Şəhidin adına inşa edilən bulağın açılışı olub

Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı olub.

SİA xəbər verir ki, Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım günündə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin xatirəsi yad edilib, məzarı üzərinə gül-çiçək düzülüb, ruhuna dualar oxunub. Anım mərasimində çıxış edənlər, şəhidin həyat və döyüş yolundan söz açıb. Onun göstərdiyi şücaətdən danışıblar.

Daha sonra Daşkəsən rayonunun Xoşbulaq kəndində şəhidin xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı olub.

Şəhid M.Abdullayevin atası Vaqif Abdullayev, anası Aybəniz Abdullayeva göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi əsgər Abdullayev Məhəmməd Vaqif oğlu 1999-cu il aprelin 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. O, Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. M. Abdullayev Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

O, 2020-ci il dekabrın 6-da Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Məhəmməd Abdullayev hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə