Fikir vermisinizsə, bir qrup insan oturub söhbət edərkən belə, fikri telefonda, əsasən isə sosial şəbəkələrdə olur. Sosial şəbəkələr əslində günümüzün tələbidir və bundan qaçmaq da olmur, amma baxır necə istifadə edirsən. Hər bir işdə olduğu kimi, bunun da mənfi və müsbət tərəfləri var. Doğru istifadə etdikdə, faydası çoxdur, əks halda, sadəcə, vaxt itkisidir. Məlumdur ki, sosial şəbəkələrdə qeyri-etik informasiyaların sayı da az deyil. Bəs görəsən insanlar sosial şəbəkələrdə nəyi qeyri-etik hesab edirlər. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Ömər Yılmaz: “Bir neçə il əvvəl sosial şəbəkələrdə bu qədər uyğunsuz məlumatlar paylaşılmırdı. Lakin, son zamanlar mobil tətbiqlərdəki videolar insanı özündən çıxarır. Çox açıqlığa yer verilir. Məncə, bu kimi videolar həmin tətbiq tərəfindən bloklanmalıdır”.
Şəhər sakini Ziyafət İsmayılova: “Bəzi insanlar nalayiq ifadələrdən istifadə edirlər ki, bu da doğru deyil. Çünki, sosial şəbəkə bütün insanlar üçündür. Bu kimi davranışları etməzdən əvvəl hər kəs öz gələcəyini də düşünməlidir ki, onların da övladları böyüdükdə valideynlərinin videolarına baxıb utanc hissi duymasınlar. Hər kəs sosial şəbəkəni müsbət yöndə istifadə etsə daha əlverişli və yaxşı olar”.
Şəhər sakini İsa Səfərov: “Bu gün sosial şəbəkələr vasitəsilə bizi maraqlandıran hər bir məlumatı asanlıqla əldə edə bilirik. O cümlədən köhnə dost-tanışları tapa, keçmiş münasibətləri bərpa edə, ünsiyyəti genişləndirə, yeni tanışlıqlar yarada bilirik. Sosial şəbəkədən söhbət məqsədilə istifadə edənlərin sayı daha çoxdur. Əslində, ondan müzakirə, diskussiya üçün istifadə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaq daha faydalıdır. Təəssüf ki, bizdə qədərindən artıq, özü də lazımsız yerə istifadə edənlərin sayı daha çoxdur”.
Şəhər sakini Nazlı Əhmədova: “Ən çox məni o narahat edir ki, istifadə edənlər rəy bildirdikdə nalayiq ifadələrdən istifadə edirlər. Bu sosial şəbəkələri böyüklərdən əlavə uşaqlar da istifadə edir. Onlar isə nə görürlərsə onu götürməyə meyillidirlər. Düşünürəm ki, bu sosial şəbəkələrdən uşaqların da istifadə etdiyini nəzərə alsınlar”.
Şəhər sakini Kamil Məmmədov: “Mən özüm sosial şəbəkələrdən istifadə etmirəm. İlk başlarda nəvəm mənim evdə darıxdığımı düşünərək telefonuma bəzi proqramlar yüklədi. Lakin, gördüklərimdən heç də məmnun qalmadım. Gənclər həddən artıq açıq paylaşımlar edirlər. Hər kəs də bunu normal qəlul edir, yəni, bu artıq normallaşıb. Məncə, bu kimi videolar gənclərə və uşaqlara mənfi təsir edə bilər”.
Şəhər sakini Nailə Tahirova: “Bu şəbəkələrdən istifadə səbəbim ölkədə və dünyada baş verən hadisələri, yenilikləri daha tez və rahat formada öyrənməkdir. Sosial şəbəkələrin mənfi və müsbət tərəfləri olduğu danılmazdır. Bu da ondan hansı məqsədlə istifadə edilməsindən çox asılıdır. Yəni bu vasitədən müəyyən müddət ərzində istifadə etmək, gün ərzində daha çox vaxt almasına imkan verməmək lazımdır. Həddindən artıq istifadə başqa işlərə həvəssiz yanaşmağa, tənbəlliyə, psixoloji problemlərin artmasına gətirib çıxarır”.
Şəhər sakini Natiq Musayev: “Müsbət tərəflərinə baxmayaraq sosial şəbəkələrin mənfi tərəfləri daha çoxdur. Sosial şəbəkələr insanların internet asılılığını artırmaqla yanaşı, onları müasir həyatdan uzaqlaşdırır, beyinlərini yuyur və robot kimi sanki özünə tabe etdirir. Ən başlıcası, insanlarda mənəvi dəyərləri məhv edir və onları real həyatdan uzaqlaşdırır. Məsələn, əgər real həyatda insanlar dostları ilə görüşür, ünsiyyət qurur, paylaşırlarsa, sosial şəbəkə insanın vaxtını və ömrünü real olmayan, virtual bir həyata sərf etməyə məhkum edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə