Qazilərimiz Beynəlxalq təlim-məşq toplantısına yollanacaq

2 dekabr 2021-ci il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qış idman növlərində iştirak edəcək qazilərimizlə görüş keçirmişdir.

SİA xəbər verir ki, Komitədən verilən məlumata görə, görüşdə ARMPK-nın baş katibi Kamal Məmmədov, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi Elvin Astanov, idman şöbəsinin müdiri Rauf Mürsəlov, qış idman növləri üzrə kurator Azər Tapdıqov və Qarabağ qaziləri də iştirak etmişlər.

Komitə prezidenti İlqar Rəhimov bildirdi ki, digər qazilərimizin də idmana cəlb edilməsi üçün "Qarabağ qaziləri ilə iş və idman seleksiya komissiyası" yaradılmışdır. O, yaxın gələcəkdə digər qazilərimizin də idmana cəlb ediləcəyini qeyd edib. Qazilərimizin üçrəngli bayrağımızı döyüş meydanında qaldırdıqları kimi beynəlxalq idman arenalarında da dalğalandıracaqlarından əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, qazilərimiz 3-17 dekabr 2021-ci il tarixlərində Rusiyanın Ufa şəhərində keçiriləcək təlim-məşq toplantısında iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...