YAŞAT Fondu statistik göstəriciləri AÇIQLADI - HESABAT

YAŞAT Fondu statistik göstəriciləri AÇIQLADI - HESABAT

44 günlük Vətən müharibəsindən sonra dövlətin apardığı sosial yönümlü siyasət sayəsində bir çox sosial layihələrin həyata keçirildiyinin şahidi oluruq. Şəhid ailələri və qazilərə olan diqqət hər zaman müşahidə edilib. Lakin Vətən müharibəsindən sonra bu siyasət daha geniş əhatəli şəkildə həyata keçirilir. Beləki, Şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi, qazilərin ən son texnologiyalara malik protezlərlə təmini və qardaş ölkə Türkiyəyə göndərilərək onların dövlət tərəfindən müalicəsi kimi məsələlər əlbəttə ki, Azərbaycan xalqının da təqdir etdiyi məqamlardandır. Vətən müharibəsindən sonra yaradılan YAŞAT fondunun qazilərimizin müalicə edilərək öz sağlamlıqlarına qovuşmaqları üçün gördüyü işlər göz qabağındadır. Bəs, YAŞAT fondu yarandığı gündən bu günə qədər nə qədər qazimizin müalicə edilməsinə nail olub? SİA sözügedən hesabatı təqdim edir.

- 11 noyabr 2021-ci il tarixinədək Fondun hesabına 64 145 382.72 AZN vəsait mədaxil olub.

- Ölkə ərazisində 2 909 şəhidin ailə üzvləri, habelə 4 704 yaralı olmaqla ümumilikdə 16 116 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 10 357 şəxsin 17 373 müraciəti icra üçün öhdəliyə götürülüb.

- Fondun fəaliyyət istiqamətləri üzrə 47 041 394.19 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 17 103 988.53 təşkil edir. Xərclənən vəsaitdən:

- Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: (30 810 289.50 AZN)

- 7 971 müraciət (şəhid ailəsi üzvləri üzrə 3 631 müraciət, itkin ailəsi üzvləri üzrə 5 müraciət və yaralılar üzrə 4 335 müraciət)

- Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: (408 188.51 AZN: təhsil xərci 260 838.90 AZN, yaradıcı potensialın inkişafı xərcləri 147 349.61 AZN)

- 144 müraciət (şəhid ailəsi üzvləri üzrə 129 müraciət, yaralılar üzrə 15 müraciət)

- İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması:

- (5 116 232.16 AZN) – 1 512 müraciət (şəhid ailəsi üzvləri üzrə 668 müraciət, itkin ailəsi üzvləri üzrə 3 müraciət və yaralılar üzrə 841 müraciət)

- Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: (10 706 684.02 AZN)

- 5 387 müraciət (şəhid ailəsi üzvləri üzrə 2 967 müraciət, yaralılar üzrə 2 420 müraciət), tibbi cihazların alınması, İsrail dövlətindən gələn həkim heyətinin xərci, Türkiyə Respublikasından dəvət olunanhəkim heyətinin xərci və s– 249 479.48 AZN

- Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün "Onlar bizə əmanət" deyib yeni layihəyə başlanılıb. Yeni doğulmuş 102 şəhid övladından 100 şəhid övladına 1000 AZN məbləğində maddi yardım edilib, 91 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.

- Ümumilikdə 148 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 105-i ölkəyə geri qayıdıb. Hazırda 43 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.

- 2021-ci il 7 noyabr tarixində “YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə “YAŞAT” Xeyriyyə Marafonu keçirilib.

- 2021-ci il 29 oktyabr - 9 noyabr tarixlərində Dənizkənarı Milli Parkda “Zəfər” Yarmarkası keçirilib. Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub. Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyası idi. Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırıb. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları keçirilib.

Qeyd edək ki, 04 noyabr – 10 noyabr 2021-ci il tarixlərində məişət şəriatinin yaxşılaşdırılması istiqaməti üzrə 11 şəhid ailəsi üzvü və 86 yaralıya, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 15 şəhid ailəsi üzvü və 88 yaralıya, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə isə 5 şəhid ailəsi üzvünə və 48 yaralıya yardım edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə