Aİİ ilə əməkdaşlığa başlanılıb - FOTO

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” (EU4GE) regional proqramı çərçivəsində cəmiyyətdə gender stereotiplərinin aradan qaldırmasının təşviqi prosesində inancın rolunun təbliğinə həsr olunan layihənin icrasına başlanılıb. SİA-nın verdiyi məlumata görə, layihə cəmiyyətdə mövcud olan gender stereotipləri və ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş fəaliyyətlərdə dini icma nümayəndələrinin iştirakını gücləndirmək üçün gender-transformativ bacarıqların artırılması məqsədi daşıyır.

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən icra ediləcək layihədə Azərbaycan mühitinə uyğun olaraq, məişət zorakılığının qarşısının alınması və onunla mübarizə yolları istiqamətində Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıq nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində institutla birgə mühazirə və seminarların təşkili, həmçinin institutun elmi-pedaqoji heyətinin iştirakı ilə İslam dininin məişət zorakılığının qarşısının alınmasındakı roluna dair tədris materiallarının hazırlanması və bu mövzuya həsr olunmuş konfransın keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində cari ilin noyabr və dekabr ayları ərzində gender-əsaslı zorakılığın qarşısının alınması və onunla mübarizə mövzusunda Azərbaycan İlahiyyat İnstitutunun 100-dək tələbəsi üçün təlim və infosessiyaların keçirilməsi nəzərdə tutulur.

Proqram haqqında:

Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə –Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...