Qadın, yoxsa kişi olmaq daha çətindir? - CƏMİYYƏTİN BAXIŞI - SORĞU
Həm kişilər, həm də qadınlar öz fikirlərini, hislərini və emosiyalarını sözlə ifadə edirlər, ancaq bəzən bir-birini anlamaqda çətinlik çəkirlər. Buna səbəb məntiq və düşüncənin fərqli olmasıdır. Məntiq intellektual fəaliyyətin qanunlarını, düşüncənin xüsusiyyətini öyrənən elmdir. Həyatımızın müxtəlif sahələrinə dair qərarlar qəbul edərkən, biz öz məntiqimizə söykənirik. Qadınlar və kişilər məhz bu amilə görə əhəmiyyətli dərəcədə seçilir. Bəs görəsən insanlar qadın, yoxsa kişi olmağı çətin bilirlər? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Cabir Rəşidov: “Məncə, qadın olmaq daha çətindir. Onlar, hər an təhlükədə olduqlarını hiss edirlər və daima özlərini qorumaq məcburiyyətində qalırlar. Kişilər isə belə problemlərlə demək olar ki, üzləşmir. Elə hallar olur ki, qarşımıza çıxdıqda şoka düşürük, günahsız qadınlar heç bir səbəb olmadan həyat yoldaşları, sevgililəri tərəfindən öldürülürlər. Ona görə də əgər nə vaxtsa bir daha dünyaya gəlsəm qadın olaraq gəlmək istəməzdim”.
Şəhər sakini Sayala Nəzərova: “Fikrimcə, mən özüm də bir qadın olduğuma görə, istəyərəm ki, digər həyatımda kişi olaraq yaşayım. Çünki onlara qadağa yoxdu. Dəfələrlə şahidi olmuşam ki, evdə yaşayan üç uşaqdan biri qız olduqda həmin qıza qardaşları qadağalar qoyur, onun istəkləri yerinə yetmir. Həmin qız böyüyüb ailə sahibi olduqda isə düşünür ki, yoldaşım kişidirsə, deməli, o, hər sözü deyə bilər, qadağalar qoya bilər və səhv addım atsam, o məni vura da bilər. Belə ailələrdən çıxan övladlar təbii ki, həyata başqa tərzdə yanaşayacaqlar”.

Şəhər sakini Samir Məcidov: “Təbii ki, qadın olmaq daha çətindir. Kişi olmağın da çətinlikləri çoxdu. Yəni, əsgərliyə getməlisən, gəlib normal bir iş tapmalısan və ailə qurmalısan. Gətirdiyin qazanc ilə ailənə korluk çəkdirməməlisən. Ancaq qadın olmaq özü böyük səbr tələb edir. Onlar oxuyub təhsil alırlar, evlənirlər və çox vaxt şahidi oluruq ki, onların aldıqları diplomu çamadanın hansısa cibində saxlayırlar. Çünki onların yoldaşları qoymur ictimaiyyətə çıxmağa və öz xanımlarına xeyli qadağalar qoyurlar. Ona görə də, mən bir daha dünyaya xanım olaraq gəlmək istəmərəm”.

Şəhər sakini Könül İbrahimova: “Məncə hər ikisi çətindir və hər birinin ayrı çətinlikləri vardır. Əgər kişi olmaq asandır desəm, yanılmış olaram, çünki kişi olmaq da çətindir, daima ailənə qazanc gətirməli olursan. Çətin vəziyyətdə olduqda çox vaxt ailənə deyə bilmirsən, onların pis olmasını istəmirsən. Ancaq qadın olmağın çətin tərəfləri kişilərə görə daha çoxdur. Onlar həmişə dünyaya gətirdikləri övladlarını bir ömür nəzarətdə saxlamalıdırlar, onların tərbiyəsi ilə ciddi maraqlanmalıdırlar. Buna görə də, hər iki tərəfin də özünəməxsus çətinlikləri var”.

Şəhər sakini Fəridə Alıyeva: “Təbii ki, qadın olmaq daha çətindir, kişi olmaq isə nisbətən asandır. Mən çox istəyərdim ki, kişi olaraq doğulum, çünki onların kimdənsə icazə almalarına və yaxud nəyisə əldə etmələri üçün gözləmələrinə ehtiyac yoxdur. Bu, əvvəldən belədir, evdə olan oğlan uşaqlarına anaları daha çox qayğı diqqət ayırır, nəinki qızlara. Onlar nə istədi anında edirlər və onlara hər şeyi əlçatan edirlər. Həmin uşaq da böyüyəndə düşünür ki, bəli mən kişiyəmsə qarşımdakı xanım nə dedim etməlidir. O mənim sözümdən çıxa bilməz. Məhz buna görə də məncə qadın olmaq daha çətindir”.
Şəhər sakini Nəzakət Rəhimova: “Qadın kimi doğulmaq, yaşamaq, yaşamağa çalışmaq çox çətindir. Bəzən bütün divarları yıxaraq ayaqları üzərində dayanmağa çalışır və çox vaxt da haqsız çıxarılır. Qadın hər hərəkətində, hər cümlələrində və hər addımında kiməsə aid olduğunu unutmamalıdır. Kişi isə tam əksinə çox azad böyüdülür və həyatının sonuna qədər də bu belə davam edir. Buna görə də qadın olmaq daha çətindir”.
Şəhər sakini Nadir Səfərov: “Bunu hamımız bilirik ki, "Cənnət anaların ayaqları altındadır" və bu söz əbəs yerə deyilməyib. Çünki qadın bu həyatda daha çox əziyyət çəkir, vuruşur və çox şeyə dözür. Onlar öz övladları üçün təhqirə və hətta şiddətə də dözürlər. Camaat nə deyər düşüncəsi bizim cəmiyyətin beynindən çıxmaq istəmir, onlar azad yaşamaq istəmirlər və istəyirlər ki, onları qoruyan hansısa bir varlıq olsun. Hər kəsi qoruyan Allahdır və bunu da deyə bilərəm ki, qadınlar bu həyata sevilmək üçün gəliblər. Onlar hansısa kişi ilə döyülmək üçün ailə qurmurlar. Onlara sadəcə qayğı və sevgi lazımdı. Lakin əfsuslar olsun ki, bəzi kişilər bunu anlamayacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB