Şanlı Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşməni məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etməsi və ərazi bütövlüyümüzü bərpa etməsindən bir il ötür. Ötən il sentyabrın 27-si səhər saatlarından başlanan və 44 gün davam edən Vətən müharibəsi böyük zəfərlə başa çatdı. Azərbaycanın yeni tarixinə yazılan bu zəfər, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətini, xalqımızın qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Erməni işğalında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Noyabrın 8-də sübh tezdən Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın bir müddətdə həsrətlə gözlədiyi qələbə müjdəsini Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Bəli, Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra – noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.

Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən ideyaları, Ali Baş Komandanı İlham Əliyevin sərkərdə qətiyyəti, Azərbaycan xalqının əzmi və iradəsi, xalqımızın birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu dünya hərb tarixində şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğunu sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Ali Baş Komandan İlham Əliyev qurucu lider, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə həkk etdi

Artıq bir ildir ki Azərbaycan illərdir həsrətində olduğu, səbrsizliklə gözlədiyi tarixi və qürurverici günlər yaşayır: Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz tərəfindən sözdən gerçəyə çevrilir. İndi azadlığına qovuşmuş və hər qarışı müqəddəs olan torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasından keçirdiyimiz qürur hissini sözlə ifadə etmək heç də asan deyil.

44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev siyazi uzaqgörənliyi, polad əzmi və qətiyyəti ilə 30 ilə yaxın davam edən gedişatı dəyişdi, Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, Qarabağın işğaldan azad olunmasını təmin etdi. 44 günlük müharibə zamanı bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidentinin və Ordusunun gücünü gördü. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan bu gün öz tarixi torpaqlarına, doğma Qarabağımıza qayıdır və artıq həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan Ordusunun uğurlarının kökündə Prezident İlham Əliyevin 2003-cü ildən bəri davam etdirdiyi uğurlu daxili və xarici siyasət dayanır. Məhz bu siyasət nəticəsində peşəkar ordu quruculuğu, yüksək diplomatiya, iqtisadi sahədə saysız-hesabsız nailiyyətlər qazanıldı. Cəmi 44 günə təmin olunan böyük Qələbənin qazanılması üçün illərdir düşünülmüş planlı siyasət həyata keçirildi. Ötən illərdə Azərbaycan çeşidli təzyiqlərlə, siyasi çəkişmələrlə üzləşsədə, dövlət başçımız bir addım olsun belə geri durmadı, prinsipiallıq nümayiş etdirdi, ölkəmizi iqtisadi və hərbi cəhətdən inkişaf etdirdi.

Elə 44 günlük müharibə zamanı da Azərbaycan Prezidenti ölkəmizə edilən təzyiqləri böyük ustalıqla dəf etdi. Məhz bu fəaliyyət sayəsində müharibənin gedişatında ölkəmizi dəstəkləyən dövlətlərin sayı artdı.

Beləliklə, ötən dövrdə səbirlə, təmkinlə yürüdülən siyasət nəticəsində qüdrətlənmiş Azərbaycan təkbaşına haqqı, ədaləti, beynəlxalq hüququ bərpa etməyə nail oldu. İndi bütün dünya haqqa söykənən Azərbaycanın artan gücü ilə də hesablaşmaq məcburiyyətindədir.

Ölkədə milli həmrəyliyi, xalq-iqtidar birliyini daha da gücləndirən dövlət başçımız Azərbaycan xalqının onun ətrafında sıx birləşməsinə, dərin etimadına, inam və dəstəyinə güvənib şərəfli və çətin missiyanı həyata keçirdi. Müharibə günlərində Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Həm bu birlik, həm dövlət başçısının sərkərdəlik məharəti və şanlı ordumuzun əzmkarlığı, həm də qardaş Türkiyənin siyası və mənəvi dəstəyi nəticəsində Azərbaycan haqq savaşından böyük zəfərlə çıxdı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin qisası alındı. Təəssüf ki, müharibə itkilərsiz olmur. Haqq savaşımızda minlərlə şəhid verdik. Qəhrəman şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq və gələcək nəsillər onları hər zaman fəxrlə, qürurla yad edəcəklər. Azərbaycanın şanlı bayrağı isə işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq!

30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. O bölgələrdə geniş quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimiz bərpa olunur və orada həyat yenidən canlanmaqdadır. Qarşıdakı illərdə də sözügedən bərpa və quruculuq işləri davam etdiriləcək və bütün Qarabağ cənnətə çevriləcək.

Tofq Cahangirov

YAP İdarə Heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə