Noyabrın 26-da Soçidə keçiriləcək görüşə şəhər sakinlərinin münasibəti -SORĞU

Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident cənab İlham Əliyev və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şücaəti ilə 44 günlük müharibə dövründə düşmən işğalı altında qalmış torpaqlarımız azad edildi. 10 noyabr 2020-ci il tarixində Üçtərəfli bəyannaməni imzalayan Ermənistan öz ordusunu işğal altında olan torpaqlardan geri çəkməyə məcbur oldu. Amma hələ də Ermənistan tərəfi bu sazişi qəbullanmaq istəmir, Azərbaycana qarşı təxribatlar törətməyə cəhd göstərir. Azərbaycan dövləti dəfələrlə düşməni cavab atəşi ilə susdurub və bildirib ki, bu hallar yenə təkrarlanarsa, biz buna layiqincə cavab verəcəyik. 2021-ci il 26 noyabr tarixində Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşü keçiriləcək. Bəs, görəsən, şəhər sakinləri bu görüş haqqında hansı fikirdədirlər? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik.

Şəhər sakini Samid Soltanov: "Axır ki, biz torpaqlarımızı işğaldan azad etdik. Bu görüşdə Paşinyan məcburən sülhə imza atmalıdır. Torpaq iddialarından əl çəkməlidir. Qəbul etməlidirlər ki, Qarabağ Azərbaycanındır, həm də onlar bunu fikirləşməlidirlər ki, Azərbaycana qarşı hər hansı bir təxribat törətmək istəsələr, onların arxasında heç kəs dayanmayacaq. Artıq bütün dövlətlər Ermənistanın yalanlarının şahididir".

Şəhər sakini Arzu Əliyeva: "Biz inanırdıq ki, torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Ermənilər torpaqlarımızdan çıxmamaq üçün hər cür yola əl atırdılar. Bizim torpaqlarımızı öz torpaqları kimi dünyaya tanıtmaq istəyirdilər. Amma onlar bunu edə bilmədilər. Ermənistanda yaşayanlar belə artıq Paşinyana qarşı aksiyalar keçirirlər. Onu, hakimiyyətini pisləyirlər. Məncə, bu görüşdə Paşinyan yenə fırıldaqlara əl atmağa çalışacaq. Amma cənab Prezident İlham Əliyev, hər dəfə olduğu kimi, ona layiqli cavablar verərək, susduracaq".

Şəhər sakini Samir Məcidov: "Ermənistan hələ də məğlubiyyəti həzm edə bilmir. Çalışır ki, torpaqlarımızda təxribatlar törətsin. Amma onlar buna nail ola bilməyəcək. Biz hər zaman doğru zamanı gözləmişik. Əgər belə bir şeyə cəhd göstərsələr, Ali Baş Komandanımız İlham Əliyev və müzəffər ordumuz bu məsələni problemsiz bir şəkildə həll edəcək".

Şəhər sakini Faina Məmmədli: "Məncə, bu görüşün nəticəsində bir sıra problemləri həll edəcəyik. Ermənistan tərəfi də artıq başa düşməlidir ki, sülh sazişinə əməl etməlidir. Bu sülh sazişinə əməl etməsələr, işi daha da yoxuşa aparacaqlar. Biz sülhün tərəfdarıyıq. İstəyirik ki, artıq müharibə olmasın. Erməni xalqı da müharibə olsun istəməzlər. Ona görə də gərək Paşinyan qaydalara əməl etsin".

Şəhər sakini Mübariz Əliyev: "Ermənilər hər zaman hiylələrlə qabağa getməyə çalışıblar, yalanlar danışıblar, özlərini məsum, bizi günahkar dövlət kimi göstərməyə cəhd göstəriblər. Bu görüşdə, məncə, onlar heç bir çıxış yolu qalmadığı üçün sülh müqaviləsini imzalamalıdırlar. Artıq bizimlə olan münaqişələrini dayandırmalıdırlar. Çünki bundan zərər çəkən yanlız qarşı tərəfdir".

Şəhər sakini Nəzrin Əlizadə: " Biz bir azərbaycanlı olaraq ölkəmizdə müharibə istəmirik. Biz həmişə sülh istəmişik. Artıq bu məsələ həll olunmalıdır. Düşünürəm ki, Soçidə baş tutacaq görüşdə Azərbaycan və Ermənistan arasında bu məsələlər öz həllini tapacaq. Məncə, bu görüş müsbət nəticələrlə yadda qalacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...