Kişilər niyə qadınlarla bazarlığa və alış-verişə getməyi sevmir? Sorğu

Kişilər niyə qadınlarla bazarlığa və alış-verişə getməyi sevmir? Sorğu

Alış-verişə gəlincə, xanımlar üçün hər şey unudulur. Xanımların, xüsusən də, özlərini pis hiss etdikdə, həyat yoldaşları və ya sevgililəri ilə mübahisə etdikdə fikirlərini dağıtmaq və özlərini yaxşı hiss etmək istədikləri zaman alış-verişə getmələri mütləqdir. Ciblərində pulu olmasa belə, qadınlar vitrinlərə baxaraq belə əsəblərini sakitləşdirə bilir, gün boyu daha rahat və sakit davranırlar. Ancaq bu, çox vaxt kişilərin heç xoşuna gəlməyəcək bir vəziyyət deyil. Çünki əksər kişilər zərurətdən xanımını və ya sevgilisini incitmək istəmədikləri üçün birlikdə alış-verişə gedirlər, lakin bu vəziyyət onları çox narahat edir. Xanım əri və ya sevgilisi ilə alış-verişə getmək istəsə də, kişi bu barədə kifayət qədər tərəddüd edir. Çünki qadınlar alış-veriş edərkən kişilər onları boş-boş gözləməli olur və tez sıxılırlar. Ona görə də sevgilisi və ya həyat yoldaşı ilə alış-verişə getmək kişilər üçün çox darıxdırıcı və çətindir. Görəsən, insanlar bu mövzuda nə düşünür? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Afiq Yolçuzadə: “Çünki xanımlar əgər səhər evdən çıxırlarsa, günün sonuna qədər paltar mağazalarını gəzirlər. Həmin xanımın yoldaşı da, sadəcə, çanta daşımaq vəzifəsinə sahibdir ki, xanımın alış-veriş zamanı aldığı geyimləri məhz yoldaşı daşısın. Elə xanımlar da var ki, heç nəyi bəyənmirlər, onlarca mağazaya girib bir geyimlə çıxırlar və bu da çox qıcıqverici bir haldı. Bu səbəbdən də kişilər xanımlarla alış-verişə getmək istəmirlər, bilirlər ki, onları bu kimi problemlər gözləyir”.

Şəhər sakini Günel Nəzərova: “Xanımlar çox gəzməyi sevirlər. Mən də bir xanım olduğuma görə, deyə bilərəm ki, nəyisə internetdən görüb bəyənirəmsə, onu şəhər mağazalarında axtarmaq üçün çox vaxtım gedir. Çünki internetdə alış-veriş səhifələrində paylaşılan paltarları mağazalarda tapmaq çətindir və şəhər mağazalarının çoxunda da eyni paltarlar var. Hansı mağazaya girirsən digər mağazada olan .geyimlərdən onlar da satırlar. Məncə, mağazalar da fərqliliyə əl atsalar daha yaxşı görünər. Bəylər də xanımları ilə alış-verişə çıxarkən bezməzlər”.
Şəhər sakini Məhəmməd Xəlilov: “Evliliyimin ilk vaxtlarında yoldaşım hiss edirdi ki, bu vəziyyət məni sıxır. Bir neçə dəfə onunla çıxdıqda deyindiyim üçün, artıq yoldaşım bunu anladı və özü tək başına alış-verişə getdi. Məncə, kişilər xanımlarla ona görə getmək istəmirlər ki, bəzi xanımlar alış-veriş asılılığına sahibdirlər. Nəticədə həmin kişinin cibində pul qalmır. Bəzi xanımlar isə nə gördü alırlar və sonradan onu geyinməyib qarderobun hansısa rəfində saxlayırlar. Buna görə də bəzi xanımlarla alış-verişə getmək çox bezdiricidir”.

Şəhər sakini Fəridə Cəlalova: “Alış-veriş mövzusunda kişilər çox səbirsizdir. Xanımla şəhərə çıxanda həmişə tələsdirirlər. Onların dillərindən “tez ol” kəlməsi düşmür. Fikrimcə, onlarla alış-verişə getmək də sıxıcıdır. Çünki seçməyə, baxmağa imkan vermirlər. Ona görə də, məncə xanımlar təkbaşına çıxsalar daha rahat olarlar. Ancaq elə ailələr var ki, xanımın yoldaşı da xanımla birlikdə paltarlar seçir, geyimlərə öz fikrini bildirir. Düşünürəm ki, belə kişilər çox kübar və səbirli varlıqlardır”.

Şəhər sakini Nəriman Vəliyev: “Xanımlar çox pul xərcləyir, bəyəndi-bəyənmədi nə isə alırlar. Bəlkə də heç geyinməyəcək geyimləri də alırlar və israfçılıq edirlər. Buna görə də kişilər xanımlarla alış-verişə çıxmaq istəmir. Bu, onların həm cibinə, həm də əsəblərinə pis təsir edir. Yaxşı olar ki, gənc xanımlar rəfiqələri və yaxud dostları ilə alış-verişə çıxsınlar”.

Şəhər sakini Elçin Nəsirov: “Çünki xanımlar çox pul xərcləyirlər. Bu da kişiləri narahat edən əsas məsələlərdəndir. Evə gələn qazancı evin xanımı çox vaxt alış-veriş üçün ayırır. Bu da ailənin maddi vəziyyətinin çətinləşməsinə səbəb olur. Məncə, xanımlar da düzgün xərcləsələr və alıqları geyimi və s. düzgün dəyərləndirsələr, kişilər də bundan bezməz”.

Şəhər sakini Aytən Babayeva: “Məncə bu, xanımlar üçün bir növ terapiyadır. Çünki mən də özümü çox pis hiss edəndə alış-verişə getməyə ehtiyac duyuram və bu, normal haldır. Kişilər bəlkə də bunu anlamaz, amma xanımlar üçün bu, çox vacib məsələdir. Əsasən də depressiyaya düşmüş insanlara alış-veriş çox müsbət təsir göstərə bilər. Mən bir xanım olaraq deyə bilərəm ki, kişilər öz xanımları ilə alış-verişə pozitiv bir sima ilə getsələr və xanımlarına hansısa geyimi seşməkdə köməklik etsələr onlara bu hal sıxıcı gəlməz”.

Şəhər sakini Sarina Bədəlova: “Mən onları qınamıram, çünki biz xanımlar bəzən çox çürükçü davranırıq. Əgər yoldaşınız sizinlə getmək istəmirsə getməsin. Bunun üçün ondan küsməyə gərək yoxdur. Şərt o deyil ki, ancaq sizinlə getməlidir. Bəzən siz onu kişi mağazalarına aparın paltar seçməkdə köməklik edin və yaraşıb yaraşmadığını deyin. Məncə, onun bundan sonra fikirləri dəyişəcək və bu hərəkətinizə qarşılıq verəcək”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə