Məktəbliləri həddindən artıq ev tapşırıqları ilə yükləmək DÜZGÜNDÜRMÜ? - TƏHSİL EKSPERTİ AÇIQLADI

Məktəbliləri həddindən artıq ev tapşırıqları ilə yükləmək DÜZGÜNDÜRMÜ? - TƏHSİL EKSPERTİ AÇIQLADI

“Orta məktəb uşaqlarının dərs zamanı və eyni zamanda dərsdən sonra evdə olduqları zaman ev tapşırıqları ilə kifayət qədər yüklənmələri ilə bağlı müxtəlif fikirlər, fərqli yanaşmalar var”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib.


Onun sözlərinə görə, əlbəttə mən də düşünürəm ki, biz proqramları elə tərtib etməliyik ki, uşaqları çox yükləməyək: “Onların həyatlarına da çox girməyək. Bu baxımdan onların fərqli inkişaf meyilləri ola bilər bunu onların əlindən almamalıyıq. Azərbaycanda çox təəssüf valideynlərin xeyli hissəsi düşünür ki, uşaq məktəbdən gəldi və küçədə yaşıdları ilə oynayacaq. Mən də təsdiqləyirəm ki, bu çox zərərlidir və uşağın qrafiki olmalıdır. Həmin o qrafik üzrə valideyn uşağın gününü planlamalıdır və hətta bu elə həddə gəlir ki, onda həyati vərdişlər formalaşsın. Bütövlükdə uşaq öz həyat tərzini qura bilsin. Mənim şəxsi düşüncəm və öz övladıma vaxtilə tətbiq etdiyim bir üsul olub. Amma təbii ki, uşaqların çox yüklənməsinin fəsadlar verə biləcəyi də danılmazdır. Bunu isə aidiyyəti üzrə mütəxəssislər tədqiq etməlidirlər. Yəni təkcə təsadüflərə və yaxud müşahidələrə fokuslanıb biz iddianı irəli sürməməliyik”.

İ.Orucov sözlərinə davam edərək bildirib ki, Azərbaycanda xeyli pedaqoqlar, bir çox psixoloqlar, məktəbşünaslar var: “Bu istiqamətdə fikirləşməlidirlər. Təhsil institutu fəaliyət göstərir və düşünürəm ki, bu istiqamətdə iş aparmalıdır. Həqiqətənmi bizim məktəb proqramları uşaqları yorur və bu onların sağlamlığına mənfi təsir göstərir? Mən deyə bilmərəm göstərir, çünki bunla bağlı tədqiqatlar yoxdur, yanlız bu müşahidələrlə alınmış nəticədir. Bunun üçün mütləq tədqiqat lazımdır. Bu zaman reallıq daha yaxşı üzə çıxar. Düşünürəm ki, proqram mövzuları və dərsliklərin təkmilləşdirilməsinə ehtiyac var. Biz dərslikləri eksperiment etməməliyik. Bu ali təhsil müəəsisələrində, orta məktəb bazasında bu cürdür. O baxımdan mümkün qədər bu kimi məsələlərdə tədiqatların nəticələrinə, onlardan irəli gələn tövsiyələrə daha çox önəm verməliyik. Bu istiqamətdə fəaliyyətimizi qorumalıyıq. Mən o fikirdə deyiləm ki, uşaq hər şeyi məktəbdə etməlidir. Nümunələr fərqlidir, kimsə deyə bilər Finlandiyada məktəb bu cürdür, amma oranın proqram mövzuları fərqlidir. Mən düşünürəm ki, biz uşaqlarda yaxşı vərdişlər, yaxşı səriştələr formalaşdırmalıyıq. Bu mütləq olmalıdır. Düzgün həyat tərzi formalaşdırmalıyıq, bu çox önəmlidir.

Əsas üzərində dayandığım məqam budur. Hətta bütövlükdə məktəbin vəzifəsi təkcə dərsi tədris etmək deyil, eyni zamanda məktəb vətəndaş da yetişdirməlidir. Burada tərbiyə müəssisəsi rolunda da çıxış etməlidir. Yəni təkcə tapşırıqlarla, gündəlik çalışmalarla uşağı yükləmək ziyanlıdır. Təssəvvür edin ki, yuxarı siniflərdə imtahanlara hazırlaşır və onun da xeyli çətinlikləri var. Müşahidələrimə əsasən bu nəticəyə gəlirəm ki, biz uşaqlara mümkün qədər dərsi sevdirməliyik. Uşaqları tapşırıqlardan, dərslərdən soyutmamalıyıq. Onların qəlbində o sevgini formalaşdırmalıyıq. Bir çox hallarda isə bu tapşırıqlar sadəcə olaraq uşaqları ürəyində o fənnə sevgini öldürür”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə