Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
Azərbaycan Respublikasının erkən orta əsr şəhər tipli ən möhtəşəm yaşayış məskənlərindən biri xarabalığı indiki Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşən Govurqala abidəsi idi. Govurqalada ağ daşdan inşa edilmiş xristian (alban) məbədi onun memarlığını xarakterizə etmək üçün ən yaxşı nümunədir. Ağdam rayonunda Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi və Kəngərli kəndindəki türbə, Papravənd kəndində XVIII əsrə aid 2 türbə və məscid də qədim memarlıq abidələridir. Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilmişdir. Ağdam bölgəsində Xaçın - Dərbəndli kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi, türbələr, Ağdamın Şahbulaq məscidi Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğu zaman çox hissəsi dağıdılmışdır.
XX əsrin 70-ci illərində Dünyada cəmisi bir neçə yerdə mövcud olan çörək muzeyindən biri də Qarabağ regionunun mərkəzi şəhərlərindən olan Ağdamda yaradılmışdı. Həmin muzeydə çörəyin istehsalı üçün lazım olan hər cür alət və avadanlıqlar toplanmışdı. Bu muzey hər bir tamaşaçıya müqəddəs torpağa, vətənə və çörəyə bağlılığı, mədəniyyət ənənəsinə rəğbəti təbliğ edirdi.Təəssüf ki, bu muzey Ermənistan hərbiçilərinin Ağdamı işğalı zamanı dağıdıldı.
Ağdam sovet dövründə, nəinki Qarabağın, Azərbaycanın böyük elmi, iqtisadi potensiala malik iri şəhərlərindən biri idi. İldə üç dəfə məhsul verən qara münbit torpaqlı rayon daha çox kənd təsərrüfatı ilə öndə idi: o vaxtlar heç bir rayon taxılçılıqda Ağdamı üstələyə bilmirdi, rayonun 20 nəfər Sosialist Əməyi Qəhrəmanı vardı. Ağdamın təhsil ocaqları, xüsusilə ötən əsrin ortalarında fəaliyyətə başlayan iki illik Müəllimlər İnstitutu, Kənd təsərrüfatı, Tibb və Musiqi texnikumlarında bütün ətraf rayonlar üçün kadrlar hazırlanırdı. Ağdam Azərbaycana Xudu Məmmədov, Rəşid və Ziyəddin Göyüşovlar kimi görkəmli dövlət, elm, mədəniyət xadimləri bəxş etmişdi. Ağdam, həm də Qarabağın mədəni mərkəzi, musiqi beşiyi idi. O, Azərbaycan mədəniyyət və incəsənətinə də parlaq simalar bəxş edib: Sara Qədimova, Arif Babayev, Əbülfət Əliyev, Qədir Rüstəmov, Ceyhun Mirzəyev, Mənsum İbrahimov... Şərqdə ilk muğam məktəbi də 1982-ci ildə Ağdamda yaranıb.
Mədəniyyət beşiyi olan bu şəhərimizdən erməni vəhşiliyi yan keçmədi. 1988-ci ildə erməni seperatçılarının Dağlıq Qarabağda yenidən fəallaşmasına, fevralın 20-də Xankəndidə "Qarabağ Ermənistanındır" şüarı ilə qanunsuz mitinq keçirmələrinə ilk olaraq Ağdam etiraz səsini ucaldır. Ağdam Əsgəran istiqamətində ilk şəhidlərini verir: Əli Hacıyev və Bəxtiyar Quliyevi. Bu iki gənc, həm də Azərbaycanın Qarabağ savaşında verdiyi ilk şəhidlər idi... O da heç kimə sirr deyil ki, müharibənin ilk günlərindən ən böyük ağırlıq Ağdamın üzərinə düşdü. Qeyrətli oğullar heç bir çağırış olmadan ayağa qalxdılar, Milli Ordumuzun ilk könüllü hərbi hissələri yarandı. Bu hissələr az vaxtda xalqın güvənc yerinə çevrildi. Xocalı soyqırımının ağırlığını da daha çox ağdamlılar çəkdi...
23 iyul 1993-cü ildə Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verdi. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu. 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. 16 nəfər ağdamlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 21 nəfər "Azərbaycan bayrağı" ordeni, 7 nəfər "Vətən uğrunda", 6 nəfər "İgidliyə görə", 21 nəfər "Hərbi xidmətlərə" görə medalları ilə təltif olunmuşdur. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itki idi.
Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı;
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, bütün tarixi abidələr, maddi-mədəniyyət nümunələri məhv edilib. Təəssüf ki, ermənilərin talançılığı sonra da davam etdi və gah Ağdamın adını dəyişib Tiqranakert qoyur, gah məhv etdikləri şəhərdə muzey açır, gah da saxta dəlillər düzəldərək guya bu yerlərdə vaxtilə ermənilərin yaşadığını söyləyirdilər. Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədirdilər. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Ağdamdakı abidələr təkcə Azərbaycanın qədim dövrünü yox, dünyanın bir parçası olan Qafqazın tarixini öyrənmək baxımından çox əhəmiyyətlidir, bu abidələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir. Onların çoxu YUNESKO tərəfindən qorunan abidələrdir. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Bu gün dünya haqlı olaraq İkinci Dünya müharibəsində alman faşizminə qarşı ikinci cəbhənin açılmasına qarşı Normandiyada qoşunların çıxması gününü təntənəli şəkildə qeyd edir. Amma erməni faşizmi alman faşizmindən qat-qat təhlükəlidir. Alman faşistlərı işğal etdikləri yerlərdə, heç olmasa, maddi-mədəniyyət abidələrini dağıtmamışdılar, insanların yaşayış evlərinə toxunmamışdılar, erməni faşizmi isə Azərbaycan xalqına məxsusluğunu sübut edə bilən bütün maddi-mədəniyyət abidələrini məhv edirlər, onların başlıca təhlükəliliyi burasındadır.
Sentyabrın 27-dən etibarən Qarabağda döyüşlər başladığı andan Ali Baş Komandan dəfələrlə işğalçı Ermənistanı sülhə dəvət edərək, işğaldakı ərazilərin cədvəl əsasında boşaldılmasını şərt kimi qoyurdu. Lakin düşmən Ermənistanın siyasi və hərbi rəhbərliyi bu döyüşlərin onlar üçün yaranacaq ağır nəticələrinə məhəl qoymayaraq öz təxribatlarına, işğala davam edirdi. Nəticədə 44 günlük Vətən müharibəsinin sonunda həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi ilə dünya ictimaiyyətini heyran qoyan Ali Baş Komandanımızın düşmənə əvvəldən şərt qoyduğu məsələlər reallığa çevrildi. Düşmən kapitulyasiya aktına - üçtərəfli bəyanata imza çəkərək Ağdam, Kəlbəcər və Laçını öz əlləri ilə Azərbaycana təslim edəcəyini bildirdi. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanat imzalandı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini Üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. “Bu bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
Ağdamın azad olunması xalqımız üçün böyük qürurdur. Ağdam rayonunun hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev fikri: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” Prezident və xanımı Ağdam məscidini ziyarət etmişlər. Prezident Məkkədən gətirdiyi ‘’Qurani-Kərim’’i Ağdam məscidinə bağışlamışdır. Bu o deməkdir ki, biz təkcə torpaqlarımıza deyil, həm də dəyərlərimizə qayıdırıq. 2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak edib.
Sonda qeyd etmək lazımdır ki, Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçılıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar.
Xəyalə Qasımova
323 nömrəli tam orta məktəbin direktor əvəzi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB