"Şəhid ailələrinə, qazilərə diqqət, qayğı hər zaman prioritet olub" - ŞƏRH EDİLDİ

"Şəhid ailələrinə, qazilərə diqqət, qayğı hər zaman prioritet olub" - ŞƏRH EDİLDİ

"Azərbaycanda son 30 ildə olduğu kimi Vətən müharibəsindən sonrakı dövrdə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dövlət qurumları bu kateqoriyadan olan ailələrin və insanların problemləri ilə yaxından maraqlanır, problemlərin ən qısa müddətdə həll edilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir: "Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Bu gün Azərbaycanda şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan ailələr üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binaları tikilib istifadəyə verilir. Bu kateqoriyadan olan ailələrə 2018-ci ildə 628 mənzil, 2019-cu ildə 934 mənzil, 2020-ci ildə isə 15772 mənzil verilib".

Rauf Əliyev sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu il ərzində bu kateqoriyadan olan ailələrə 3000 mənzilin verilməsi nəzərdə tutulub: "Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2021-2025 ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, şəhid ailələrinə və müharibə əlilərinə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyə qədər sosial dəstək paketi çərçivəsində 6000-dən çox şəhid ailəsi üzvləri və qazilərin məşğulluq problemi həll edilmişdir. Şəhid ailələrinə və qazilərə dövlət qayğısından danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında" fərmanı ilə “YAŞAT” Fondu təsis edilməsini xüsusi ilə qeyd etmək lazımdır. Fond tərəfindən ölkə ərazisində 2881 şəhidin ailə üzvləri, habelə 3100 yaralı olmaqla ümumilikdə 14579 şəxslə görüş keçirilib, onların ehtiyacları qeydə alınıb. Fond tərəfindən qeydə alınmış ehtiyacların ödənilməsi məqsədi ilə mütəmadi tədbirlər həyata keçirilir. Qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı qarşıda duran ən əsas məsələlərdəndir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə