Bəzi orta məktəb şagirdləri niyə intihara meyilli olurlar? - PSİXOLOQ AÇIQLADI

Bəzi orta məktəb şagirdləri niyə intihara meyilli olurlar? - PSİXOLOQ AÇIQLADI

“Bizim bu gün maraqlarımız hər an övladlarımızın üzərində olmalıdır. Hər zaman bu mövzu ilə bağlı maarifləndirici söhbətlər, müsahibələr etməliyik. Bu, bəlkə də bilmədən səhv addım atan valideynlər üçün də əhəmiyyətli olar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, onlar da öz övladlarını daha yaxşı tanıyıb, onlara qarşı daha diqqətli ola bilərlər: “Həm də bugün rahatlıqla psixoloqa gedə bilmələrinə zəmin yaratmış olar. Çünki bir çox valideynin fikirlərinə görə psixoloqa müraciət etmək övladlarında hər hansısa bir problemin olması yaxud da onların xəstə olmalarına dəlalət edir. Lakin təbii ki, belə deyil. Əslində yeniyetməlikdə uşaqlarımızın intihara sürüklənməsinin qarşısını ala bilmək üçün, elə uşaqlıqdan onların psixologiyası ilə yaxından tanış olmalıyıq. Təbiidir ki, bu məsələdə məktəbin və məktəb psixoloqunun da rolu böyükdür. Çünki valideynlərlə iş məktəbin ənənəvi vəzifəsidir. Məktəblərdə psixoloji xidmətin təşkil olunması pedaqoji kollektivin, həm ailə, həm də uşaqla münasibətlərində mühüm rol oynayır. Bütün bu tədbirlər isə “Bu gün bizim şagirdlərimizi intihara aparan yol nədir?”, “Niyə şagirdlərimiz intihara doğru addım atır?” kimi sualların cavabını tapmağa kömək edir. Bir uşağın intihara sürüklənməsinin isə müxtəlif səbəbləri ola bilər. Kimsə ailədə fiziki zorakılığa məruz qalır, kimsə ailənin psixoloji uyumunun olmamasından artıq bezərək bu yola əl atır”.

Psixoloq sözlərinə davam edərək bildirib ki, əgər valideyn uşağına şərtlər qoyursa, onu dərslərini oxuduqda harasa aparmaq və yaxud da telefonun əlindən alınması ilə təhdid edirsə və uşaq intihar edirsə səbəb olaraq yanlız bunları götürmək düzgün sayılmır: “Çünki, heç bir uşaq bir dəfə harasa getməmək, ya da telefonun əlindən alınması ilə intihar etməz. Yəni bu absurd bir fikir olar ki, valideynin hər hansısa bir fikrinə görə uşaq anında qaçıb intihar etsin. Əgər uşaq 1-ci, yaxud 3-cü qrupa hazırlaşır və bir müddət sonra qrupunu dəyişmək istədikdə valideyn buna qarşı çıxarsa, uşağın sanki həmin an beynində bir reseptor yaranır. Yaranacaq reseptorların içərisində artıq aqressiyalar yaranır, bu aqrsessiya ilə isə ətrafındakıları qıcıqlandırmaq istəyir. Bu zaman artıq digər bir səbəbin də ortaya çıxdığını gördük. Buna görə də intiharın səbəbini konkret bir səbəblə bağlaya bilmərik. Təbii ki, burada məktəb psixoloqları valideynlərə yönələn məruzələrdə ardıcıl olaraq bu məsələləri nəzərə almalıdırlar. Fərqi yoxdur bu məktəb psixoloqudur və yaxud praktik psixoloqdur. Beləliklə, burada psixoloqların valideynlərlə bütün müsbət işlərində bir nöqsan nəzərə çarpır ki, bu da məktəb psixoloqlarının valideynlərlə daimi əlaqədə olmamasıdır. Yəni əlaqə nə qədər zəif olarsa, bu da uşaqların psixologiyasında eyni formada öz mənfi təsirini göstərir. Biz bugün öz övladlarımızı qorumalıyıq, onları intihardan və artıq atılan addımlardan mühafizə etməliyik”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə