Valideyn-övlad münasibətləri necə olmalıdır?-SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ümumiyyətlə, dövrün uşaqları ilə münasibət qurmaq, empatiya qurmaq əvvəlki dövrlərə nisbətən bir qədər çətinləşir. Çünki zəmanənin uşaqları, əvvəlki dövrün uşaqlarından olduqca fərqlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, uşaqlar həm intellekt, dünya görüş baxımından, həm də ümumilikdə bütün sosial-psixoloji vəziyyətlərinə görə fərqli mühitdə böyüdükləri üçün onlar əvvəlki dövrə görə tamamilə fərqlidirlər. “Tutaq ki, əvvəllər deyirdilər ki, uşaqla valideyn arasındakı pərdəni götürmək lazım deyil. Uşaq uşaq yerində, valideyn isə valideyn yerində qalmalıdır. Əvvəllər valideynlə uşağın arasında açıq münasibət yox idi. Lakin indi mütəxəssislər bunu məsləhət görmür. Psixoloqlar hesab edir ki, valideyn-övlad arasında dostluq münasibətləri olmalıdır. Bizim alışdığımız, böyüklərimizdən gördüyümüz pərdə olmamalıdır, münasibətlər tam şəffaf formada, uşağın öz yaşıdı ilə münasibətdəymiş kimi olmalıdır. Bu səbəbdən də hesab edirəm ki, bu münasibətlər uşaqdan-uşağa dəyişməlidir. Elə uşaq var ki, onunla aradakı pərdəni götürmək, valideyn-övlad müstəvisindən dost müstəvisinə keçmək ona effekt verir. Onun həyat biçimində bu münasibət öz təsirini göstərir. Ancaq uşaq da var ki, o, bu cür münasibətdən narahat olur, valideyni valideyn kimi görmək istəyir və açıq münasibət istəmir. Məncə, bu, tamamilə fərdi xarakter daşıyır və buna görə də valideynlər öz uşağını tanıyır, bu səbəbdən də onlar övladları ilə bildiyi üsullarla münasibət qurmalıdırlar”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...