“Media haqqında” yeni qanun layihəsinin əhəmiyyəti nədən ibarətdir? - MEDİA EKSPERTİ AÇIQLADI

“Media haqqında” yeni qanun layihəsinin əhəmiyyəti nədən ibarətdir? - MEDİA EKSPERTİ AÇIQLADI

“Jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, “Media haqqında” yeni qanun layihəsi Medianın İnkişafı Agentliyinin dəstəyi və təşkilatçılığı ilə birgə müzakirələrdən sonra hazırlanıb: “Burada jurnalist ekspertlər, baş redaktorlar, müstəqil jurnalistlər iştirak edib. Açıq şəkildə müzakirələr keçirilib və müzakirələr nəticəsində də qanun layihəsi formalaşıb. Bu layihədə bir sıra mütərəqqi müddəalar əksini tapıb ki, köhnə KİV haqqında qanun layihəsində bunların heç biri yox idi. Jurnalistlərin Media Reyestrinə daxil edilməsi məsələsi də burada öz əksini tapıb. Bu isə çox vacib bir məsələdir. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır”.

Ekspert fikirlərinə davam edərək bildirib ki, bütün bunlar qanun layihəsinin üstün cəhətləri kimi qiymətləndirilə bilər: “Çap mediası və onlayn media subyektlərinin təsis edilməsi üçün artıq icazə tələb olunmur. Bu isə jurnalistikaya azadlığın tam tanınmasıdır. Bununla bağlı layihədə öz əksini tapan müddəalar var. Amma bizdə keçmiş KİV haqqında qanunda o qədər boşluqlar var idi ki, jurnalist öz funksiyalarının nədən ibarət olduğunu bilmirdi. İndi isə hər şey dəqiqləşəcək. Jurnalist kimdir, funksiyası nədən ibarətdir, informasiyanı hansı formada verə bilər bunlar artıq qanunla tənzimlənəcək. Bu mənada təqdirə layiq bir layihə kimi qiymətləndiririk”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə