Pensiya yaşının azaldılması ilə bağlı müzakirələrə-CƏMİYYƏTİN BAXIŞI SORĞU
Dünyada, eləcə də ölkəmizdə hər il orta ömür uzunluğu azalır. İstifadə olunan qidalar, sosial problemlər və son iki ildə koronavirusun həyatımıza daxil olması bu prossesi daha da sürətləndirir. Bu barədə pensiya yaşının azaldılması ilə bağlı müzakirələr aparılır. Görəsən, insanların bu müzakirələrə fikirləri necəsir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Rafiq Kərimov: “Təbii ki, onlar bu barədə daha həssas qərar verirlər. Yaş həddinin aşağı endirilməsi ilə bağlı fikir normal olaraq hər bir insanın maddi vəziyyətinə yaxşı təsir edəcək. Çünki onsuz da pandemiyaya görə hər həs həyatını itirir, yaşın aşağı endirilməsi bu baxımdan əlverişlidir”.

Şəhər sakini İlahə Cəfərova: “Pensiya hər bir vətəndaşın haqqı və hüququdur. Belə bir qərarın verilməsi çox yaxşı olar ki, həmin insanlar da hüquqlarından yararlansınlar. Çünki bu dövrdə insanların ömürləri o qədər də uzun deyil ki, 67-70 yaşında onlara pensiya verilsin. Hər halda bu onlar üçün də yaxşı olacaq”.
Şəhər sakini Elşad Məcidov: “Bu qərarın çıxmasını bir çox insan gözləyir. Çünki bu pandemiyaya görə, bəzi yerlərdə qiymət artımı müşahidə olunur. Təbii ki, insanların maddi vəziyyəti sıradan çıxır. Mənim yoldaşım da eşitmə qabiliyyətini itirdiyi üçün pensiya alır. Lakin belə bir qərar verilsə, yaşı aşağı olanların işi bir xeyli asanlaşacaq”.
Şəhər sakini Dilşad Şabanova: “İnsanlar ömürləri boyu işləyirlər ki, müəyyən yaşa çatanda pensiya alsınlar. Ancaq bir çox insan bunu görəcək qədər çox yaşamır. Bildiyimiz kimi, pandemiya şəraitidir, insanlar xəstəliklərə yoluxur və çox insan həyatını itirir. Ona görə də dövlətimiz bu addımı atsa, yaşlı insanların maddi vəziyyəti nisbətən daha yaxşı olacaq və rahat yaşayacaqlar”.
Şəhər sakini Bikə Poladova: “Mən özüm 50 il müəllimə işləmişəm və hazırda da pensiya alıram. Düzdür mən yoldaşımın da pensiyasını alıram, ancaq stajıma görə verilən pensiya da yaxşıdır. Sadəcə, mənim yaşıma qədər yaşamayan insanlar da var ki, dövlətimiz onları da düşünməlidir. Elə insanlar var ki, müəyyən vaxtdan sonra əmək qabiliyyətini itirir və onlar pensiyanı gözləyənə qədər çətinlik çəkirlər. Dövlət başçımızın verəcəyi qərar hər bir vətəndaş üçün faydalıdır”.
Şəhər sakini Sabir İmanov: “İnsanlar o qədər az yaşayır ki, bu dövrdə sağlam qalmaq çətin bir şeydi. Xəstəliklər davam edir, bildiyimiz kimi, şəhidlərimiz də var. Əgər pensiya yaşı azalsa, insanlara hər hansı bir yöndə sərf edəcək, vəziyyəti pis olanlar, övladları tərəfindən tərk edilən valideynlər də var. Dövlət hər bir vətəndaşı düşünməlidir və həmişə də düşünüb. İnanıram ki, belə bir qərar yaxın zamanda verilər”.
Şəhər sakini Samirə Nəcəfova: “Mən pensiyaya 51 yaşından çıxmışam, yəni 3 övladım olduğu səbəbindən pensiyaya tez çıxmışam. Lakin əksər ölkələrdə pensiya yaşı müəyyənləşdiriləndə qadınların pensiya yaşı aşağı götürülür. Məsələn, inkişaf etmiş olkələrdən biri olan Avstriyada kişilərdə orta ömür uzunluğu 82, qadınlarda isə 84 yaşdan yuxarı olduğu halda pensiya yaşı qadınlar üçün 60-dır. Bəzi ölkələrdə qadınların pensiya yaşı bundan da aşağıdır. Məncə, bu müzakirələr tez bir zamanda bitməlidir ki, yaşlı insanlar normal yaşlarında pensiya alsınlar”.

Şəhər sakini Natiq Cəfərov: “Digər ölkələrə nəzər salsaq görərik ki, orada pensiyaya çıxma yaşı stabil qalır. Azərbaycanda isə pensiyaya çıxma yaşı hər il artırılır. Dünyada pensiya yaşı əhalinin orta ömür həddinə əsasən müəyyən olunur. Azərbaycanda pensiya yaşı müəyyənləşərkən bu meyar əsas götürülməlidir. Çünki bir çox yaşlılar bu qərarın verilməsi ümidi ilə gözləyirlər”.
Şəhər sakini Elçin Quliyev: “Koronavirusdan ölüm statistikasında yaşlı əhali üstünlük təşkil edir. Belə olan halda hər il pensiya yaşını artırmaq ədalətsizlikdir. İnsanların yaşam müddətində ömrü uzun olsa, təbii ki, yaşın artırılması normaldır. Ancaq azaldılması daha yaxşı olar ki, insanlar vəfat etmədən ən azından bir neçə il pensiyadan yararlansınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB