Qadınlara qarşı artan şiddətin səbəbi nədir? - CƏMİYYƏTİN BAXIŞI - SORĞU
Son zamanlar ictimai nəqliyyat vasitələrində qadınlara qarşı zorakılıq halları artıb. Əsasən də taksi sürücüləri bu cür halları fürsət bilib qadınlara qarşı istər psixoloji, istərsə də fiziki şiddət tətbiq edirlər. Bəs nə üçün bu hallar artıb? Həmin halların qarşısı necə alınmalıdır? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik.
Şəhər sakini Tamerlan Qasımov: “Əvvəla onu demək istərdim ki, Quranda da qeyd edilib ki, qadına, anaya, qız övladına əl qaldırmaq günahdı. Yəni bu hərəkətləri etməmişdən qabaq fikirləşmək lazımdır ki, mənim də evdə anam, bacım var. Yəni qadın necə biri olursa-olsun, ona qarşı qeyri-etik davranmaq yol verilməzdir. Əlbəttə, ölkəmizdə belə halların baş verməsi olduqca məyusedici bir haldır. Belə hallar baş verməsə daha yaxşı olardı, amma baş verdiyi təqdirdə də bunun qarşısı alınmalıdır”.
Şəhər sakini Tamara Musazadə: “Son vaxtlar taksi sürücülərinin bu cür hərəkətləri adamı lap təngə gətirib. Belə hallar əlbəttə cəmiyyətdə xoş qarşılanmır. Həmin o sürücülər fikirləşməlidirlər ki, onların da evlərindəki xanımlara qarşı belə etsələr yaxşı olarmı? Bu halların azalması üçün ciddi tədbirlər həyata keçirilməlidir”.
Şəhər sakini Nurcan Məmmədli: “Mən bir xanım olaraq bu cür hallardan narazıyam. Mən nəyə görə belə insanlara görə rahat hərəkət edə bilməyim. Düşünürəm ki, hər bir avtomobilə cihazlar yerləşdirilməlidir. Əgər belə hallar baş verərsə onların qarşısı alınmalıdır. Onlara qarşı cəzalar tətbiq edilməlidir”.
Şəhər sakini Elduzə Abbasova: “Əvvəllər belə deyildi. Son zamanlar bu hallar artıb. O da niyə? Çünki indi hər kəs altında bir maşın sürücülük edirlər. Bu düzgün deyil. Peşə mədəniyyəti deyilən bir şey var. Müştəriyə qarşı nəzakətli olmalıdırlar. Bu təkcə qadınlara aid deyil. Həmçinin uşaqlara, yaşlılara da bu tətbiq edilməlidir”.
Şəhər sakini Səma Teymurzadə: “Düşünürəm ki, sürücüləri işə almazdan əvvəl onları yoxlamaq lazımdır. Azərbaycanda belə halların baş verməsi yaxşı deyil. Taksi şirkətləri cavabdehlik daşımalıdırlar”.
Şəhər sakini Zeynəb Bağırova: “Mənim həyat yoldaşım da taksi sürücüsüdür. Belə halları eşidəndə əsəbləşir. Yəni əvvəllər sürücü olmaq üçün dərslər keçirilirdi. Əgər sərnişin sürücünü danışdırmırsa sürücü vətəndaşı danışdıra bilməzdi. Amma indi fikir versək görərik ki, sürücülərin çoxu müştərilərlə doğru tərzdə hərəkət etmirlər. Əlbəttə, belə halları qınayırıq. İstəməzdik ki, bu hallar artsın”.
Şəhər sakini Nurlan İsrəfilov: “Düşünürəm ki, belə hallar utancvericidir. Bunların qarşısını mütləq almaq lazımdır. Hər qadın bir evin anasıdır, bacısıdır. Bəlkə onların özlərinə də elə davranmaq lazımdır ki, onlar ağıllansın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB