Hər zaman Azərbaycanın yanındayam - Əziz Sancar

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub və komitənin kollektivi ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, komitə sədri Fuad Muradov qonağı yenidən ölkəmizdə görməkdən məmnunluğunu bildirib, Əziz Sancarın həyatının, elmi fəaliyyətinin və türk dünyasının mənəvi birliyi üçün gördüyü işlərin gənclərimizin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, qloballaşan dünyada elmə, təhsilə olan marağın artmasında böyük stimul olduğunu vurğulayıb. Komitə sədri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti sahəsində gördüyü işlərə görə Əziz Sancara xüsusi təşəkkür edib.

Humboldt mükafatı almış ilk azərbaycanlı riyaziyyatçı, professor Məsud Əfəndiyev son illər diaspor quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirib, Əziz Sancarı Azərbaycanın böyük dostu adlandırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Əziz Sancar eyni soykökə, milli və ortaq dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan dostluğundan, qardaşlığından söz açıb, türk dövlətləri arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməməyə hazır olduğunu və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb, Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı tövsiyələrini verib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Sancar “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...