Zəfər Günü ilə bağlı paytaxt sakinlərinin TƏƏSSÜRATLARI NECƏDİR? - SORĞU

27 sentyabr 2020-ci il tarixinda Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı təxribat törətməyə başlamışdır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi siyasət nəricəsində 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycan Ordusu bu yolda saysız uğurlar əldə etmiş, torpaqlarımızı işğaldan azad etmişdir.

Hazırda şəhərdə hazırlıq işləri gedir. Zəfər Gününə az qalıb. Bu neçə ildir gözlədiyimiz, həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad olunduğu tarixdir. Bu zəfəri tarixə biz öz qanlarımızla həkk etdik. 44 günlük müharibə dövründə neçə-neçə canlar verdik. Düşmənlərin məsum xalqımıza qarşı etdikləri terrorların hamısı göz qabağındadır. Onlar nə qədər çalışsalar da bizim içimizdəki vətən, torpaq eşqini söndürə bilmədilər və söndürə bilməyəcəklər. Bəs görəsən bu tarixi Zəfər Günü ilə bağlı şəhər sakinləri hansı hisləri keçirirlər. SİA olaraq bu məsələ ilə bağlı sorğu keçirdik:

Şəhər sakini Çingiz İskəndərov: “Biz bu Zəfəri neçə ildir ki, gözləyirdik. Allaha şükür ki, torpaqlarımız artıq azaddır. 8 noyabrda Zəfər tariximizin 1 illiyini qeyd edəcəyik. Xalq olaraq işğal olunmuş torpaqlarımızın anım gününü yox qələbə gününü qeyd edəcəyik. Əlbəttə qürurlu bir hadisədir".

Şəhər sakini Emilya Məcidzadə: "Hamımızın qürur duyduğu bir andır. Şəhidlərimizin, qazilərimizin igidliyi sayəsində torpaqlarımız işğaldan azad olundu və ən əsası cənab Prezidentimizin yeritdiyi uğurlu siyasət nəticəsində biz bu günləri gördük. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin".

Şəhər sakini Lətif Qocayev: "Çox şadıq. Allah bizə bu günləri göstərdi. Mənim 82 yaşım var. Mən hər zaman arzu edirdim ki, Allah mənim canımı torpaqlarımız işğaldan azad olmayınca almasın. Şəhidlərimizin, əsgərlərimizin, qazilərimizin qarşısında baş əyirəm".

Şəhər sakini Gülüstan Rzayeva: "İlk olaraq bütün şəhid analarının qarşısında baş əyirəm. Biz bu qələbəni onlara, əsgərlərimizə borcluyuq. Sonra da öz xalqımızı təbrik edirəm. Gözümüz aydın olsun. Vətən torpağı geri qayıtdı".

Şəhər sakini Emin Əliyev: "Bir azərbaycanlı kimi Zəfər Günü münasibətilə böyük bir qürur hissi keçirirəm.Cənab Prezidentin apardığı daxili və xarici siyasəti çox bəyənirəm. Bu Azərbaycan xalqının, türk dünyasının qələbəsidir. İllərdir Azərbaycan xalqı zülm çəkib. Bizim bir milyondan çox qaçqınlarımız olub. Axırkı onlar öz vətənlərinə qovuşdu. Bu bizim üçün bir qürurdur".

Şəhər sakini Sevda Quliyeva: "Müharibədə çox can verdik. Çox şəhid itirdik. Allah hər birinə rəhmət eləsin. Amma torpaqlarımızı düşmən tapdağı altında qoymadıq. Allah Prezidentimizin canını sağ eləsin. Onun komandanlığı, hərbi-strateji tapşırıqları altında bu gün torpaqlarımız azaddır".

Şəhər sakini Məsmə Nuriyeva: "Mən özüm Şuşadanam. Torpaqlarımızın azad edilməsi mənim üçün başqa bir sevincdir. Mənim doğulub-böyüdüyüm vətənim işğaldan azad olunub. Bunların hər biri əsgərlərimizin və Ali Baş Komandanımızın hünəridir. Allah əsgərlərimizi qorusun. Şəhidlərimizin yeri cənnət olsun, qazilərimiz tez bir zamanda sağlamlığına qovuşsun".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə