Şəhər sakinləri YENİ İLƏ NECƏ HAZIRLAŞIR? - SORĞU

Şəhər sakinləri YENİ İLƏ NECƏ HAZIRLAŞIR? - SORĞU

Yeni ili qeyd etmək üçün edə biləcəyiniz limitsiz alternativlər var. Keçmişdə “Yeni ili evinizdə sevdiklərinizlə qeyd edin və ya bir şam yeməyi yeyin” deyə bilərdik, lakin bu il planlar dəyişdi, hamımız evdəyik və bunun dadını çıxarmasaq, ən böyük vida olan 2021-ci ilə əlvida deməmiş sayılarıq. Əgər biz istəsək, yeni il şənliyi 3-4 günlük mini bayrama çevrilə bilər. Bəs, görəsən, insanların bayram günü planları nələrdir? Onlar yeni ilə necə hazırlaşırlar? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Asəf Quliyev: “Düzdür, pandemiya olsa da, yeni ilin keçirilməsi müəyyən qaydalar əsasında olacaq. Mən pandemiyaya, qayda-qanunlara həm özümün, həm də vətəndaşlarımızın sağlamlığı üçün əməl edirəm. Yeni ilə isə hər kəs kimi biz də yavaş-yavaş hazırlaşırıq. Biz yeni ili ailəmizlə birlikdə keçirəcəyik. Bu, özü də bir bayramdır, çünki bayramda harada olmağınız deyil, kiminlə olmağınız önəmlidir”.

Şəhər sakini Gülbacı Məmmədova: “Bəli, keçən il pandemiya olduğuna görə biz yeni ili harasa gedə bilmədik. Lakin bu il planlaşdırırıq ki, ailəvi hansısa məkana gedib bayramı gözəl bir şəkildə keçirək. Nəvələrim isə şam ağacını qurub bəzəyiblər. Düşünürəm ki, onları da Yeni ildə hansısa teatra və s. kimi yerlərə aparacam”.

Şəhər sakini Pərviz Əmiraslanov: “Mən özüm Qubada yaşadığıma və bizim bölgə kurort bölgə olduğuna görə harasa getməyə ehtiyac qalmır. Çünki Bakıdan da bayram üçün Qubaya gələn insanların sayı az deyil. O ki qaldı şam ağaclarına, biz 3-4 il öncə aldığımız ağacı bəzəyəcəyik. Düşünürəm ki, gələn il hər kəsə düşərli bir il olar”.

Şəhər sakini Vüsalə Əlövsətqızı: “Sözün düzü keçən ilə qədər bayram abu-havasını, adətən, uşaqlar yaşayır. İnsan müəyyən yaşa dolduqca, artıq nisbətən bayrama olan maraq azalır. Lakin keçən ildən sonra uşaqlarda da bayrama maraq qalmayıb. Əvvəl deyirdilər ki, “ana, şam ağacını quraq, bəzəyək”, amma indi görürəm ki, uşaqlarda da artıq maraq yoxdur. Düşünürəm ki, uşaqları yeni il şənliyinə aparım ki, onlar üçün ən azından dəyişiklik olsun”.

Şəhər sakini Həsən Məmmədov: “Yeni il ilə bağlı planlar büdcəyə baxır. Biz həmişə yeni ilə az qalmış qərarlar veririk, öncədən proqnoz etmirik. Çünki ailədə indi planlar qurulsa və hansısa problem yaransa, o zaman həmin planlar ləğv olunmalı olur. Ona görə də düşünürəm ki, vaxtı çatanda və planlı olmamış şeylər daha yaxşı olur”.

Şəhər sakini Zərifə Nuriyeva: “Yeni ili mən ailəmlə, nəvələrimlə birlikdə keçirmək istəyirəm. Maddi tərəfdən çətinlik olsa da pensiya alan insana bayram o qədər də xoş keçmir. Çünki pensiyaların azlığı ilə bayramı yaxşı keçirə bilmirik, istədiyimiz yerə gedib gəzə bilmirik. Ona görə də bayramı evdə ailəmlə birlikdə keçirməyi düşünürəm”.

Şəhər sakini Ziya Bədəlov: “Hər bir insanın düşüncəsi fərqli olduğuna görə hər bir insan da yeni ili fərqli şəkildə keçirir. Məncə, yeni ildə harasa getmək şərt deyil. İnsanlar bir-biri ilə xoş zaman keçirsələr, bu, özü də bir bayram sayılır. Mən də düşünürəm ki, ailəmlə yeni il axşamı harasa gedib gəzərik. Beləcə həm zaman keçirmiş, həm də yeni ili xoş qarşılaya bilərik”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə