Nəqliyyatla bağlı problemlərdən çıxış yolu nədir ? - EKSPERT ŞƏRH ETDİ
“Son vaxtlar piyadalarla bağlı vəziyyət heç də ürəkaçan deyil. Piyada vurmalar ümumi yol nəqliyyat hadisələrində çox geniş yer tutmağa başlayır və bu da hər kəs kimi bizi də narahat edir”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi baxımından piyadaların hərəkətinə tam nəzarət etmək, onları fəaliyyətini tam izləmək və qaydalar çərçivəsində müəyyən işlər görmək hələ də mümkün olmur. “Çünki, piyadalarla bağlı bir müddət əvvəl tətbiq edilən cəzalar, sonradan yumşaq cəzalar mexanizminin həyata keçirilməsinə gətirib çıxarır. Ola bilsin düşünüblər ki, artıq piyadalar nizam-intizama əməl edirlər, onların bu qədər nəzarətdə saxlanılmasına ehtiyac yoxdur. Lakin son nəticələr onu göstərdi ki, heç bir irəliləyiş yoxdur, piyadalarla bağlı vəziyyət daha acınacaqlıdır və bu gün təhlükə daha yüksəkdir. Biz 9 ay ərzində baş verən statistik rəqəmləri təhlil etmişdik, deməli 504 nəfər yol nəqliyyat hadisəsində həlak olub. Onlardan təxminən 232 nəfəri piyada vurmadır, yəni demək olar ki, rəqəmlərin 50%-ni piyada vurma təşkil edir. Buna səbəb piyadaların piyada keçidlərindən kənarda vurulması halları daha çoxdur, piyadalar keçiddən istifadə etmirlər. Burada bir çox amillər var: piyadaların məsuliyyətsizliyi, avtomobilləri ciddi qəbul etməmələri, özlərinə güvənmələri və yaxud yolda özlərinə nəzarət etməmələrini misal göstərmək olar. Qulaqcıqdan istifadə edirlər, mobil telefona baxırlar və yolu diqqətsiz şəkildə keçirlər, ətrafda baş verənlərə reaksiya zəif olur, eyni zamanda yolların işıqlandırılmaması da bu problemlərdəndir.
Mən bu yaxınlarda baş verən yol nəqliyyat hadisəsini təhlil etdim və həmin gün avtomobil 5 piyadanı vuraraq öldürmüşdü, onun 3-ü günün qaranlıq vaxtına düşür. Deməli yolların işıqlandırılmaması da müəyyən problemlərə gətirib çıxarır, piyada və sürücü bir-birini görə bilmirlər. Təəssüflər olsun ki, belə hadisələr hər gün baş verməkdədir. Ona görə düşünürəm ki, yolların işıqlandırılması və piyadalara nəzarət mexanizmasının daha da gücləndirilməsi vacibdir. Piyadalara yazılan cərimələr illərlə ödənilmir, çünki, heç bir məsuliyyəti yoxdur, hardasa işləmir və cəza mexanizmi boşluqda qalır. Həmin adam hiss edir ki, cəriməni illərlə ödəməsə də heç bir problem olmur. Ona görə də insanların şəxsi informasiya məlumatlarını əldə edib baxsaq görərik ki, il ərzində 9-10 dəfə piyada kimi cəzalandırılmış şəxslər var. Bu insanlara qarşı cəza mexanizmi daha da sərt olmalı və nəzarət tədbirləri yenə də əvvəlki qaydada gücləndirilməlidir. Düşünürəm ki, piyadaları bu şəkildə boş buraxmaq daha ağır faciələrə səbəb olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB