DSX silsilə tədbirlər keçirir - FOTOLAR

Dövlət Sərhəd Xidməti (DSX) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş silsilə tədbirləri davam etdirir. DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, hərbi hissə və bölmələrdə təşkil olunan tədbirlərdə, ədəbi-bədii gecələrdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Noyabrın 24-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Mahirə Quliyevanın və professor İmamverdi Həmidovun iştirakı ilə keçirilən tədbirdə qüdrətli söz ustası, zəngin mədəni-mənəvi sərvətlərimiz üzərində ucalmış, bədii söz sənətinin qiymətli incilərini meydana gətirmiş, dövrünün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilmiş dahi Nizami Gəncəvinin həyat və yaradıcılığından ətraflı məlumat verilib.

Çıxış edənlər Nizami irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasını və məhz Dahi Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdığı vurğulanıb. Qeyd olunub ki, ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisələrindən birinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu missiyanın ən yüksək səviyyədə davam etdirildiyi, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamının təkcə Azərbaycan üçün deyil türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisə, Azərbaycanın ədəbi və bədii irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisi olduğu vurğulanıb.

Tədbirin sonunda Bakı Bələdiyyə Teatrının kollektivi tərəfindən Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə