Zaman tarixi şəxsiyyətlər, böyük xeyriyyəçilər, dahi insanlar yetişdirir. Bu böyük şəxsiyyətlər həyatlarını xalqının və dövlətinin inkişfına xidmət üzərində qururlar. Belə şəxsiyyətlər illər əsrləri əvəz etsə də heç zaman unudulmurlar. Hər zaman insanların yadddaşında, ürəklərində yaşayırlar. Azərbaycanda milli sahibkarlığın, xeyriyyəçilik ənənələrinin yaranmasında və inkişafında böyük və əvəzsiz xidməti olan Aydın Səməd oğlu Qurbanov da nəinki xalqımızın, ümumiyyətlə, region dövlətlərinin və millətlərinin həyatında qərinələr keçsə də, silinməyəcək unudulmaz izlər qoyan şəxsiyyətlərdəndir. Bütün varlığı ilə vətənpərvər və xeyriyyəçi insan olan Aydın Qurbanov bütün imkanları ilə xalqının inkişafına, dövlətinin tərəqqisinə öz dəstəyini göstərib. Aydın Qurbanovun bir ali məqsədi var idi: xalqına və dövlətinə, eləcə də tərəqqipərvər insanlığa xidmət! Bu baxımdan onun fəaliyyəti bu gün iqtisadiyyatımızı, sahibkarlığı inkişaf etdirənlər üçün əsl nümunədir. Nəcib və xeyirxah insan Aydın Qurbanov haqqında “CONSULTING BUSINESS” jurnalının 2003-cü ilin oktyabr ayı sayında hər bir oxucunu, cəmiyyət üzvünü heyrətləndirən məqalə çap olunub. Məqalədə tanınmış iş adamı və xeyriyyəçi, 2001-ci ildə Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcısı, bu təşkilat üçün əvəzsiz işlər görən Aydın Səməd oğlu Qurbanov haqqında geniş və hər kəsi onun xidmətləri haqqında düşündürən dəyərli fikirlər yer alıb.
Məqaləni oxuyarkən bəlli olur ki, A.Qurbanov böyük xeyriyyəçi olmaqla, həm də sadə, təvazökar insan, çoxlarına nümunə ola biləcək vətənpərvər olub. Bəzən onu xaqımızın böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin davamçısı da adlandırılar. Eyni ilə onun da məramı Hacı Zeynalabdin Tağıyev kimi tikmək, qurmaq, insanlara maddi və mənəvi dəstək olmaq, dövlətinin inkişafına töhfələr vermək olub. Bakıda Müqəddəs Jen-Mironosiç Rus kilsəsini Hacı Zeynalabdin Tağıyev tikdirmişdisə, 2003-cü ildə Aydın Qurbanov həmin binanın təmir, tikinti - quraşdırma işlərini həyata keçirmişdir. Yüksək səviyyədə bərpa olunan bu kilsənin açılışında Ulu Öndər Heydər Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskvanın və Ümumrusiyanın patriarxı II Alekseyin adından onun müavini də iştirak etmişdir. Dahi Öndərimiz Heydər Əliyevin kilsənin açılışında etdiyi çıxış xristian və müsəlman xalqlarının uzun əsrlər dostluq əlaqəsində yaşamasını ifadə edən tarixi bir çıxış kimi hamının yaddaşında əbədi qaldı.
Aydın Qurbanovun müqəddəs knyaz Danil Moskovski ordeninin I dərəcəsi ilə mükafatlandırması və oğlu Səməd Qurbanovun həmin ordenin III dərəcəsi ilə mükafatlardırması da açılışa toplaşan yüksək rütbəli məmurların, Azərbaycanın və Rusiyanın aparıcı siyasi xadimlərinin və Rus, Azərbaycan dininə etiqad edən insanların ürəyincə oldu. Bu barədə fikirlərini bölüşərkən Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr Bakıda ən iri pravoslav məbədinin bərpasında Aydın Qurbanovun böyük xidmətləri olduğunu bildirmişdir: "Bakıdakı Müqəddəs Mirodaşıyanlar məbədinə Rusiyadan çox adam gəlir. Bir çox moskvalılar bildirirlər ki, bu məbəd Moskvanın da yaraşığı ola bilərdi. Məncə, bu, yüksək qiymətdir. Bu məbəddə ali qonaqları qəbul edərkən mən həmişə deyirəm: Bu məbəd Rusiya-Azərbaycan dostluğunun rəmzidir".
Nəcib və xeyirxah insan olan olan A.Qurbanov dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaq hər bir azərbaycanlı ilə, eləcə də Azərbaycanda doğulub müxtəlif şəhərlərdə yaşayan tanınmış insanlarla dostluq əlaqələri qururdu. O, məşhur geoloq, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Geologiya Nazirinin birinci müavini, Lenin ordenli, Lenin mükafatı laureatı, Rusiya Fedarasiyasının Əməkdar geoloqu Fərman Salmanov, Bakıda doğulan, məşhur netf mütəxəssisi, SSRİ Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Nikolay Kostantinoviç Baybakov, Bakıda doğulan, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlər mükafatı laureatı, general-leytenant Kərim Kərimov və digərləri ilə yaxın dostluq edib.Aydın Qurbanov 2001-ci il də Ümumrusiya Azərbaycanlıları Konqresini yaradanda onlardan dəyərli məsləhətlər almış və bu istiqamətdə fəaliyyətini onların tövsiyyələri əsasında qurmuşdur.
AYDIN QURBANOV 70-Cİ VƏ 80-Cİ İLLƏRİN GƏNCLƏRİNİN PARLAQ NÜMAYƏNDƏSİ İDİ
Yaxın dostları, onu tanıyanlar A. Qurbanov haqında düşündürücü, duyğusal fikirlər söyləyirlər. Rusiyanın paytaxtı Moskva şəhırində böyük xeyriyyəçi Aydın Qurbanovun 60 illiyinə həsr edilmiş tədbir zamanı Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev çıxış edərkən bildirmişdir ki, Aydın Qurbanovun xeyirxah əməlləri təkcə azərbaycanlılar tərəfindən deyil, həmçinin Rusiyada, eləcə də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri tərəfindən qiymətləndiriləcək: "Aydın Qurbanov haqqında düşünəndə başa düşürsən ki, əvəzolunmaz insanlar var. Onun xeyirxah əməlləri təkcə azərbaycanlılar tərəfindən deyil, həmçinin Rusiyada, eləcə də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri tərəfindən qiymətləndiriləcəkdir. Aydın Qurbanov 70-ci və 80-ci illərin gənclərinin parlaq nümayəndəsidir. SSRİ dağıldıqdan sonra o, bugünkü müasir Rusiyanı, onun iqtisadiyyatını quran insanların sırasında olmuşdur. Aydın Qurbanov çox nüfuzlu və ciddi adam idi. Düşünürəm ki, Səməd Qurbanov atasının işinin gözəl davamçısıdır".

Aydın Qurbanovun oğlu, "Aydın Qurbanov Xeyriyyə Fondu"nun rəhbəri, ÜAK idarə heyətinin üzvü Səməd Qurbanov atasının xatirəsini əziz tutanlara və adını ehtiramla yad edənlərə minnətdarlığını bildirib: "Şəxsən mənim üçün atam əsl kişilik və öz vətənin həqiqi vətənpərvəri timsalıdır. Çox ümid edirəm ki, atama olan bu hörməti və münasibəti onun adını daşıyan oğluma ötürə biləcəyəm. Çox az adam bilir ki, atam Bakıda Müqəddəs Mirodaşıyanlar kafedral kilsəsinin bərpasından sonra Azərbaycan ərazisində məscid tikməyə başlamağı planlaşdırırdı. Təəssüf ki, xəstəlik aman vermədi”.
Birmənalı şəkildə demək olar ki, bu gün böyük xeyriyyəçi Aydın Qurbanovun işıqlı yolunu onun oğlu Səməd Qurbanov çox böyük uğurla və əzimlə davam etdirir. Səməd Qurbanovun zəhməti və əməyi hesabına Zirə qəsəbəsində Cümə məscidinin tikilib, inanclı insanların ixtiyarına verilməsi böyük xeyriyyəçiliyin nümunəsidir və A.Qurbanovun yarımçıq qalan işlərinin davam etdirilməsinimn göstəricisidir.
Qeyd etmək lazımdır ki, 1990-cı illərdən fəaliyyət göstərən “Aydın Qurbanov Xeyriyyə Fondu” da həm Azərbaycan və həm də Rusiyada yaşayan imkansız ailələrə böyük köməkliklər edir. Bu Fondun sayəsində istedadlı azərbaycanlı gənclər Rusiyanın beynəlxalq səviyyəli ali məktəbləri olan Moskva Dövlət Universitetində və Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil alırlar. Eləcə də Mərdəkan və Şüvəlanda yerləşən internat məktəblərinin əsaslı təmiri, dərs vəsaitləri ilə təmin olunması və mütəmadi ərzaqla təchizatı da məhz bu Fondun hesabınadır. Ulu Öndər Heydər Əliyev Aydın Qurbanovun Azərbaycan üçün gördüyü böyük işləri yüksək qiymətləndirirdi və onunla görüşündə də minnətdarlığını bildirmişdi. Hətta onların görüş səhnəsində çəkilən və bu gün bizim üçün yadigar qalan şəkil də bu insanların bir-birinə necə böyük hörmət etdiklərini zahiri formada sübut edir.
Aydın Səməd oğlu Qurbanov 50 yaşında sağalmaz xərçəng xəstəliyiyə tutuldu. Onu müalicə etmək mümkün olmadı. Ömrürün çiçəklənən dövründə həyata əlvida dedi. Bu il dünyaya gəlişinin 68 ili tamam olan və dünyasını dəyişməsindən 19 il keçən Aydın Qurbanovu heç kim yaddan çıxarmır. Onu tanıyan insanlar böyük hörmətlə Aydın Qurbanovun işıqlı xatirəsini yad edirlər.
İ.ƏLİYEV
P.S. Aydın Səməd oğlu Qurbanov haqqında bizə geniş və ətraflı məlumatı bacısı oglu, Azərbaycan Atıçılıq Federasiyasının vitse-prezidenti Bəyəli Hacıyev verdi və buna görə, ona təşəkkürümüzü bildiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB