Azərbaycan Respublikasının Dövlət bayrağı qürur mənbəyimizdir - MƏQALƏ
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllələrini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.
Bu gün qürur duyduğumuz bayrağımızın tarixi Azərbaycan Xalq Cumhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edimişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsadətə baxılmış və “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən
Dövlət bayrağı elan etmişdir. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.
Ulu öndər Heydər Əliyev demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.
Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi.
Bizim bayrağımız bizi təmsil edən qürur mənbəyimizdir. Dostlarımızı sevindirən, düşməni xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını, onun gücünü, qüdrətini, əzəmətini bütün dünyaya sübut etdi. Artıq üçrəngli bayrağımız Qarabağda dalğalanır.
Məhbubə Kazımova
Bakı şəhəri 234 nömrəli tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB