İndiyə qədər Zəfər amnistiyasına düşən məhkumların sayı açıqlanıb

Penitensiar Xidmət üzrə bu il noyabrın 5-dən dekabrın 1-ə qədər 1787 nəfərə Amnistiya aktı təqdim edilib.

SİA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində amnistiya şamil olunanlardan 34-ü qadın, 2-i yetkinlik yaşına çatmayan şəxs və 60 nəfər isə 60 yaşlı məhkumlardır:

"Artıq 1391 nəfər məhkum azad edilib. Onlardan 1023 nəfər cəzaçəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb. 359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb", - nazirlik rəsmisi bildirib.

A.Sabitova qeyd edib ki, bu gün Pentensiar Xidmət üzrə beş cəzaçəkmə müəssisəsindən 114 məhkum azadlığa buraxılacaq.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Proses 4 ay müddətində davam etdiriləcək. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə