"Bu, Prezidentin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir" - DEPUTAT AÇIQLADI
"Bu gün biz müstəqillik dövrünün ən güclü və böyük büdcəsini müzakirə edirik. Olduqca qürurverici və sevindirici haldır ki, bu gün Azərbaycan post-pandemiya dövründə müharibədən çıxmış bir ölkə kimi nəinki öz büdcəsini azaltmayıb, hətta onu artırmağa nail olub. Bu isə bilavasitə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin və iqtisadi blokun aktiv fəaliyyətinin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, bu gün vətəndaşları ən çox narahat edən təhsil, sağlamlıq və məşğulluq məsələləridir: "Əslində bu problemlərin həlli uzun müddətli dövrə söykənir. Düşünürəm ki, biz bu gün yeni nəsilləri təhsil vasitəsi ilə düzgün yetişdirsək, onları sağlam həyat tərzinə istiqamətləndirsək, qeyd etdiyim bu problemlər növbəti illərdə müəyyən qədər öz həllini tapar. Əgər, bu gün bizim gənclərimiz fiziki aktiv deyillərsə, həyətlərdə idman meydançaları azlıq təşkil edirsə, o, zaman kütləvi sağlam həyat tərzindən danışmaq mümkün deyil. Məhz bu səbəbdən təhsil, idman və gənclər sahəsi diqqət mərkəzində saxlanmalı və bu sahələrə maliyyə dəstəyi daha da artırılmalıdır. Bu gün sevindirici haldır ki, orta və ali təhsil müəssisələrimizdə tədris üçün gərəkli olan bütün müasir texnologiya avadanlıqları əlçatandır. Amma unutmamalıyıq ki, elm və texnologiya sürətlə dəyişir və inkişaf edir. Bu dəyişikliklərə uyğunlaşmaq və yeni avadanlıqların davamlı təczihatı üçün Təhsil Nazirliyinə xüsusi vəsait ayrılmalıdır. Bildiyiniz kimi artıq əksər ictimai nəqliyyat vasitələrinda ödəniş nağdsız-kart sisteminə keçirilir. Təklif edirəm ki, bu fürsətdən istifadə edərək ictimai nəqliyyatdan istifadə zamanı tələbə və şagirdlər, müəllimlərə müəyyən güzəştlər tətbiq edilsin. Hətta şəhid ailələri və qazilər üçün də ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq edilməsi sevindirici hal olar. Bu təcrübə bir çox ölkələrdə uğurla tətbiq edilir".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, növbəti diqqət mərkəzində saxlanılmalı əhəmiyyətli məsələ isə işsizlik problemidir: "Bunun ən böyük səbəblərindən biri isə universitetlərimizdə, xüsusilə də, region universitetlərində dövrün tələblərinə cavab verən, mövcud əmək bazarında davamlı olan ixtisasların azlığıdır. Faktiki olaraq, bu gün məzunlarımızın böyük bir qismi təhsil aldıqları sahə üzrə əmək bazarında iş tapa bilmirlər. Bu isə bilavasitə olaraq işsizlik səviyyəsini və dövlətin yükünü artırır. Biz mütləq universitetlərdə tədris edilən az tələbatlı ixtisasları yeni, dövrün tələblərinə uyğun ixtisaslarla əvəz etməliyik. Dövlətimiz bu sahədə uğurlu islahatlar həyata keçirir. Buna baxmayaraq, bu prosesi sürətləndirmək və daima diqqət mərkəzində saxlamaq vacibdir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB