Depressiyadan çıxmaq üçün nə etmək lazımdır? - PSİXOLOQ AÇIQLADI
“Depressiya insanlarda xüsusilə soyuq aylarda daha çox təsadüf olunur. Çünki bu aylarda aktivliyin zəifləməsi insanların depressiyaya meyillənməsinə gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Narınc Rüstəmova bildirib.

Onun sözlərinə görə, çox zaman depressiya tükənmişlik sindromu ilə səhv salınır: “Amma depressiya təbii ki, daha uzun müddət, ən az altı ay davam edir. Ümumiyyətlə depressiyadan çıxmaq üçün kiçik vasitələrdən istifadə etmək olar. Məsələn, depressiyada olan insanlar yavaş-yavaş özlərinə baxmaq xüsusiyyətlərini itirir, daha az çimir, özünə baxım bacarıqları zəifləyir. Bu zaman hər gün duş almaq lazımdır. Suda olan ionların müsbət tərəfi var ki, insanda olan gərgin enerjini daha tez alır. İnsanın rahatlaması və daha pozitiv düşünməsinə şərait yaradır. Amma təbii ki, depressiyanı araşdırmaq lazımdır ki, nədən qaynaqlanıb, hansı aylarda baş verib. Depressiyada olan insanlar adətən özlərini yorğun, halsız hiss edir və heçnədən zövq almırlar. Bir neçə saat, bir neçə dəqiqə özünü yaxşı hiss edə bilər, sonra isə hər hansı kiçik səbəblərdən yaxud da səbəbsiz şəkildə enerjiləri düşməyə başlayar. Depressiyada olan şəxslər çox zaman yuxulu olur, buna görə də yataqda daha az vaxt keçirmək, hətta böyük yaşlı insanların 8 saatdan çox yatmaması məsləhət görülür”.
Psixoloq fikirlərinə davam edərək bildirib ki, mütləq şəkildə depressiya zamanı çalışdığı iş otağı və evdə əşyaların yerini dəyişdirmək lazımdır: “Biz buna 23 element sirri deyirik. Yəni, 23 elementin yerini dəyişmək lazımdır. Məsələn divanın, televizorun və yaxud iş otağındakı masanın yerini dəyişərək, masanın üzərinə yeni dekorlar, kaktus almaq olar. Bu cür kiçik dəyişikliklər belə daha tez depressiyadan çıxmağa kömək edir. Eyni zamanda depressiya müşahidə olunan insanlarda ya iştahsızlıq, ya da həddindən çox iştah olur. Yemək zamanı suyu bol istifadə etmək də depressiyadan çıxmağa kömək olan vasitələrdən biridir. Yeməklərdə ispanaq, gül kələmi kimi tərəvəzlərdən istifadə də depressiyadan azad olmağa yardım edəcək. Əlavə olaraq, həzin musiqilərdən uzaq durmaq şərtilə, musiqi dinləmək də insana müsbət enerji ötürəcəkdir. Şiddət, dramdan ibarət olan filmlərdən də uzaq durmaq məsləhət görülür. Ən gözəl məlhəm isə sevdiklərimizlə zaman keçirtməkdir. Dostları olmayanlar isə bir kofe alıb, parkda əyləşib saatlarla insanları izləyə bilərlər. Çünki insanlar içərisində olmaq onları depressiyadan uzaqlaşdırcaq. Ümumiyyətlə yanlız insanlar daha çox depressiyaya meyilli olurlar. Bütün bunlarla yanaşı uzun müddət davam edən depressiya zamanı psixoloq dəstəyi artıq mühüm rol oynayır”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB