Məsələyə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov münasibət bildirib.
“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının Vətən Müharibəsi şəhidi Təbriz Namazovun şəhadətə ucalmasının birinci ildönümü münasibətilə keçrilən tədbirdə videoçəkiliş aparılmasına icazə verməməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.
Məlumat üçün deyim ki, dekabrın 6-da rayonun Aşağı Seyfəli kəndində keçirilən tədbirdə əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, havadan dronla rəqəmsal çəkiliş aparmaq istəyiblər. Polis əməkdaşları qanunla müəyyən edilmiş qaydada çəkilişi dayandırıb.
Avadanlıq sahibi Elşad Tağıyev avadanlığı ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gətirilib. Şöbədə onunla söhbət aparılıb və bildirilib ki, ərazidə hərbi-strateji obyektlər olduğundan havadan çəkiliş aparılması qadağandır.
Daha sonra Elşad Tağıyevə avadanlığı təhvil verilib və o, sərbəst buraxılıb. Onu da qeyd etmək istəyirəm ki, istər tədbir iştirakçıları, istərsə də tədbirdə olan mətbuat nümayəndələri digər növ çəkilişlərdən istifadə edərək tədbir barəsində ictimaiətə geniş məlumatlar veriblər”, – DİN rəsmisi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə