“Qarabağnamə” əsərinin təqdimat mərasimi olub - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xalq rəssamı Sakit Məmmədovun 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağnamə” əsərinin təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, tədbirdə deputatlar, xarici ölkələrin səfirləri, YAP İdarə Heyətinin üzvləri iştirak ediblər.

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Zəfər Günü müstəqillik tariximizin ən mühüm hadisəsi, qələbə dastanıdır: “Azərbaycan multikultural ölkədir, müxtəlif xalqlar sülh şəraitində yaşayır. Vətən müharibəsində dini, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin Prezident İlham Əliyevin ətrafında birləşməsi milli həmrəyliyin növbəti nümunəsi oldu, xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdi”.

T. Budaqov qeyd edib ki, bu günkü əsərlər bir azərbaycanlı rəssamın dünya ölkələrinin mədəniyyətinə baxışıdır: “Azərbaycan dövlətinin siyasi və iqtisadi qüdrəti işğaldan azad edilmiş torpaqları cənnətə çevirməyə imkan verir. Azərbaycan xalqının Zəfər salnaməsi həm də sənət adamlarının xüsusi diqqət mərkəzindədir. Xalq rəssamı Sakit Məmmədovun 8 noyabr – ZƏFƏR Gününə həsr edilmiş əsəri xalqımızın vətənpərvərlik ruhunun gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır, belə əsərlərin yaranmasına stimul verəcək”.

YAP Mərkəzi Aparatının rəhbəri Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin Vətən müharibəsində Zəfərin əldə olunmasında mənəvi, siyasi dəstəyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycana və Türkiyəyə sülh, rifah arzulayıram”.

Xalq rəssamı Sakit Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində şanlı bir səhifə olduğunu vurğulayıb və sənət xadimlərinin bu şanlı tarixə hər zaman diqqət yetirəcəyini bildirib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Binəli Yıldırım deyib ki, keçən il Azərbaycana səfərdən 3 gün sonra Şuşanın azad edildiyi və savaşın Azərbaycanın Zəfəri ilə yekunlaşdığını böyük sevincə öyrəniblər: “Türkiyə xalqı sizinlə sevindi, Zəfəri sizinlə yaşadı”.

B. Yıldırım deyib ki, Ermənistanın işğalı nəticəsində 1 milyona qədər insanın məcburi köçkün vəziyyətinə düşməsi Azərbaycanın qanlı yarası idi: “Əgər BMT problemləri həll edən struktur olsa idi, 30 il ərzində bu problem həll edilərdi. Buna görə Azərbaycan, hörmətli Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlanılması barədə əmr verdi. Biz qardaşlarımızın Zəfəri üçün həmişə tək ürək olduq. Prezident İlham Əliyevin dediyi kimi, 44 günlük savaşda “Bir millət, iki dövlət” olduğumuzu bir daha ortaya qoyduq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyirəm. Azərbaycan xalqı bu Zəfərin qürurunu ən gözəl şəkildə yaşayır. Biz də bu sevincə ortaq olmaq üçün millət vəkilləri ilə aranızdayıq".

B. Yıldırım bildirib ki, Türkiyənin hakim partiyası olaraq Azərbaycanın iqtidar partiyası olan YAP-la əlaqələri genişləndirirlər: “Məqsədimiz əməkdaşlığı daha da gücləndirməkdir".

B. Yıldırım Zəfər gününə həsr olunmuş “Qarabağnamə” əsərini yüksək qiymətləndirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə