“Yeni media qanununun qəbul edilməsi günün tələbidir” - ÖZƏL-MÜNASİBƏT

“Yeni media qanununun qəbul edilməsi günün tələbidir” - ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalanmışdı. Həmin Fərmanla Medianın İnkişafı Agentliyi yaradılmışdır. Eyni zamanda, Fərmandan irəli gələn tapşırığa uyğun olaraq "Media haqqında" qanun layihəsi də bu gün hazırlanmaqdadır”. Bunu Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, atılan bu addımlar milli informasiya məkanında inkişafın aparılmasının dövlət üçün prioritet olduğunun göstəricisidir: “Həmçinin bu qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini nümayiş etdirir. Müasir mediamızın inkişaf etməsi qanunvericilik bazasının mükəmməl olmasından keçir. Məlum olduğu kimi "Media haqqında" mövcud olan qanun 1999-cu ildə qəbul olunmuş və müxtəlif vaxtlarda 79 dəfə dəyişikliyə məruz qalmışdır. Artıq bu qanun müasir dövrün tələblərinə cavab vermir. Eyni zamanda, dünyada texnologiyaların sürətlə inkişaf etməsi informasiya texnologiyalarının da sürətli inkişafına səbəb olmuşdur. Artıq demək olar ki, hər gün bu sahədə yeni informasiya çatdırılma metodlarının yaradıldığının şahidi oluruq. Xüsusilə sosial şəbəkələr vasitəsilə yeni virtual informasiya vasitələri yaranmaqda və artmaqdadır”.

A.Xəlilov onu da bildirib ki, mövcud qanunların aparılan inkişafa uyğun tənzimlənməsi artıq dövrün tələbidir, desək yanılmarıq: “Eyni zamanda, nəzərə almaq lazımdır ki, burada informasiya məkanının qanunla tənzimlənməsi dövlətin və cəmiyyətin təhlükəsizliyi naminə çox ciddi bir məsələdir. Biz bunu 44 günlük Vətən müharibəsi dövründə də müşahidə edirdik. Yalnış informasiyaların yayılması, cəmiyyəti çaşdırmağa yönəlmiş xəbərlərin verilməsi, düşmən xüsusi xidmət orqanlarının fəaliyyəti özünü açıq şəkildə biruzə verirdi. Hərbi texnikalarımızın hərəkəti və ordumuzun mövqelərinin yayımlanması hallarına yol verilirdi. Məhz bu kimi halların qarşısının alınması üçün qanunvericilik bazası gücləndirilməlidir. Heç də bəzilərinin iddia etdikləri kimi bu qanun layihəsi informasiya məkanımızda hansısa digər məqsədlərə yox ancaq medianın inkişafına və təhlükəsizliyin təmin olunmasına xidmət etmək məqsədi daşıyır. Qanun layihəsində vahid Media Reyestrinin yaradılması jurnalistlərin bu reystrə daxil edilməsi nəzərdə tutulur. Vahid jurnalist vəsiqəsinin verilməsi də qanunda öz əksini tapır. Bu isə məlum olduğu kimi bəzi reketçiliklə məşğul olan şəxslərin fəaliyyətinin qarşısının alınması məqsədini daşıyır. Bu isə ancaq media mühitinin sağlamlaşmasına xidmət edəcəkdir. Nəzərə almaq lazımdır ki, bu məsələ qanun layihəsində könüllü xarakter daşıyır. Agentliyin təqdim etdiyi vahid jurnalist vəsiqəsi də olmadan fəaliyyət göstərmək qadağan olunmur. Media subyekti öz əməkdaşlarına özlərinin vəsiqələrini verməkdə tam müstəqildir. Digər bir medianın yaralı yeri olan müəllif hüquqlarının qorunması məsələsidir. Yeni qanunla bu məsələdə hüququ təminatın yaradılması nəzərdə tutulur. Bu isə media subyektləri arasında sağlam rəqabət mühitinin yaradılmasına xidmət edəcəkdir. Artıq biz sosial şəbəkələrdə qanun layihəsindən xəbəri olmayan bəzi şəxslərin çaşdırıcı mövqelərinə rast gəlirik. Bu tip mövqelər cəmiyyəti çaşdırmamalıdır. Məlumat üçün bildirirəm ki, bu qanun sosial şəbəkələrin və "blogger"lərin fəaliyyətini tənzimləmir. İnternet televiziyaların lisenziya alması məcburi deyil. Lisenziyası olmayan internet televiziyası sərbəst öz fəaliyyətini apara bilər. Bu qanun əsas jurnalistika peşəsinin ciddi mahiyyət almasına xidmət etmək üçün istiqamətlənmişdir. İctimaiyyət və media arasında etimadın güclənməsinə xidmət edəcəkdir. Bu qanun çap və onlayn medianın yaradılması üçün dövlət orqanlarında icazə almaq tələb etmir. Vahid reyestrin məqsədi media subyektlərinin statistikasının aparılması üçün nəzərdə tutulur. Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar və sənədlər hər bir media subyektində mövcuddur. Reyestr sadəcə onları vahid bazada toplayır ki, bu da müasir dövrün tələbidir. Reyestrin aparılması keyfiyyətli xəbər istehsalın təmin etmək məqsədi daşıyır. Reyestrin aparılmasının bir müsbət tərəfi də özünü media subyekti və ya jurnalist kimi təqdim edən, sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısının alınmasına xidmət edəcəkdir”.

A.Xəlilov onu qeyd edib ki, qanun lahiyəsi 800-ə yaxın media subyekti, jurnalist və ekspertlərlə müzakirə olunmuşdur: “Hesab edirəm ki, mükəmməl bir qanun layihəsidir və mediamızın müasir inkişaf etməsinə böyük töhfə verəcəkdir. Bir məsələni də vurğulayım ki, açıq etiraf etməliyik ki, bu gün Azərbaycanda milli informasiya subyektlərimiz bizim həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində heç də lazımi nəticələri ortaya qoya bilmir. Bu qanun layihəsində nəzərdə tutulan müddəalar daxili informasiya məkanın təhlükəsizliyinin təmin olunmasına və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır. Xüsusilə nəzərə almalıyıq ki, tarixi Zəfər Qələbəmizdən sonra Ermənistanla hələ də aramızda sülh müqaviləsi imzalanmayıb. Düşmən yenə də təxribatlarını davam etdirir. Cəbhədə ordumuzun dəmir yumruğu nəticəsində acı məğlubiyyətə düçar olan düşmən informasiya cəbhəsində bunun əvəzini çıxmaq istəyir. Burada da düşmənə ağır zərbə vurmaq üçün milli informasiya məkanımız güclü olmalı, peşəkar jurnalistlərimiz yetişməlidir. Dünya ictimaiyyətinə informasiya çatdırmaq gücündə olan media subyektləri yaranmalıdır. Məhz bunu üçün yeni media qanununun qəbul edilməsi günün tələbi olaraq çox vacibdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə