Şəhər sakinlərinin Yeni ildən gözləntiləri nələrdir?- SORĞU

Hər Yeni ili gözləntilərimiz və arzularımızla qarşılayırıq. Bu ildə hədəflər və gözləntilər, əslində, dəyişiklik arzusudur. Tək bir dilək sözü dəyişiklik gətirmir. Özümüzə nə qədər məqsəd və gözləntilər qoyuruq. Yeni il bir mərhələdir, il dəyişdikcə hər şeyi dəyişmək üçün bir ərəfəyə çevrilir. Bəs, görəsən, insanların gələn ildən gözləntiləri nələrdir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini İlahə Kərimova: “Arzu edirəm ki, qarşıdan gələn Yeni il insanlara uğur, şans gətirsin. Hər kəsin xoşbəxt olmağa haqqı var, düşünürəm ki, bu gələn ildə hər kəs sevincli və xoşbəxt olacaq. Bütün problemləri az müddət də olsa, kənara qoyub xoşbəxt olmağa can atmalıyıq. Çünki problemlər həmişə var və yaşadığımız müddətdə də davam edir”.

Şəhər sakini Namiq Rzayev: “Gözləntilərim ondan ibarətdir ki, yəqin ki, vaksinasiya prosesi bitdikdən sonra insanlar normal həyatlarına davam edər. Çünki bizi ən çox da incidən vaksinasiya prosesi və insanların ölməsidir. Ən çox koronavirusun həyatımızdan çıxmasını gözləyirik”.

Şəhər sakini Nailə Məmmədova: “Mənim ən böyük gözləntim təbii ki, bu virusun həyatımızdan yox olmasıdır. Məlumdur ki, iki ildir bu ölkə virusla mübarizədədir. Bu mübarizənin və müharibənin bitməsi mənim ən böyük arzumdur. Digər gözləntim isə gələn ilin daha yaxşı və hüzurlu keçəcəyidir”.

Şəhər sakini Kazım Nuriyev: “Bu gün qarşıdan gələ Yeni il abu-havası o qədər də görünmür. Əvvəllər Yeni il daha təntənəli şəkildə qeyd olunardı. Çünki insanlar kasıb yaşasa da, şən və xoşbəxt idilər. İndi isə insanlar xoşbəxt ola bilmirlər. Səbəb bəlkə də maddiyyatla bağlı deyil, amma insanlar xoşbəxt olmaq üçün səbəb axtarmaq istəmirlər. Hər kəs kiminsə onu xoşbəxt edəcəyini gözləyir. İnsan gərək hər hansı bir kiçik şeydən xoşbəxt olmağı bacarsın, yoxsa onu heç kim xoşbəxt edə bilməz. Gözləntim isə ondan ibarətdir ki, gələn il insanlar xoşbəxt olmağa çalışsınlar”.

Şəhər sakini Sevinc Musayeva: “İnsanlara arzu edirəm ki, çox istədikləri və qəlbində olan məqsədləri həyata keçsin. Gözləntilərim isə hüzur, sağlamlıq, xoşbəxtlik və bol qazancdır. İnsan bir şeyi çox istədikdə bu olur, bu inkar edilməli bir şey deyil. Allah da kimin qəlbində nə varsa hər kəsə ona görə hədiyyələr versin. Çalışaq qəlbimizi təmiz tutaq”.

Şəhər sakini Akif Nəzərov: “Təbii ki, hər kəsin olduğu kimi mənim də gözləntilərim var. Hər şeydən əvvəl sağlamlıqdır. Çünki sağlamlıq olmasa, insan bədəni gücsüz olsa xoşbəxtlik də olmaz. Ona görə də hər kəsə sağlam həyat diləyirəm ki, xoşbəxt ola bilsinlər. Digər gözləntilərim də ondan ibarətdir ki, pandemiya ilə mübarizə dayansın və biz qalib gələk. Hər şey əvvəlki kimi olsun ki, daha rahat yaşaya bilək”.

Şəhər sakini Leyla Nuriyeva: “Ən çox istərdim ki, bu Yeni il hər kəsə uğur gətirsin. Düzdür uğuru qazanmaq üçün çox çalışmaq lazımdır ki, ona çata bilək. Bəzi insanlar çox çalışarkən digərləri bunu şans hesab edir. Ancaq hər insan şanslı deyil. Bəzi insanlar o uğura illərini sərf edir. Ona görə də insanlara xoşbəxtlik və uğur arzu edirəm”.

Şəhər sakini Hacıağa Cəfərov: “Ən çox istəyərəm ki, övladlarım xoşbəxt olsun. Hər bir ata kimi mənim də arzum budur. Onların üzünün gülməsi mənim də sevincimdir. Ona görə arzu edirəm ki, onlar həmişə sevinsinlər, çətinliklərlə üzləşsələr də, həmin çətinliklərdən çıxmağı bacarsınlar. Həyat mübarizədir, mən də onlara mübarizə etməyi öyrətmişəm ki, hər daim problemləri həll edə bilsinlər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...