Yeni qanun mediada keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq - EKSPERT RƏYİ

Yeni qanun mediada keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq - EKSPERT RƏYİ

“"Media haqqında" yeni qanun layihəsi son günlərin ən çox müzakirə olunan mövzuları sırasında ilk pillələrdə gəlir. İctimaiyyət və mətbu camiə tərəfindən Qanun layihəsinə və onun ayrı-ayrı bəndlərinə fərqli yanaşmalar, olduqca həssas münasibət mövcuddur və düşünürəm ki, bu tam təbiidir. Hər hansı bir yeniliyə fərqli və təndiqi münasibət demokratik cəmiyyətlərə xas xüsusiyyətidir. Reallıq ondan ibarətdir ki, uzun illər öncə qəbul edilən və hazırda qüvvədə olan "KİV haqqında qanun" artıq müasir çağırışlara cavab vermir, öz işləkliyini itirib”. Bu fikirləri SİA-ya açıqlamasında Editor.az İnformasiya portalının baş redaktoru Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, məhz bu zərurətdən meydana çıxan yeni qanun layihəsi isə Azərbaycan mediasının hərtərəfli inkişafı üçün mükəmməl hüquqi baza rolunu oynamalı, sürətlə dəyişən tendensiyalar fonunda mətbuatın inkişafına yön verəcək yol xəritəsi missiyasını daşımalıdır: “Bu baxımdan bu qanun layihəsindən gözləntilər və ona olan reaksiyalar da həddən artıq çoxdur. Detallara varmadan qeyd edə bilərəm ki, "Media haqqında" yeni qanun layihəsi Milli Məclisə göndərilmədən müxtəlif formatlarda, ayrı-ayrı tədbirlər çərçivəsində jurnalistlərin ictimai müzakirəsinə təqdim edilib, media əhlindən gələn təkliflər qanun layihəsində nəzərdə alınıb. Şübhəsiz ki, bu qanun layihəsinin ictimai müzakirəsində iştirak etməyən qələm adamları da var və onların da öz fikirlərini müxtəlif formada ifadə etməsi tam normaldır. Şəxsən mən düşünürəm ki, bu qanun illərdir müxətlif səbəblərdən sürətlə reytinqini itirən Azərbaycan mediasının ictimai nüfuzunun yüksəlməsi, jurnalist peşəsinə olan hörmət və ehtiramın bərpası, real jurnalistika ilə məşğul olan qələm adamlarının əməyinin layiqli qiymətləndirilməsi, media subyektlərinin keyfiyyətli xəbər istehsalı və sistemli fəaliyyət göstərməsi üçün ciddi hüquqi baza rolunu oynayacaq”.

F.Şahbazlı vurğulayıb ki, müşahidələrim qanun layihəsi ilə bağlı cəmiyyətdə və jurnalistlərdə narazılıqlarla səbəb olan məqamların böyük əksəriyyətinin qanunla heç bir əlaqəsi olmadığını göstərir: “Bu fikirlər müzakirələr zamanı ayrı-ayrı deputatlar tərəfindən səsləndirilmiş və təəssüf ki, informasiya çirkliliyi nəticəsində sanki qanunda əksini tapıbmış kimi ictimaiyyətə təqdim edilib. Mühüm məqamlardan biri odur ki, qanun öz təsir dairəsindən kənarda baş verən heç bir mətbu prosesi qadağan etmir, bunun üçün hər hansı hüquqi əngəl gətirmir. Düşünürəm ki, yeni qanun Azərbaycan mediasında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olacaq və mətbu camiədə rəqabətliliyə gətirib çıxaracaq. Qanun layihəsi hazırda müzakirə mərhələsindədir. Hesab edirəm ki, mümkün qaydalar çərçivəsində qanun layihəsi ilə bağlı səslənən mütərəqqi ideya və fikirlərə də baxıla və nəzərə alına bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə