Ordun varsa yurdun var!
44 günün qəhrəmanlıq dastanı

Vətən mənə oğul desə nə dərdim?!

Mamır olub qayasında bitərdim.

M.Araz

Nədir Vətən? Vətən anadır! Necə ki, anan sənin üçün müqəddəsdirsə Vətən də elə olmalıdır. Vətən bir millətin varlığının, şüurunun birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi etibarlıdır. Vətən sadəcə coğrafi məkan deyil, dədə-babalarımızın illərlə öz qanları bahasına qoruyub bizə miras olaraq ötürdükləri müqəddəs yerdir. İnsan mənəviyyatını müəyyən edən əxlaqi prinsiplərdən biridir Vətən sevgisi. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır.

Bizim vətənimiz Azərbaycandır! Cənubi Qafqazın Şərqində yerləşən, qədim mədəniyyət və tarix beşiyi olan Azərbaycan böyük strateji əhəmiyyətə malikdir. Elə bu səbəbdən də zaman-zaman işğallara, hərbi təcavüzlərə məruz qalmışdır. Azərbaycan dövlətçiliyi müstəqillik, suverenlik uğrunda böyük mübarizələr apararaq formalaşmış, çoxsaylı faciələr, qanlı-qadalı hadisələr yaşamış, şəhidlər vermişdir. Lakin bunlar xalqımızın mübarizə əzmini qırmamış, əksinə düşmənə qarşı nifrət və qisas hissini daha da artırmışdır.

Arzuolunmaz qonşu və mənfur düşmən Ermənistan daima doğma torpaqlarımıza göz dikmiş, fürsət yaranan kimi müxtəlif təxribatlar törətməklə torpaqlarımızı işğal etmış və insanları öz dədə-baba yurdlarından didərgin salmışdır. Azğın düşmən qoca, körpə demədən soydaşlarımızı vəhşicəsinə qətlə yetirməklə çox sayda bəşəri faciələr törətmişdir. Ermənistan 28 il torpaqlarımızı işğal altında saxlamış, bununla da BMT qətnamələrini kobud şəkildə pozmuşdur.

İşğalçı ordu atəşkəsi pozmaqda davam edirdi. Düşmənin növbəti təxribatı 2020-ci ilin iyul ayında baş verdi. Tarixə “ Tovuz döyüşləri” adı ilə daxil olan bu qarşıdurmada da ordumuz misilsiz qəhrəmanlıq göstərmişdir. Tovuz döyüşlərində xüsusi şücaət və sərkərdəlik nümayiş etdirən general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olmuşdur. Bu hadisələr bardağı daşıran son damla oldu və xalqımızda qisas hissini daha da artırdı. İnsanlar könüllü ordu sıralarına yazılmağa və vətəni müdafiəyə qalxdı.

2020-ci il sentyabrın 27-də düşmənin yenidən atəşkəs rejimini pozması ilə əks-hücum əməliyyatı başladı. Şanlı Azərbaycan Ordusu düşmənin 28 il işğalda saxladığı torpaqların böyük bir hissəsini azad edərək Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi haqqında mifi darmadağın etdi, işğal dövründə qurduqları mühəndis-istehkam qurğularını yerlə yeksan edərək Ordumuzun gücünü, qəhrəmanlığını bütün dünyaya, dosta-düşmənə göstərdi.

Azad edilmiş torpaqların hər bir qarışı əziz olduğu qədər də müqəddəsdir. Çünki orada hərbçi əməyi, əsgər cəsarəti, şəhid qanı var. Xalqımız hər gün bir rayonun işğaldan azad ediləcəyi xəbərini səbirsizliklə gözləyir, bir gün o torpaqlara gedəcəyi günü arzu edərək nisgilli qəlbinə təskinlik verirdi. Torpaqların işğaldan azad edilməsi xalqımızda yüksək əhval-ruhiyyə yaradırdı. İllərdir düşmən tapdağında olan Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam və Xocavənd rayonunun bir hissəsinin alınması bizi qələbəyə, qələbəmizin simvoluna çevrilən Xarı Bülbülün vətəni Şuşaya yaxınlaşdırırdı.

Şuşa şəhərinin işğaldan azad edilməsi isə müharibənin həlledici anı olmuş və Azərbaycana böyük strateji üstünlük gətirmişdir. Dağlıq Qarabağın tacı, döyünən ürəyi, muğamın beşiyi Şuşa nəhayət ki, düşmən tapdağından azad edildi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda qayalıqları dırmaşaraq, yüngül çaplı silah-sursat ilə Şuşaya daxil olmuş, əlbəyaxa döyüşərək düşməni vahiməyə salmış və geri çəkilməyə məcbur etmişdir. Şuşanın azad edilməsi ilə Azərbaycan hərbçiləri müzəffər Ordunun gücünü, qüdrətini, cəsarətini, vətən sevgisini dünyaya göstərərək qəhrəmanlıq dastanı yaratdı.

Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın azad edilməsi bizim gücümüzü, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini göstərdi. Şuşanın götürülməsi böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bizim igid hərbçilərimiz dağlardan, cığırlardan keçərək şəhəri azad ediblər. Bu bizim şanlı qələbəmizdir”.

Prezident İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad edilməsi tarixi “Zəfər günü” kimi təsis edildi. Hər il bu tarix qəhrəmanlıq salnaməsi kimi təntənəli şəkildə qeyd ediləcək. Qalibiyyət rəmzi olan 10 dekabr “Zəfər Paradı” isə Azərbaycanın dövlətçilik tarixində misilsiz hadisədir.

Bəli, Azərbaycan əsgəri əsl rəşadət, igidlik sərgilədi. Müzəffər Ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə böyük örnək oldu.

44 gün davam edən “Dəmir yumruq” əməliyyatında Azərbaycan Ordusu 2907 şəhid vermişdir. Həmçinin müharibə zamanı azğın və hiyləgər düşmən Gəncə, Bərdə, Tərtər, Ağdam, Ağcabədi kimi şəhərlərimizi top və ballistik silahlarla atəşə tutmuş, çoxsaylı dağıntılar törətmiş, mülki şəxslərin ölümünə səbəb olmaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın qədim və ikinci böyük şəhəri olan Gəncəyə atılan raket zərbələri nəticəsində içərisində körpə və azyaşlı uşaqlar olmaqla xeyli sayda vətəndaşımız dağıntılar altında qalaraq həlak olmuşdur. Bütün bunlar xalqın əzmini qırmamış, xalqımız öz faciəsini vətənin azadlığına qurban vermiş, haqq savaşında ordumuzu daim dəstəkləmişdir.

Müharibə iki istiqamətdə - cəbhədə və masada gedirdi. Müzəffər Ordunun igid, qorxmaz əsgərləri düşmən ordusunu darmadağın edərkən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsini, ədalət savaşını dünya mediasına çatdırırdı. Bəzən kinayə ilə suallar verərək Ermənistanı dəstəkləyən bəzi xarici müxbirlərə əsaslı və tarixə söykənən cavablar verərək həqiqəti çatdırmış, onları əsl lider kimi susdurmağı bacarmışdır. Diplomatik sahədə və informasiya müharibəsində qazandığımız uğur Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün böyük əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır və Ordumuz çox çətin coğrafi relyefi olan torpaqlarımızı işğaldan azad edib. Müzəffər Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətini təsdiqlədi, Azərbaycan bu qələbə ilə tarixi nailiyyətə imza atdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Ordumuzun misilsiz qəhrəmanlığı və cəsarəti, əsgərlərimizin canı, şəhidlərimizin qanı və xalqımızın birliyi hesabına qazandıq. 44 günlük qəhrəmanlıq savaşımız qürur mənbəyimiz olaraq tarixdə qalacaq, əsgər və şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillərə örnək və ibrət olacaqdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən vətən fədaisi şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyir, onların əziz ruhları qarşısında baş əyirik.

Gülnarə Vəlisoy,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə