qidasından ehtiyat edirəm".

Şəhər sakini Haşım Babaoğlu: "İlk öncə demək istəyirəm ki, mən dönər və bu kimi küçədə satılan bütün yeməklərin hər birinə qarşıyam. Çünki o yeməklərin hansı ətlərdən hazırlandığı məlum deyil. Bu cür qidalar insanın immunitetinə bir mənalı şəkildə çox pis yönümdə təsir edir. Nə özüm dönər yeyirəm, nə də ailəmin dönər yeməsinə icazə verirəm".

Şəhər sakini Nailə Mehdizadə: "Əsasən, toyuq dönərinə üstünlük verirəm. Mənim üçün əsas keyfiyyətdir. Dönərin dadı nə qədər yaxşı olarsa, mənim üçün bir o qədər sevindiricidir".

Şəhər sakini Rəvan Bağışov: "Dönər yeyərkən, əsasən, qiymətinə önəm verirəm. Düşünürəm ki, qiymətin baha olması həmin məhsulun nə dərəcədə yaxşı olmasının göstəricisidir".

Şəhər sakini Elnur Həsənov: "Bizim ailədə dönəri anam hazırlayır. Ancaq onun hazırladığı dönəri yeyirəm. Bütün insanlara dönər yeməməyi tövsiyə edirəm".

Şəhər sakini Esmira Ağayeva: "Mən özüm dönər yeməsəm də, övladlarım üçün alıram. Onlara da aldığım zaman həmin dönərxananın təmizliyinə və ətinin keyfiyyətinə çox önəm verirəm".

Şəhər sakini Tural Məmmədli: "Düşünürəm ki, hər kəs normal qidalara üstünlük verməlidir. Bu qədər xəstəliklərin yayıldığı bir dövrdə çöldə ayaqüstü yeməklərdən istifadə etmək heç də doğru deyil".

Şəhər sakini Rima Nəsirova: "Dönər çox yeyirəm, lakin bahalı yerlərdən almıram. Qiyməti ucuz olan ancaq keyfiyyətli dönər yerləri var ki, ən çox həmin yerlərdən istifadə edirəm".

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə