Dietik yeməklər nə dərəcədə sağlamdır? - QİDA MÜTƏXƏSSİ AÇIQLADI

Dietik yeməklər nə dərəcədə sağlamdır? - QİDA MÜTƏXƏSSİ AÇIQLADI

Bədənin normal çəkidə qalması üçün, sağlam olması üçün, həyati funksiyalarını yerinə yetirməsi üçün hər zaman sağlam qidalanması vacibdir. Lakin bəzi hallarda buna əməl olunmur. Xüsusilə, artıq çəkili insanlar tez bir zamanda nəticə almaq üçün müəyyən dietik yeməkləri seçirlər və yaxud da “instagram”dan, “youtube”dan, ya da digər sosial şəbəkələrdən mənşəyi bəlli olmayan hər hansı bir menyulardan istifadə edirlər və ya sadəcə, kalori hesablanması ilə qidalanmaya çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, lakin bunlar çox yanlışdır: “Çünki hər bir insana fərdi yanaşmaq lazımdır və hər bir insanın sağlamlıq durumu fərqli olduğu üçün, eyni zamanda da, onun fərqli qidaları ola bilər. Sağlamlıq üçün kilo verməkdə, sadəcə, kalori hesablanması və yaxud standart menyulardan istifadə etmək qətiyyən tövsiyə olunmur. Ümumiyyətlə, biz sağlam olmaq üçün gün ərzində qidalar vasitəsilə 40-dan 70-ə qədər faydalı mikro və makroelementlər almalıyıq. Əks halda biz monoton qidalanma ilə və yaxud da hər hansı bir standart menyu ilə müəyyən bir vaxtda çəki atmış olsaq da, bu, bizim orqanizmimizdə vitamin çatışmazlığına gətirib çıxardır. Bu da müəyyən vaxtlardan sonra xəstəliklərlə özünü göstərir. Bunlara, əsasən, saç tökülməsi, dırnaq qırılması, dəridə qabıqlanma kimi əlamətləri görsək də, daxildə orqanizmin pozulması kimi problemlərlə üzləşilir. Əgər dietlə arıqlamaq istəyirsinizsə, mütləq çəkildə peşəkardan dəstək almalısınız. Həmin peşəkar onun sağlamlıq vəziyyətini yoxlamalı və onun hər hansı bir allergik xəstəliyi olub-olmamasını dəqiqləşdirdikdən sonra o zaman artıq fərdi qaydada pasientə menyu təşkil edə bilər”.

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bəzən şəkərsiz kimi bildiyimiz qidalar var ki, bu qidaların orqanizmə çox zərərləri var: “Çünki bu qidalar kimyəvi qatqı maddələri ilə hazırlanmış dietik məhsuldur. Bir çox hallarda əgər məhsul şəkərsizdirsə, deməli, həmin məhsulun tərkibində şəkər əvəzinə şirinləşdirici kimyəvi qatqı maddələrindən istifadə olunur. Bu maddələr orqanizmdə həll olunmur. Eyni zamanda da, böyrək çatışmazlığına gətirib çıxarır. Təbii şəkildə qəbul etdiyimiz qidaları nə qədər kalori qəbul ediriksə, o qədər kalori yandırmalıyıq ki, həmin istehlak etdiyimiz qidalar artıq çəki almamıza, piylənməyə səbəb olmasın. Ümumiyyətlə yaxşı olardı ki, əgər çəki atmaq istəyiriksə, hər zaman sağlam qidalanmalı, gündə hər insanın neçə dəfə yeməli olduğu müəyyən edilməlidir. Mütləq şəkildə səhər yeməyi əsas yeməklərimizdən hesab olunmalıdır. Səhər yeməyində daha çox pendir, yumurta, zeytun, tərəvəzlər və s. kimi qidalardan istifadə etməliyik. Bundan əlavə hər insan hər kiloqram bədən çəkisinə görə 0.30 ml su qəbul etməlidir və hazır yeməklərdən, mənşəyi nə olduğunu bilinməyən qidalardan kifayət qədər uzaq durmaq lazımdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə