“Könüllülərin Zəfəri” layihəsi davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülərin Zəfəri” layihəsi keçirilir.

SİA xəbər verir ki, Azərbaycan Könüllülər İctimai Birliyinin mətbuat katibliyindən verilən məlumata görə, layihə çərçivəsində Vətən müharibəsi iştirakçıları, hərbi ekspertlər və Azərbaycanı xarici təşkilatlarda təmsil edən nümayəndələrin gənc könüllülərlə görüşləri təşkil edilir.

İlk görüş hərbi jurnalist Heydər Mirzə və “Vətən Müharibəsi Qəhrəmanı” Vüsal Yaqubovun, ikinci görüş İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin icraçı direktoru Vüsal Qurbanovun və “Azərbaycan” qəzetinin Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin iştirakı, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyevin moderatorluğu ilə baş tutub.

Qonaqlar 44 günlük müharibə zamanı yaşadıqları xatirələri gənclərlə bölüşüb, eyni zamanda, gənclər tərəfindən zəfər yolumuzla bağlı verilən sualları ətraflı şəkildə cavablandırıblar.

Ən gənc Vətən Müharibəsi Qəhrəmanı olan Vüsal Yaqubov, müharibədə qələmini süngüyə çevirən jurnalist döyüşçü Rəşad Başxəliyev könüllü olaraq yollandığı İkinci Qarabağ müharibəsində keçdiyi şərəfli yoldan danışaraq xoş xatirələrini bölüşüblər. Rəşad Başxəliyev savaşa jurnalist kimi deyil Azərbaycan Ordusunun zabiti kimi yollandığını bildirib və tabeliyində olan döyüşçü gənclərin hər birinin müqəddəs savaşa könüllü kimi qoşularaq şərəfli missiyanın daşıyıcılarına çevrildiklərini söyləyib.

Hərbi jurnalist Heydər Mirzə Vətən müharibəsi dövründə etdiyi reportajlar və diqqət çəkən məqamları gənclərlə bölüşməklə yanaşı, Azərbaycan hərbiçilərinin yüksək əhval ruhiyyəsi, döyüş ruhu və çətin vəziyyətlərdə istənilən döyüş əməliyyatlarına hazır olduğunu vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin icraçı direktoru Vüsal Qurbanov gənclərə görüşü zamanı informasiya müharibəsində gənclərin rolu, beynəlxalq tədbirlərdə fəal iştirakı və bu istiqamətdə könüllülərin fəallığının artırılmasının zəruriliyini qeyd edib və bu istiqamətdə öz təcrübələrini bölüşüb.

Qonaqlar gənclərə könüllülüklə bağlı məsləhətlər verib və sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, layihənin icrasının başlıca məqsədi gənclərin könüllülük hərəkatına marağını daha da artırmaq, milli vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrdə gənclərin fəal iştirakını təmin etməkdir.

Layihə müddətində gənclərlə Vətən müharibəsində iştirak edən qəhrəmanların görüşü ilə yanaşı musiqili klip hazırlanıb və “5 dekabr - Beynəlxalq Könüllülər Günü” münasibətilə dekabrın 6-da “Cinema Plus”da gənclərə təqdim olunacaq.

Musiqili klipdə əsas mesaj könüllü olmaq, könüllülərin iştirakı ilə qızıl hərflərlə tarixin yazıldığı anın qısa musiqili klip şəklində gənclərə aşılanmasıdır. Həmçinin könüllülərin Vətənə və dövlətə sevgi ilə xidmətindən bəhs edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə