Gənclər və idman nazirindən yeni - TƏYİNATLAR

Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib. SİA xəbər verir ki, nazirin digər əmrləri ilə Elmir Mehdiyev Əsaslı tikinti və nəqliyyat sektorunun müdiri, Qabil Mehdiyev isə Mətbuat xidmətinin rəhbəri vəzifələrinə təyin ediliblər.

Qabil Mehdiyev 1977-ci il may ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Ailəlidir. Bir qızı və bir oğlu var.

1984-cü ildə C.Məmmədquluzadə adına Nehrəm kənd 1 saylı orta məktəbinə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib.

1994-cü ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna (Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adlanır) daxil olaraq, 1998-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.

2012-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bakalavr, 2014-cü ildə isə magistr səviyyəsi üzrə bitirib.

2013-cü ildə Yunanıstanda, Beynəlxalq Olimpiya Akademiyasında təhsil alıb.

1997-ci ildən 2000-ci ilədək "Super Sport" qəzetində müxbir və şöbə müdiri vəzifələrində çalışıb.

24 mart 2000-ci il tarixdən bu günədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman" qəzetində baş redaktor vəzifəsində çalışır.

2005-2006-cı illərdə hərbi xidmətlə əlaqədar olaraq, Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetində hərbi müxbir vəzifəsində xidmət keçib. Hazırda baş leytenant hərbi rütbəsi ilə ehtiyatda olan zabitdir.

2015-ci ildə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin İnformasiya və əlaqələr şöbəsində, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin İnformasiya və əlaqələr şöbəsində çalışıb.

Hazırkı vəzifəsi ilə paralel olaraq, 2002-2005-ci illərdə “Turizm yenilikləri” qəzetinin redaktoru olub. 2009-cu ilin fevralından işıq üzü görən “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi” aylıq idman bülleteninin redaktorudur.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS), Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının üzvü, Azərbaycan İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin sədridir.

2001, 2002 və 2004-cü illərdə Gənc Jurnalistlərin I, II və IV Respublika müsabiqələrinin qalibi olub. 2008-ci ilin və 2016-cı ilin yekunlarına görə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən “İlin ən yaxşı idman jurnalisti" elan olunub.

Rəhbərlik etdiyi “İdman” qəzeti 2002-ci ilin və 2014-cü ilin ən yaxşı idman nəşri seçilib, 2015-ci ildə "Zəfər" beynəlxalq idman mükafatına layiq görülüb. Redaktoru olduğu “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi” aylıq idman jurnalı 2009-cu ilin ən yaxşı idman nəşri adına layiq görülüb. Həmin il, müəllifi olduğu “Zirvəyə aparan yol” kitabı idman mövzusunda yazılan ən yaxşı kitab nominasiyasında xüsusi mükafatla təltif edilib. Rəhbərliyi altında fəaliyyət göstərən www.azsport.az portalı 2011-ci ilin ən yaxşı idman saytı seçilib.

“Avropa” nəşr və mətbu evinin təsis etdiyi “Ən yaxşı vətənpərvər jurnalist” (2010-cu il) qızıl medalına layiq görülüb.

“Qızıl qələm” mükafatı laureatıdır.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2009-cu il tarixli 658 nömrəli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 13 iyun 2014-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb.

2014-cü ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının və 2015-ci ildə Avropa İdman Mətbuatı İttifaqının xüsusi mükafatları ilə təltif edilib.

2015-ci ilin rəy sorğusuna əsasən, ədalət prinsiplərinin ən yaxşı təbilğatçısı adına layiq görülüb və Azərbaycan Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının “Ədalətli oyunlar prinsiplərinə sadiq təbliğatçı” mükafatı ilə təltif edilib.

2015-ci il oktyabrın 9-da Türkiyə Milli Olimpiya Komitəsinin “2015-ci il fair play xidmət medalı”na layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...