Həştərxanla çoxtərəfli əməkdaşlıq yeni mərhələdə

Azərbaycanın şəhər və rayonlarının Rusiya Federasiyasının ayrı-ayrı subyektləri ilə əlaqələri getdikcə daha da inkişaf edir. Həyata keçirilən qarşılıqlı səfərlər, qurulan iqtisadi və ticari əlaqələr öz növbəsində hər iki ölkənin iqtisadiyyatına öz müsbət təsirini göstərir. Bu sırada Həştərxan vilayəti ilə qurulan əlaqələri xüsusi qeyd etmək yerinə düşər. Sözügedən vilayətlə artıq neçə illərdir ki, müxtəlif sahələri əhatə edən əlaqələr qurulub və bu əlaqələr hər ötən gün daha da inkişaf edir. SİA xəbər verir ki, məhz gün-gündən inkişaf edən əlaqələrin məntiqi nəticəsidir ki, bu günlərdə Həştərxandan geniş tərkibli nünayəndə heyəti Azərbaycanda səfərdə oldu. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın əksər rəsmi qurumları ilə görüşləri keçirildi, qarşılıqlı maraq doğuran müzakirələr aparıldı. Nümayəndə heyətinin səfəri zamanı ən yadda qalan görüş isə qonaqların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi oldu.

Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulandı.

Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirildi.

Elə həmin gün, yəni dekabrın 7-də Bakıda Həştərxan İş Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiya Federasiyası tərəfindən Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkin və Həştərxan Hökumətinin yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycan tərəfindən Həştərxan şəhərində inşa edilmiş Azərbaycan İş Mərkəzi ilə eyni layihə əsasında Bakı şəhərində Həştərxan İş Mərkəzinin inşası üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq tapşırıqlar verilib.

Həştərxan və Bakıda yaradılmış mərkəzlər ölkələrimizin qarşılıqlı münasibətlərinin səviyyəsini yüksəltməyə, iş adamları arasında əlaqələri genişləndirməyə imkan verəcək.

Mərkəzin açılışından sonra Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzi ilə Bakıdakı Həştərxan İş Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki,anoloji memoranduma Mərkəzlə Həştərxan Dövlət Universiteti arasında da imza atılıb.

Qeyd edək ki, Mərkəzin təməlqoyma mərasimi 2017-ci il dekabçrın 19-da keçirilib. Bildirilib ki, 100 nəfərə yaxın yerli vətəndaşın işlə təmin edilməsi nəzərdə tutulan, Azərbaycan-Rusiya dostluq əlaqələrinin bariz nümunəsi olan Həştərxan İş Mərkəzinin əsas fəaliyyət istiqaməti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrini genişləndirmək, Azərbaycan istehsalçılarının Rusiya bazarına çıxışını asanlaşdırmaq, həmçinin sosial, mədəni sahələrdə körpü yaratmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə