Komitə sədri zorakılığa məruz qalmış 11 yaşlı qız haqqında danışdı - AÇIQLAMA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 yaşlı qızın ailədə seksual zorakılığa məruz qalması ilə bağlı məsələyə münasibət bildirib. SİA xəbər verir ki, Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, belə hallar müxtəlif səbəblərlə bağlı ola bilər: “Məsələn ailədaxili münasibətlər, onların şüur səviyyəsi, iqtisadi durumu və digər səbəblərdir. Bütün bunlar araşdırma prosesində üzə çıxacaq. İlk növbədə diqqətimizi cəmiyyətdə kök salmış mənfi stereotiplərə yönəltməliyik. İnkişafımıza, bugünkü səviyyəmizə uyğun gəlməyən halların qarşısını almaq üçün o stereotiplərə qarşı müharibə elan etməli, davamlı olaraq sona qədər mübarizə aparmalıyıq”.
Dövlət komitəsinin sədri təəssüflə vurğulayıb ki, müvafiq qurumlar bu hadisə baş verdikdən sonra məlumat əldə edib: “Ancaq yaxın ətraf, insanlar bu məsələyə yanaşmada düzgün mövqe tutsaydılar müvafiq qurumlar, məktəb, yerli icra hakimiyyəti məsələ ilə əlaqədar zamanında tədbir görə bilərdilər. Ailə də bu məsələni gizli saxlayıb, yaxud özlərinin dırnaqarası söylədiyi kimi vaxtında anlamayıblar. Digər insanlar da bunu ailənin daxili işi hesab ediblər. Lakin bütün cəmiyyəti silkələyən, narahat edən, həyəcanlandıran bir məsələ ailədaxili məsələ ola bilməz. Çünki bu sonradan cəmiyyətin və dövlətin probleminə çevrilir. Buna görə də yaxın ətraf bu cür məsələlərdə diqqətli olmalı, uşağa dəstək verməli, vaxtında müdaxilə etməlidir. İndiki halda bütün bunlar olmayıb və biz acı nəticə ilə üz-üzə qalmışıq. Belə olan halda müvafiq qurumların atacağı addımlar var. İlk olaraq dövlət komitəsi səlahiyyətləri çərçivəsində xəstəxanada qızın psixoloji durumu ilə maraqlandıq, müvafiq psixoloji iş aparıldı. Eyni zamanda bu ailədəki sosial-psixoloji durumla maraqlandıq. Nəzərə alınmalıdır ki, qızın kiçik qardaşı var. Bizim nümayəndələr, yerli monitorinq komissiyasının üzvləri ailədə oldular. Məlum oldu ki, azyaşlı oğlanın özünün də dəstəyə ehtiyacı var”.
B.Muradova iki gündür ki, qızın xəstəxanadan çıxdığını bildirib: “Qız, qardaşı və anası ilə birlikdə dövlət sığınacağına yerləşdirilib, reabilitasiya proqramına cəlb olunublar. Onlara hər cür dəstək göstəriləcək”.
Komitə sədri deyib ki, çox təəssüf ki, mətbuatda və sosial şəbəkələrdə bu məsələ bütün incəliklərinə qədər müzakirə olundu, konkret adlar, ünvanlar verildi, hətta şəkillər dərc olundu: “Bunlar qətiyyən qəbuledilməzdir. Hətta, insanlar bu məsələdə dövlət qurumlarını dəqiq məlumat verməməkdə suçlamağa qədər gedə bilirlər. Həssas-sosial qrupla işin əsas tələbi ondan ibarətdir ki, konfidensiallıq qorunmalı, konkret adlar, ünvanlar, şəkillər göstərilməməlidir. Cəmiyyətə və mətbuata bununla bağlı çağırış edirik ki, bu cür məsələlərə həssas yanaşılsın”.
B.Muradova bu cür həssas məsələlərlə bağlı indiyə qədər jurnalistlərlə təlimlərin təşkil edildiyini, bundan sonra gələcəkdə də MEDİA ilə birlikdə belə təlimlərin daha da artırılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB