Uşaq zorakılığı azalmaq əvəzinə NİYƏ ÇOXALIR? - CƏMİYYƏTİN BAXIŞI - SORĞU
Yer üzünün mələkləri uşaqlardır. Uşaqlar bizə Allahın əmanətidir. Onları qorumaq bizim borcumuzdur. Onlar bizim gələcəyimizdir. Hər bir valideyn övladına qarşı düşüncəli, həssas, mərhəmətli yanaşmalıdır. Onların dediklərinə qulaq asmaq, fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Uşaq hüquqlarını pozan bütün hallar zorakılıq hesab edilir. Böyüklərin kobud davranışları onların şəxsi inkişafına, sağlamlığına və ləyaqətinə mənfi cəhətdən təsir edir. Amma ölkəmizdə son zamanlarda azyaşlı uşaqlara qarşı istismar halları artıb. Bəs bunun səbəbi nədir? Nə üçün bu hallar azalmaq əvəzinə daha da artır? SİA bu məsələ ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib:
Şəhər sakini Nazpəri Əhmədova: "Valideynlər övladlarına sahib çıxmalıdırlar. Düzünü demək lazımdırsa, hazırkı dövrdə psixologiyaya dırnaqarası baxılır. Lakin məncə hər bir insan evlənmədən öncə ailə psixologiyasına dair kitablar oxumalıdır, istər uşaqların yetişdirilməsi ilə bağlı, istərsə də ailə modelinin necə qurulması ilə bağlı mütləq kitablar oxunmalıdır. Savadsızlıq, cahillik baş alıb getdiyinə görə uşaqlara qarşı zorakılıq halları da artıb. Ona görə də valideynlər indiki dövrdə daha ehtiyatlı olmalıdır. İstər məktəbdə, istərsə də bağçada uşaqlar nəzarət altında olmalıdır".
Şəhər sakini Günel Eyvazlı: "Bütün bunlar valideyn nəzarətsizliyindən irəli gəlir. Elə son günlərdə 11 yaşlı qızın zorakılığa məruz qalması da valideyn nəzarətsizliyindəndir. Uşaqlar hələ özlərini dərk edənə qədər, özünü idarə etməyi öyrənənə qədər gərək onlara nəzarət edilsin".
Şəhər sakini Mirfazil Həsənov: "Birincisi və hər şeydən önəmli olaraq insanın gərək özündə vicdan olsun. Uşaqlara necə rəftar etmək lazım olduğunu bilsin. Onu dərk etməlidirlər ki, qarşılarındakı məsum körpədir. Onlara qarşı ən cüzi bir yanlış onların gələcəyinə təsir edir".
Şəhər sakini Təranə Süleymanova: "Axır zamanlarda belə hadisələr tez-tez baş verir. Mən bilmirəm bunlar hara gedib çıxır. Əlbəttə ki, belə hadisələr cəmiyyət tərəfindən pis qarşılanır. Mən də bir anayam. Allah heç bir anaya övlad dağı göstərməsin. Bu hadisələr analar üçün bir dağdır, ölümə bərabər bir şeydir. Məncə, belə, bu cür vicdansız adamlar hər kəsin gözünün qabağında cəzalandırlımalıdır, bunların cəsazı ölüm olmalıdır. Edam etmək lazımdır ki, hamı bundan dərs çıxarsın. Uşaqlara qarşı təcavüzün kökü kəsilsin".
Şəhər sakini Əli Bayramov: "Mənə elə gəlir ki, belə insanlar beyinsiz insarlardır. Bu cür vəhşilikləri heç heyvanlar da eləmir. Hər insan övlad sahibi ola bilməz. Bu cür vəhşiliklər azalmaq əvəzinə çoxalır. Bunu cəzasını ən ağır şəkildə ödəməlidirlər. İnsanlığa sığmayan hərəkətlər edirlər, cəzasız qalırlar deyə bu hallar çoxalır".
Şəhər sakini Həmayıl Cəbiyeva: "Uşaqlara başa salmaq lazımdır ki, həyətə çıxanda hər adama qoşulmaq olmaz, tanımadığınız adamdan nəsə götürmək olmaz, tanımadığın adamla söhmət etmək olmaz. Çünki insanlar indi tamam dəyişib. Əvvəllər insanlar hamı bir-birinə yardım edərdi, etibar edərdi. Amma indi insanlar elə bil vəhşiləşib. Əvvəllər uşaqlara elə mehriban münasibət göstərilirdi. İndi hər kəs uşaqları başından eləmək üçün əllərinə telefon verirlər. Onlarla maraqlanmırlar".
Şəhər sakini Banu Məsimova: "Uşaqlara düzgün tərbiyə vermək lazımdır ki, onlar böyüyəndə özlərinə düzgün mövqe tutsunlar. Böyüyüb kimisə bədbəxt etməsinlər. Uşaqlara qarşı zorakılıq edən səxslərin özü də bir vaxtlar uşaq olublar. Onlar düzgün tərbiyədə yetişdirilsəydi, belə istismarların sayı azalardı".
Şəhər sakini Nəsir İskəndərov: "Mən sovet adamıyam. O zamanlar belə şeylər çox az hallarda baş verərdi. 11 yaşlı qız uşağına qarşı bunu etmək vəhşilikdir. Bunda biz hamımız günahkarıq. Özünü idarə edə biləyən insanlar valideynlik edəndə axırı belə olur. Ona görə uşaq sahibi olmaq da böyük məsuliyyət tələb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB