“Dəmir yumruq” hərbi-vətənpərvərlik layihəsinə start verilib

Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Sabunçu Gənclər Evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Mübarizlər Vətənpərvərliyə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində şanlı Qələbənin ildönümünə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunan “Dəmir yumruq” hərbi-vətənpərvərlik layihəsinə start verilib.

SİA Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin məqsədi Vətən müharibəsində parlaq Zəfərdən sonra hərbi-vətənpərvərlik istiqamətində layihələrin daha da genişləndirilməsi, gənclərin hərbi biliklərinin, fiziki hazırlığının artırılması, hərbi xidməti hələ keçməmiş gənclərə zəruri məlumatların nəzəri və praktiki şəkildə ötürülməsidir.

İlk təlimdə gənc iştirakçılar əsgərin gündəlik həyatı, nizam-intizam qaydaları, kəşfiyyat, döyüş əməliyyatı taktikası və hücum növlərini öyrəniblər. Gənclər N saylı hərbi hissədə təşkil olunan infoturda hərbi tibb məntəqələrində, kazarmalarda əsgərlərimiz üçün yaradılan yüksək şərait və imkanlarla yaxından tanış olublar.

Sonra hərbi hissədə Vətən müharibəsinin və Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılan abidələr ziyarət edilib. Həmçinin nəzəri və praktiki hissədən ibarət istehkam təlimi keçirilib, minalar, onun növləri, xüsusiyyətləri haqqında məlumat verilib. Praktiki hissədə Vətən müharibəsi iştirakçıları, müddətdən artıq hərbi qulluqçular və xidmətdə olan əsgərlərimiz tərəfindən düşmən ərazisinin minadan təmizlənməsi keçirilib.

Gənclər növbəti gün düşmən ərazisinə keçid, maskalanma, düşmən tərəfindən müxtəlif hücumlara qarşı görüləcək tədbirlər təlimi ilə öyrəndiklərini təkmilləşdiriblər. Bunlarla yanaşı öz sahəsinin mütəxəssislərindən kəşfiyyat və fövqəladə hal zamanı göstəriləcək ilkin tibbi yardım haqqında öyrənib, praktiki olaraq Sabunçu Gənclər Evində tətbiq ediblər.

Qırx dörd gün ərzində iştirakçılara hərb haqqında ilk təsəvvür, silahlarla tanışlıq və atış dərsləri, hərbi Nizamnamə və rütbələr, ərazidə hərəkət, minadan qorunma, kəşfiyyat, ilkin tibbi yardım, mühəndis İstehkam, əlbəyaxa döyüş, silahdan müdafiə, ideoloji və psixoloji hazırlıq təlim və fəaliyyətlər keçiriləcək.

Təlim və kurslar Sabunçu Gənclər Evində, “N” saylı hərbi hissədə, atış meydanlarında və açıq hava məkanlarında olmaqla həftənin şənbə və bazar günləri təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə