Ailədə büdcəni kim idarə etməlidir? - PAYTAXT SAKİNLƏRİNİN BAXIŞI - SORĞU
Ailə büdcəsinin idarə olunması, düzgün bölüşdürülməsi böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki bəzi ailələr var ki, onlar az büdcə ilə belə ailəni dolandırır və xoşbəxt yaşamağı bacarırlar. Bəzən isə ailələrin yetərli gəlirləri olsa belə düzgün idarə olunmadığı üçün ailədə problemlərə səbəb ola bilir. Bu zaman da ortaya büdcəni kim idarə etsə daha yaxşı olar kimi suallar çıxır. SİA olaraq şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışdıq:
Şəhər sakini Vüqar Almazov: "Ailə büdcəsini hər halda qadın daha düzgün və səmərəli idarə edə bilər. Çünki qadın birincisi anadır, ikinci olaraq isə qadın evdə olan problemləri daha yaxşı görə bilir. Kişi isə daha çox işdə olduğu üçün evdəki problemləri hər zaman tam nəzarətdə saxlaya bilmir. Düzdür, indiki dövrümüzdə qadınlar da işləyir, amma hər bir halda ailənin hər bir fərdi evdəki problemlərdən xəbərdar olur. Hətta mənə elə gəlir ki, xanımın pulu yığması nəticəsində bir ildən bir istirahətə getmək belə mümkün olur".
Şəhər sakini Gülnaz Əliyeva: "Zənnimcə, ailə büdcəsini evdə əsas idarə edən xanımdır. Amma həm kişi, həm qadın ailə büdcəsini nəzarət altında saxlamağı bacarmalıdır. Adətən qadınlar daha çox ekonomiya etməyi bacardıqları üçün bu yük də onların üzərinə düşür. Qadın ümumi olaraq büdcənin nəyə sərf olunmasını tənzimləməklə bərabər, həm də kənarda pul toplanmasını da təmin etməyi bacarır. Bu isə çox vacibdir. Çünki elə zəmanədə yaşayırıq ki, hər an başımıza hər şey gələ bilər. Buna görə də büdcənin hara xərcləndiyini daimi nəzarətdə saxlamaq lazımdır".
Şəhər sakini Bəxtiyar İsmayılov: "Əgər, biz ailə büdcəsi ifadəsini işlədiriksə deməli bu xüsusi kimdəsə deyil hamıda olmalıdı. Yəni hər kəs buna diqqət edərək, nəzarətdə saxlamalıdır. Burada hər kəsin üzərinə yük düşür. Mən deyərdim ki, Azərbaycanda büdcəni 70-80 faiz qadınlar idarə edir. Çünki kişi işdə olur və qadın daha çox ailə problemləri ilə məşğul olur. Buna görə də ailədə kimin nəyə ehtiyacı olduğunu da qadınlar daha yaxşı bilir".
Şəhər sakini Səyyarə Heydərova: "Bir hüquqşünas olaraq deyə bilərəm ki, məhkəmələrdə kişilər çox vaxt qadınların bütün pulun onlarda olduğunu qeyd edərək, ayrılmaq istəyirlər. Onlar bildirirlər ki, biz işləyirik, bütün gün evdən kənarda oluruq, uşaqları məktəbə, bağçaya aparırıq, amma ay sonunda qadın bütün maaşının ona verilməsini tələb edir. Bu isə ailədə artıq problemlərin yaranmasına gətirib çıxarır. Mənim fikrimcə də ailə büdcəsi kişidə olmalıdı. Onun nəzarət etməsi daha məqsədəuyğundur".
Şəhər sakini Zaur Hüseynov: "Ailə büdcəsinin idarə olunması ümumi bir məsələdir. Buna həm qadın, həm də kişi nəzarət etməlidir. Hətta evdə uşaqlar işləyirlərsə, burada onların da iştirakı mühümdür. Hər hansı bir şey alınmalıdırsa, bunu hər kəs birgə müzakirə edib, büdcəni nəzərə alıb sonra addım atılmalıdır".
Şəhər sakini Rəna Mehdiyeva: "İndiki cavanlara qalsa böyüklərdən məsləhət alamadan büdcəni hər yerə sovurarlar. Amma nəzərə almaq lazımdır ki, ailədə böyüklər varsa onlar büdcəni idarə etməlidirlər. Çünki, onların bir çox mövzuda olduğu kimi bu mövzuda da təcrübəsi daha çoxdur. Təbii ki, qadınla kişi arasında isə bu məsuliyyət qadının üzərinə düşür. Biz öz ailəmizdən də bu cür görmüşük. Hər zaman atamız işləyib, pulu isə anamız idarə edib".

Şəhər sakini Güllü Hüseynxanova: "Ailə büdcəsini evin kişisi idarə etməlidi. Çünki bütün ağırlıq kişinin üzərində olur. Qadın isə ev qadını olmalı, evin işləri uşaqların tərbiyəsi ilə məşğul olmalıdır".
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB